...

Separatçı ermənilər sonu yaxınlaşdırır: cavab sərt olacaq

Siyasət Materials 18 İyul 2023 13:30 (UTC +04:00)
Separatçı ermənilər sonu yaxınlaşdırır: cavab sərt olacaq
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Araik Arutyunyan "ciddi təhlükə" saydığı hadisələər reaksiya qismində oturaq aksiyaya qoşulan ilk separatçı lider oldu. Vəziyyət o qədər tragikomikdir ki, ermənilər belə, onu ələ salırlar

Xankəndindəki separatçı rejimin rəhbəri Araik Arutyunyan dünən iş otağında kameralar qarşısına keçərək "xalqa müraciət" edib.

Hansısa mifik "Azərbaycan-Qarabağ münaqişəsi"ndən bəhs edən A.Arutyanyan deyib: "Biz bu münaqişənin bütün komponentlərin həll edilməsi üçün Azərbaycanla müzakirələrə hazır idik. Lakin Azərbaycan beynəlxalq birlik tərəfindən cəzasız qalması nəticəsində bizimlə dialoq aparmaq istəməyərək repressiyaların sərtləşdirilməsi və qarabağlı ermənilərin köləyə çevrilməsi yolunu seçib. Laçın yolundakı blokadanın davam etdiyi zaman ərzində ümid edirdik ki, beynəlxalq birlik konkret addımlar atacaq. Lakin eşitdiyimiz yalnız vədlər oldu. Təhlükəsizlik və humanitar sahələrdə yaxınlaşan fəlakəti nəzərə alaraq son addımı atdım, yəni şəhərin mərkəzi meydanında vətəndaşların başladıqları oturaq etiraz aksiyasına qatıldım. Əgər beynəlxalq birliyin müdaxiləsi nəticəsində vəziyyətimiz yaxın bir həftə ərzində normallaşmasa, həm burada, həm də sərhədlərimizdən kənarda daha sərt tədbirlərə əl atacağıq. Taleyüklü anları yaşayırıq", - Araik Arutyunyan deyib.

Araik Arutyunyan çıxışından sonra Xankəndinin mərkəzindəki İntibah meydanında qurulmuş çadırlardan birinə yollanıb, masa arxasına keçərək əyləşib və bununla da guya oturaq etiraz aksiyası keçirənlərə qatılıb.

Separatçı rejimin liderinin bu demarşı əslində zavallılıq, yazıqlıq, çarəsizlik və ən mühümü - siyasi korafəhmiliklə aqressiv separatizmin təzahürüdür.

Arutyunyan Azərbaycanla Qarabağ arasında münaqişədən bəhs edir və anlamaq istəmir ki, Bakının Qarabağla heç bir münaqişəsi olmayıb, ola da bilməz - çünki Qarabat Azərbaycanın tərkib hissəsi, ərazisidir. Bizim problemimiz Qarabağda, hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan ermənilərin separatçı təşkilatları, silahlı dəstələri və meylləri ilə bağlıdır.

Bəhs etdiyimiz problem də ən qısa vaxtlarda həllini tapacaq - qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi başlanacaq, onlarla müzakirələr və dialoq ölkə Konstitusiyası çərçivəsində aparılacaq. Təbii ki, qarabağlı ermənilərin bütün iddialarına və isterik bəyanatlarına rəğmən, onların hüquqları və təhlükəsizliyinin təminatı mexanimi Azərbaycanın digər vətəndaşlarına şamil edilən hüquqlar, öhdəliklər, azadlıqlardan artıq olmayacaq.

Araik Arutyunyanın beynəlxalq birliyin Azərbaycana qarşı cəza tətbiq etməməsi ilə bağlı iddiası isə aşkar separatçı həyasızlığı və demaqogiyadır.

Qarabağlı ermənilərin yaşadıqları areal Azərbaycan əraziləri, onlar da Azərbaycan sakinləridir.

Sadəcə, hələlik Ermənistan pasportu daşıyan, de-yure Ermənistan vətəndaşı hesab edilən, de-fakto isə Ermənistanın vətəndaş qismində tanımadıqları insanlar olan qarabağlı ermənilər Xankəndindəki separatçı rejim tərəfindən idarə olunduqlarından onların statusları mücərrəddir.

Qarabağlı ermənilər Azərbaycan sakinləri olsalar da, Azərbaycan pasportu daşımırlar — Ermənistan pasportu daşısalar da, Ermənistan vətəndaşları hesab edilmirlər.

Bakının başlayacağı reinteqrasiya qarabağlı ermənilərin mövcud vəziyyətdə üzləşdikləri bütün problemləri həll edəcək.

Problemlər isə çoxdur - işsizlik, gələcəklə bağlı ümidsizlik, perspektivlərin yoxluğu, qorxu və xof.

Reallıq Araik Arutyanyan və ya Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarında səslənən fikirlərin tam əksidir. Belə ki, qarabağlı ermənilərin bir qismi 30 ildən bəri davam edən mücərrədlikdən usanıblar, onlar Azərbaycan pasportu almağa etiraz etmirlər. Radikalizm, separatçılıq meyllərindən əl çəkməyən, daşnak düşüncəsi ilə yaşayan qarabağlı ermənilərə gəldikdə, onlar üçün yol açıqdır - buyursunlar, Azərbaycanı tərk etsinlər, milli-azadlıq hisslərini və milli müqəddəratın özünütəyini problemini dünyanın istənilən başqa ölkəsində həll etməyə çalışsınlar.

Laçın yolundakı sərhəd nəzarət-buraxılış məntəqəsinə və guya blokadaya gəldikdə isə, ermənilərlə onlara hamilik edən, daha doğrusu, ermənilərdən alət kimi öz maraqları üçün istifadə edən dövlətlərlə beynəlxalq təşkilatların, siyasətçilərin və s.-nin bəyanatları, tələbləri və çağırışları isə marazmdır.

Azərbaycan niyə, nə üçün və hansı səbəbdən sərhədinin bir qismini könüllü şəkildə dəlməli, ermənilərin Ermənistandan Xankəndinə, Xankəndindən də Ermənistana heç bir nəzarət, təftiş və yoxlama olmadan hərəkətlərini, yükdaşımalarını təmin etməlidir?

Dünya praktikasında belə presedent olmayıb və yoxdur. Rəsmi Bakı dəfələrlə danılmaz təsbitlərlə sübut edib ki, Azərbaycanın sırf humanizm və şəfqət prinsiplərini rəhbər tutaraq 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra uzun müddət zəruri yoxlamalarla təftişi tətbiq etmədiyi Laçın yolu ilə ermənilər Ermənistandan Xankəndinə ərzaq, gündəlik tələbat malları, yanacaq, dərman preparatları və s. ilə yanaşı, silah-sursat, canlı qüvvə, minalar daşıyıblar.

RSK-nın yerləşdiyi ərazilərdən təbii ehtiyatlarımızın barbarcasına talanması nəticəsində əldə edilmiş filiz, minerallar, taxta-şalban və s. Ermənistana aparılırdı.

Azərbaycanlı ekoaktivisitlərin Laçın yolundakı dinc aksiyası, sonra isə Laçında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması bu qanunsuzluğa son qoydu.

Rəsmi Bakı bütün bunları beynəlxalq hüququn prinsipləri və normaları çərçivəsində reallaşdırıb, heç bir beynəlzalq aktı və ya dövlətlərarası anlaşmanı pozmayıb.

Araik Arutyunyanın Bakı ilə dialoq barədə dedikləri də həyaszılıqdır, çünki rəsmi Bakı üçün Arutyunyan və onun ətrafındakılar, habelə özlərini qarabağlı ermənilərin liderləri qismində təqdim edənlər heç kimdir.

Bu adamların əksəriyyəti hərbi cmnayətkarlardır və Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlərə görə ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

Bakı yalnız qarabağlı ermənilərin normal, sivil və adekvat təmsilçiləri ilə dialoq apararaq reinteqrasiyaya başlayacaq.

Ən nəhayət, Arutyunyanın bir həftə vaxt verməsinə və hədələri… Xankəndindəki separatçı rejimin lideri bu açıqlaması ilə faktiki və praktiki olaraq separatçı rejimə edam qərarı verib. Rəsmi Bakı RSK-nın məsul olduğu arealdakı erməni silahlı dəstələrinin tərksilah ediliməsini, bu silahlıların potensial diversant olduqlarını, Azərbaycanın dinc vətəndaşları üçün real təhdid və böyük təhlükə mənbəyinə çevrildiklərini bəyan edir.

RSK bilərəkdən həmin silahlı dəstələrə dəstək verir, onları qoruyur, ermənilərin mövqelərinə silah-sursat, ərzaq və yanacaq daşımalarının təhlükəsizliyini təmin edir. Məqsəd bölgədəki gərgindiyin nizamlanması prosesini mümkün qədər uzatmaq, indiki arealda 2025-ci ildən sonra da qalmaqdır.

Ancaq RSK 2025-ci ildə Azərbaycanı tərk edəcək: həmin vaxta qədərsə erməni silahlı dəstələr tərksilah olunacaq.

Bir həftə vaxt verilməsi isə…

2022-ci ilin dekabrın 26-da qarabağlı erməni separatçıları RSK komandanı general Andrey Volkova 48 saat vaxt vermişdilər. Artıq 203 gün keçib.

Bu ilin aprelin 28-də separatçılar Bakıya 7 gün vaxt vermişdilər. Artıq 80 gün keçib.

Bu ilin iyulun 5-də separatçılar Rusiya Federasiyasının prezidenti Vladimir Putinə 7 gün vaxt vermişdilər. Artıq 12 gün keçib.

Bu ilin iyulun 12-də s epartçılar iki gün sonra ən radikal və ən qəti addımlar atacaqlarını demişdilər. Artıq 5 gün keçib.

… Xankəndindəki separatçı rejimin rəhbəri Araik Arutyanyan istədiyi qədər oturaq aksiyada otura bilər. Onu iki yol gözləyir - ya həbsxana kamerasına, ya da özünü inadla prezident adlandırmağa davam edərsə ruhi xəstəxanaya.

Qarabağlı separatçılara artıq vida messici verildi - separatizmin sonu çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti