...

Ağdam yolunda rəzil şou: erməni xəstəliyi müalicə olunmur

Siyasət Analytics 19 İyul 2023 13:11 (UTC +04:00)
Ağdam yolunda rəzil şou: erməni xəstəliyi müalicə olunmur
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Dünən Ağdam-Əsgəran yolunda baş verənlər ermənilərin onsuz da şikəst tarixlərinə zülmətdən qara hərflərlə yazılacaq. Olmayan maşın karvanının qarşısını almaq üçün yolu bağlayan erməniləri elə öz soydaşları "axmaq, təlxək və yaramaz" adlandırdılar

Əmir Kusturitsa və ya Federiko Fellininin belə həsəd apara biləcəyi mizansəhnələr dünən Ağdam-Əsgəran yolunda yaşanıb.

Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi arealda yaşayan ermənilər dünən Əsgəran yaxınlığında yola çıxıblar. Onlar yolu üç beton blokla bağlayıblar, əllərində tutduqları plakatları yellədiblər və bəyan ediblər ki, ölərlər, amma Ağdamdan Əsgərana maşın karvanının keçməsinə imkan verməzlər.

Aksiyaya səbəb qarabağlı ermənilər arasında ildırım sürətilə yayılmış iddia olub. Həmin iddiaya görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xüsusi avtomobil karvanı Ağdam şəhərindən Xankəndinə ərzaq, dərman preparatları, yanacaq və s. yüklü olub.

Xankəndindəki separatçı rejimə təzyiqlər göstərən və qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reintqerasiyasına hər vəchlə maneələr yaradaraq vəziyyəti gərginləşdirməyə çalışan Ruben Vardanyan aksiyanın bilavasitə təşkilatçısı idi.

O, Xankəndindəki mitinqdən və şəhərin mərkəzindəki meydanda başlanmış, çadırlar quraraq oturaq etiraz aksiyası keçirən yerli ermənilərin də siyasi fəallığını maliyyələşdirdiyini etiraf edib. Halbuki həmin “fəallıq" Vardanyanın merkantil maraqlarının təminatı, separatizmin aktivləşdirilməsi və faktiki olaraq Bakıya meydan oxumaqdan ibarətdir.

Məhz R.Vardanyanın əlaltılarından olan, özünü “Gənclərin “Vernatun” Analitik Mərkəzi"nin təsisçisi və rəhbəri adlandıran Arşak Abramyan aksiyaya rəhbərlki edirdi.

"Biz Azərbaycanın bizə bu yolla məhsul və mal verməsinə qətiyyətlə etiraz edirik. Dəxli yoxdur nədir - "humanitar yardım" və ya çox aşağı qiymətə ticarət. Aydın şəkildə demişik ki, bu, bizim üçün "qırmızı cizgi"dir. Qarabağlı ermənilər sosial və iqtisadi əlaqələrini yalnız Ermənistanla gerçəkləşdirməlidir", - A.Abramyan deyib.

Aksiya iştirakçıları habelə, Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsinin "dərhal sökülməsini"ni və "qarabağlı ermənilərin Ermənistana heç bir yoxlama, təftiş, baxış və maneə olmadan gediş-gəlişinin təmin edilməsi"ni tələb ediblər.

Sonda Əsgəran yoluna yığışandar "qısamüddətli və təcili qərar" qismində "Ermənistana humanitar hava dəhlizinin açılması"nı istəyiblər.

Amma aksiyanın davam etdiyi saatlarda Xankəndindəki separatçı rejim bir neçə bəyanat yayaraq bildirib ki, Ağdamdan Əsgəran yolu ilə Xankəndinə hansısa avtomobil karvanınnı hərəkəti olmayıb, yoxdur: "Aksiya iştirakçıları şayiələrə və yanlış iddialara aldanaraq yolu bağlayıblar. Onları əmin edirik ki, əldə etdikləri məlumatların heç bir əsası yoxdur".

Yəni separatçı rejim Əsgəran yolunda aksiya keçirənlərin bilərəkdən aldadıqlarını, siyasi oyuna gətirildiklərini etiraf edib.

Həmin bəyanatlar separatçı rejimin rəhbəri Araik Arutyunyanın və ümumiyyətlə, sözügedən xuntanın arxasında duraraq ona tam dəstək verən rəsmi İrəvanın rusiyalı milyarder, erməni Ruben Vardanyana son xəbərdarlığı sayıla bilər.

Vəziyyəti maksimum gərginləşdirməyə, qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyasına və Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına hər vəchlə mane olaraq situasiyanı gərginləşdirməyə çalışan Vardanyan separatçı xuntaya qarşı mübarizəsini daha da aktivləşdirib.

R.Vardanyan Rusiyadan aldığı təlimatlar əsasında hərəkət edir və Ermənistanın baş naziri Nikol Paşinyanla onun administrasiyasının qarabağlı ermənilərə təsir imkanlarını miniuma endirməyə çalışır.

Separatçı xunta ilə Vardanyan arasındakı qarşıdurmanın təzahürlərindən olan aksiya isə siyasi debilizm nümunəsi sayıla bilər.

Ermənistan rəhbərliyi və siyasətçiləri, müxtəlif ölkələrdəki erməni diaspor təşkilatlarının rəhbərləri və xüsusilə də Xankəndindəki separatçı xunta fasiləsiz bəyan edirlər ki, qarabağlı ermənilər "blokadadır, aclıqdan ölmək həddindədir".

Yaxşı, qarabağlı ermənilər ərzaq, gündəlik tələbat malları, yanacaq və dərman preparatları təminatı baxımından, dediklərinə inansaq, ciddi çətinliklərlə üzləşiblərsə, onda nə üçün rəsmi Bakının təkliflərini maniakal inadla qəbul etmirlər?

Sualın cavabı sadədir: Ermənistan rəhbərliyi və Xankəndindəki separatçı xunta üçün Ermənistan-Xankəndi marşrutu siyasi baxımdan çox önəmli olaraq bütün dünya erməniləri üçün qarabağlı soydaşlarını "xalq", "xüsusi statusa malik etnos", "Ermənistandan ayrı olan, amma Ermənistanla bir ərazi" kimi qələmə verməyə imkan verirdi.

Rəsmi Bakı bunu bilsə də, sırf humanizm prinsiplərini rəhbər tutaraq Ermənistandan Xankəndinə və əks istiqamətdə hərəkətlə daşımaları təmin edirdi.

Bu marşrutla Ermənistandan RSK nəzarətindəki ərazilərə silah-sursat, canlı qüvvə, minalar və s. daşımaları fasiləsihz hal alanda, əks istiqamətdə də Azərğaycanın vəhşicəsinə talan edilən təbii resursları daşınanda isə Bakının səbri tükəndi.

Hazırda Laçın rayonunda, Ermənistanla şərti dövlət sərhədi üzərindəki nəzarət-burazılış məntəqəsi fəaliyyət göstərmir.

Səbəbi isə erməni tərəfdən sərhədçilərimizin atəşə tutulması, rəsmi İrəvanın bu eksseslə bağlı heç bir əməli fəaliyyət göstərməməsi və qarabağlı erməni separatçılarına dəstəyini davam etdirməsidir.

RSK-nın müvəqqəti nəzarətindəki ərazilərdəki erməni silahlı dəstələrin də ordumuzun mövqelərini və dinc sakinlərimizi sürəkli atəşə tutduqlarını nəzərə alsaq, Ermənistan 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra imzaladığı sənədlərin, anlaşmaların və bəyanatların heç birinə əməl etmir.

Belədə rəsmi Bakı məcbur qalaraq qarabağlı ermənilərin, yəni de-yure və de-fakto Azərbaycan sakinləri olan bu şəxslərin ərzağa, yanacağa və dərman preparatlarına olan tələbatlarını təmin etmək üçün Ağdamdan Xankəndində daşımaları təklif edib.

Təklif Avropa İttifaqı tərəfindən də rəğbətlə qarşılanıb, Aİ Şurasının rəhbəri Şarl Mişel tərəfindən son Brüssel görüşündə təqdir edilərək optimal variant sayılıb.

Belədə, İrəvanın, erməni diasporunun və qarabağlı ermənilərin "irad"ları primitiv demaqogiya, isteriya və gərginliyin yüksəldilməsinə yönəlmiş cəhdlər təsiri bağışlayır.

Əsgəran yolundakı aksiyanı ermənilərin özləri ələ saldıqları üçün Ruben Vardanyanın daha bir fiaskosu, erməni propaqandasının rəzaləti sayıla bilər və sayılmalıdır da.

Yola çıxan, beton blokların arxasında duraraq plakatları yelləyənləra başa salmayıblar ki, onların belə aksiyası elə "məqsəd"lərini puç etməkdir, çünki rəsmi Bakı bundan sonra separatçılara və xüsusilə də Xankəndindəki separatçı rejimə təzyiq etməyə çalışan Ruben Vardanyana qarşı daha sərt tədbirlər görə bilər.

Çünki belə aksiyalar sübut edir ki, separatçılar mənhus "Miasum" idefiksinə görə ailə üzvlərini və yaxınlarını, qocaları, qadınları. uşaqları və əlillərin mənafeyini heçə saymağa davam edirlər.

Ruben Vardanyan, onun ətrafındakı banda, RSK-nın məsuliyyət arealında olan erməni silahlı dəstələrin komandirləri və mənsubları Azərbaycan cəmiyyətinə reinteqrasiyanı istəmir, ərazilərimizin işğalını xəyal edirlər.

Həmin xəyallar isə əlinə silah almış istənilən qarabağlı ermənini legitim hərbi hədəfə çevirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti