...

Azərbaycanın Türkiyə və Pakistanla münasibətləri xüsusi əhəmiyyət daşıyır – Vüqar İskəndərov

Siyasət Materials 16 İyun 2023 16:48 (UTC +04:00)
Azərbaycanın Türkiyə və Pakistanla münasibətləri xüsusi əhəmiyyət daşıyır – Vüqar İskəndərov

Bakı. Trend:

Azərbaycanın Türkiyə və Pakistanla olan münasibətləri xüsusi əhəmiyyət daşıyır.

Trend xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov TurkicWorld-a özəl açıqlamasında deyib.

“Ümumiyyətlə, ölkəmiz hər zaman Türk və İslam dünyası ilə sıx münasibətlər qurub. Pakistanla Azərbaycan arasında yüksək səviyyədə iqtisadi, siyasi, mədəni, hərbi və enerji sahəsindəki əlaqələr yüksək xətlə inkişaf edib”, - deyə o əlavə edib.

V.İskəndərov onu da bildirib ki, Pakistan bu günə qədər Ermənistanı dövlət kimi tanımayan və diplomatik əlaqələr qurmayan yeganə ölkələrdəndir.

“Pakistan Azərbaycanın Qarabağda haqq savaşında da yanında olub və ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan da öz növbəsində Kəşmir məsələsi ilə bağlı Pakistanı dəstəkləyir”, - deyə millət vəkili vurğulayıb.

V.İskəndərovun sözlərinə görə, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının bir yerdə dalğalanması ölkələrimizin sarsılmaz münasibətləri olduğunu bütün dünyaya bəyan etdi.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşü zamanı qeyd etdi ki, Pakistan Baş nazirinin Azərbaycana səfəri ölkələrimiz arasında tərəfdaşlıq, dostluq və qardaşlıq zəminində qurulmuş münasibətləri daha da möhkəmləndirəcək. Bu baxımdan, Azərbacan və Pakistan arasında istər ticarət dövriyyəsinin artırılması, istər hərbi sənaye kompleksi formatındakı iki tərəfli münasibətlər daha da inkişaf edəcək”, - deyə o bildirib.

Qeyd edək ki, 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti