...

Azərbaycan istəyinə çatdı - Paşinyan daha iki dəfə düşünə bilməyəcək!

Siyasət Materials 15 May 2023 08:03 (UTC +04:00)
Azərbaycan istəyinə çatdı - Paşinyan daha iki dəfə düşünə bilməyəcək!
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Ermənistan şərti sərhədinin Kəlbəcər-Basarkeçər istiqamətindəki atışmaların bir neçə gündür ki, davam etməsi sülh danışıqlarının növbəti dəfə deaktivləşməsi üçün rəsmi İrəvanın növbəti cəhdidir.

Ermənistanın İranın verdiyi zərbə dronlarından istifadə etməsi, "D-30" topları digər havadarlarının ona ötürdüyü yeni hərbi texnikalarla mövqelərimizi atəşə tutaraq işğal planlarını açıq-aşkar ortaya qoyması deməyə əsas verir ki, İrəvan üçün sülh, sabitlik, regional təhlükəsizlik prioritet deyil. Bu istiqamətdəki bütün addımlar görüntü yaratmaq xatirinə Ermənistan siyasi rəhbərliyinin növbəti oyunudur.

Ən maraqlı məqam ondan ibarətdir ki, İranın Azərbaycana qarşı istifadə etmək üçün Ermənistana bağışladığı zərbə dronlarının Azərbaycanla Ermənistan orduları arasındakı kəskin balans fərqini və geosiyasi nəticələri dəyişə biləcəyinə ümidlənən İrəvan sadəcə, məhvi prosesini sürətləndirir.

Elə son insidentlərdə də Azərbaycan Ordusunun qarşı tərəfin hərbi infrastrukturunu, dron idarəetmə məntəqəsini dəqiq zərbələrlə məhv etməsi bir daha təsdiq etdi ki, Ermənistanın Azərbaycanla hərb meydanında baş-başa gəlməsi üçün ona verilən bütün bu silahlar, hərbi texnika yetərli deyil və təxribat cəhdləri sadəcə hər dəfə "Yerablur" qəbiristanlığında yeni məzarların qazılması ilə nəticələnəcək.

Rəsmi İrəvanın sərhəddəki toqquşmalarla Prezident İlham Əliyev və Nikol Paşinyan arasında bu gün (mayın 14-də) dekabrdan bu yana dondurduğu Brüssel görüşünün nəticələrinə təsir etməyi planlaşdırdığı gün kimi aydın idi. O da aydındır ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin sərhəddə ard-arda təxribatlar törətməsinin, mövqelərimizə hücum planı qurmasının arxasında əsas olaraq d qarşıdan gələn Brüssel, olacağı iddia edilən Moskva və Kişinyov görüşlərindəki danışıqlarda əlini gücləndirmək məqsədilə edilən gediş idi. Lakin bunun yekun sülhə böyük zərbə olduğunu da rəsmi İrəvan çox yaxşı başa düşür. Gedişat isə Ermənistanın hələ də özünün işğalçı siyasətindən imtina etmədiyini sübut edir.

Bakı sülhə hazır olduğunu isbat etdi

Doğrudur, Vaşinqtonda 4 gün ardıcıl Ermənistan və Azərbaycan XİN başçıları arasında keçirilən görüşlərdə və bu gün Prezident İlham Əliyevlə Ermənistan baş naziri arasında gerçəkləşən növbəti Brüssel görüşündə yekun sülh üçün bütün komponentlərdə razılıq əldə olunmadı. Lakin Azərbaycan bundan daha vacibinə nail oldu.

Azərbaycan üçün Ermənistanın sülh sazişi imzalayıb-imzalamayacağının elə də böyük əhəmiyyəti yoxdur. Eyni ilə Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Ermənistan sülh istəmirsə, sülh olmayacaq".

Çünki bu gün 3-4 il əvvəlki geosiyasi reallıq mövcud deyil. Azərbaycan 44 gün ərzində 30 illik işğala son qoymaqla regiondakı vəziyyəti tamamilə öz xeyirinə dəyişməyi bacardı, üstəlikdə postkonflikt dövründə dünyanı bu reallığı qəbul etdirməyi bacardı.

Bakı üçün indiki mərhələdə əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Qərbi və ABŞ-ı sözügedən görüşlər zamanı sülhə maraqlı tərəf olduğumuzu göstərə, inandıra bildik. Bu nəticə Azərbaycana imkan verəcək ki, Ermənistanın ərazilərimizə təcavüz məqsədi ilə hərbi təxribatları, eskalasiya planları zamanı qarşı tərəfə daha adekvat, daha sərt cavablar verilsin. Bu zaman isə heç kim, heç Ermənistanı bu gün Azərbaycana qarşı təxribatlara şirinikləşdirən, körükləyən havadarları da xilas edə bilməyəcək.

Azərbaycan isə əvəzində haqlı olaraq bu gün moderatorluq edib, Ermənistanı ipə-sapa yatırmaqda çətinlik çəkən istər Şarl Mişelin rəhbərlik etdiyi Avropa İttifaqına, istərsə də Vaşinqtona özündən daha əmin şəkildə deyə biləcək ki, siz bizim sülh paketimizlə tanış idiniz və gördünüz ki, orada beynəlxalq hüquqdan kənar hər hansı bir məsələdən söhbət belə getmirdi. Hətta özünüz də bu şərtlərin ən uyğun variant olduğunu dəfələrlə təsdiqlədiniz. İştirakınızla keçirilən danışıqlarda kimin sülhə mane olduğu, kimin düstruktiv mövqedən çıxış etdiyini də gördünüz.

Beləcə Azərbaycan 44 günlük müharibənin gedişatında qlobal güclərin üzləşdiyi təzyiqlərini də bu mərhələdə dəf etmiş olacaq və rəsmi Bakı 3 il əvvəl yarımçıq qalan bəzi məsələlərini tamamlamaq üçün Ermənistanın ona alternativ saxlamadığı güc dilini yenidən işə salmağa ciddi zəmin əldə edəcək.

Əslində, Azərbaycanla arasındakı hərbi ritorikanı saxlamaqla bu yolla sülh gündəliyini faktiki olaraq baykot etməyə çalışan Ermənistandan Bakının Brüssel görüşündə gözləntiləri elə də yüksək deyildi.

Lakin bu, indiki situasiyada Bakını heç narahat etmir. Çünki Azərbaycan, onsuz da, demək olar ki, artıq bütün platformalarda mövqelərini bərkidir və sərfəli nəticələrlə oradan ayrılır.

Belə görünür ki, Vaşinqtonda və Brüsseldəki müzakirələrdə faktiki olaraq növbəti dəfə destruktivlik nümayiş etdirən İrəvan özünü manipulyasiyalar üçün Moskva və Kişinyov görüşlərinə hazırlayır.

Paşinyanın məqsədi baş tutacağı təqdirdə Fransanın əsas moderatoru olacağı Kişinyov görüşündən karlı çıxmaqdır. Elə buna görə də Ermənistan sərhəd hücumu ilə Brüssel, Moskva və Kişinyov danışıqlarının gündəliyini dəyişmək, Fransanın olacağı masaya qədər prosesi pozmaq niyyətini gizlətmədi. Bu isə bir daha təsdiq edir ki, Paşinyan hazırda sadəcə sülhün imitasiyası ilə məşğuldur. Elə onun ordusuna Azərbaycanın mövqelərini dronlarla vurmaq əmri də blefdən başqa bir şey deyil. Bunu Azərbaycan əsgəri cavab tədbirləri ilə anında təsdiqlədi.

Yaxşı olar ki, Ermənistan hərbi-siyasi rəhbərliyi bundan sonra suyu da üfləyə-üfləyə içsin. Çünki Brüssel görüşündən sonrakı Azərbaycanın daha kəskin cavabı ilə qarşılaşacaqları istisna edilmir. Bunun üçün həm beynəlxalq hüquq normaları çox tutarlı əsas yaradır, həm də öz ərazi bütövlüyünü təmin etmək, onun təhlükəsizliyini qorumaq, təhdidlərə qarşı qabaqlayıcı tədbirlər görmək hər bir dövlət kimi Azərbaycanı da anoloji addımlar atmaq məcbutiyyətində qoyur. Qoparacağı isə bu dəfə kimin başı olacaq, bunu Nikol Paşinyan və komandası düşünməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti