...

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına yeni rol və funksiya təklif etdi - Aydın Quliyev

Siyasət Materials 6 İyul 2023 16:56 (UTC +04:00)
Prezident İlham Əliyev Qoşulmama Hərəkatına yeni rol və funksiya təklif etdi - Aydın Quliyev

Bakı. Trend:

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər konfransı çərçivəsində aparılan müzakirələr, razılaşmalar və qəbul olunmuş sənədlər ümumən hərəkatın inkişaf və formalaşma tarixində möhtəşəm səhifə açır.

Azərbaycanın 4 illik sədrliyi dövründə əldə olunmuş böyük nəticələr nümayiş etdirdi ki, bu hərəkatın çərçivəsində həm təşəbbüskarlıq imkanları böyükdür, həm də hərəkat böyüdükcə onun dünya siyasətinə təsirləri də böyüyür. Məhz bu təşəbbüslərin əhəmiyyətinə işarə edən Prezident İlham Əliyevin görüş çərçivəsində verdiyi bir sıra bəyanatlar sərrast və dəqiq olmaları ilə diqqət çəkir. Məsələn, "İnstitusional davamlılığa doğru bu addımlarla biz gələcək sədrlərə mütləq uğurlu miras qoyacağıq", - Prezident İlham Əliyev belə deyib.

Azərbaycanın 4 illik sədrliyi dövründə Qoşulmama hərəkatı pandemiya kimi böyük bəlaya qarşı qlobal qüvvələrin toparlanmasına ilk təşəbbüs edən çağırış etdi, çağırışa uyğun BMT - nin sessiyasının keçirilməsinə nail oldu, hamının vaksinlərə ədalətli çıxış imkanı kimi güclü ideyanı yaratdı, postpandemiya bərpa işlərinin ən səmərəli yollarını ilk müzakirəyə çıxaran qurum oldu, hərəkatın yeni strukturlarını yaratdı və sair. Bunlar özlüyündə böyük nəticələrdi və Prezident İlham Əliyevin onları hesabat formasında təqdim etməsi həm də elə bir yeni yol açır ki, bu yolda Qoşulmama hərəkatı yeni geosiyasi sistemə doğru sürətlə yerimək gücü qazanır.

Daha aydınlıq olsun deyə, prezidentimizin bu fikrini də xatırladaq ki, Qoşulmama hərəkatı formalaşmaqda olan yeni dünya düzənində öz yerini tutmalıdır. Prezident İlham Əliyevin sözlərinin mənasını "mürəkkəbləşməkdə olan dünya proseslərinin içində yox olub getməməli, yeni güc imkanları taparaq daha təsirli qüvvəyə çevrilməlidir" kimi başa düşməliyik .Yeni dünya düzəni deyəndə ilk növbədə mütləq dəyişilməyə möhtac yeniləşmiş BMT və onun yeni Təhlükəsizlik qurumunun formalaşdırılması nəzərdə tutulur. Köhnəliyin qalığı kimi xarakterizə olunan BMT-nin yeniləşdirilməsi diskussiyalarının kəskinləşdiyi vaxtda Azərbaycan Prezidenti Qoşulmama hərəkatına yeni rol və yeni funksiya təklif edir. Bu təkliflər əslində hərəkatı təzə mərhələyə çıxarmaq gücündədir və hər şey hərəkata yeni sədrlik edəcək ölkənin Azərbaycan Prezidentinin sxemlərinə nə qədər düşünülmüş mövqe göstərməsindən asılı olacaq. Prezident İlham Əliyevin təşəbbüslər sxeminə uyğun olaraq Qoşulmama hərəkatı yeniləşmiş BMT- nin TŞ-də veto hüquqlu üzv statusu qazansa, ən böyük nəticələrdən biri dünyada müstəmləkə siyasətinin son qalıqlarının məhvindən ibarət olacaq.

Hərəkatın Bakıda nazirlər toplantısının əsas hədəflərindən biri məhz bu istiqamətdə Fransa müstəmləkəçiliyinin kökünün tam kəsilməsi perspektivi ilə bağlı oldu. Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması, müstəmləkə cinayətlərinin qurbanı olmuş ölkə və xalqlara kompensasiya ödənilməsi üzərində razılaşmanın əldə olunması uzun, lakin perspektivli və təsirli fəaliyyət istiqamətidir. Belə ki, Bakı Təşəbbüs Qrupu çox yaxın perspektivdə Paris Muzeyində hərbi qənimət kimi (rüsvayçılığa baxın, insan başları hərbi qənimət kimi gətirilib) saxlanan əlcəzairli qəhrəmanların başlarının Əlcəzairə qaytarılmasına, habelə Fransa prezidentinin keçmiş müstəmləkə xalqlarından üzr istəməsinə nail ola bilər. Bundan sonra isə xalqlara müvafiq kompensasiyaların ödənilməsi üçün beynəlxalq hüquqi mexanizm və prosedurların yolu açılacaq. Qayana, Yeni Kaledoniya, Qvadelupa, Polineziya və sair kimi ölkələrin xalqları müstəmləkə zülmündən tam azad olaraq sivil ölkələrin dünya ailəsinə qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti