...

Ermənilər Azərbaycanı antiterror əməliyyatına "TƏLƏSDİRİR"

Siyasət Materials 8 Avqust 2023 17:40 (UTC +04:00)
Ermənilər Azərbaycanı antiterror əməliyyatına "TƏLƏSDİRİR"
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda antiterror əməliyyatı gözləntisi biraz da artdı. Azərbaycanın legitim ərazisində, beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi çoxdan qəbul edilən Qarabağın dağlıq hissəsindəki qondarma rejim qalıqları Azərbaycana "dil uzatmağa" davam edir.

Bunu ilk olaraq Qarabağ separatçılarının qondarma "rəhbəri" Araik Arutyunyan etdi. O, günlərdir anonsunu etdiyi müsahibəsini verib və sözlərindən çıxan nəticə belədir ki, geri çəkilmək, Bakının tələbləri ilə razılaşmaq fikirləri yoxdur. Amma nə edəcəklərini, yaxud edə biləcəklərini Araik açıq şəkildə bəyan etmədi. Gedişat bizi hansı ssenariyə şahidlik edəcəyimizdən xəbər verir.

Araikin demək istədiklərini, lakin özünü sığortalamağı seçdiyindən dilə gətirmədiyini isə Ermənistandakı “Xaçlılar” silahlı dəstəsinin komandiri Sarqis Poqosyan bildirib. O, açıq-aşkar Azərbaycanı təhdid etməkdən çəkinməyib: "Saat 18:00-a qədər Qarabağa yol açılmasa, əhaliyə doyunca ərzaq verilməsə, biz yolu güc tətbiq edərək açacağıq".

Poqosyanın bu bəyanatı Azərbaycanın antiterror əməliyyatı keçirməsini daha da qaçılmaz edir. Göründüyü kimi ermənilər növbəti təxribat hazırlığı görürlər. Belə məqamda antiterror əməliyyatına başlamaqdan savayı artıq Azərbaycanın çıxış yolu qalmır. Çünki bu terrorçular məqsədlərini açıq şəkildə bildirir, silahlı mübarizə aparacaqlarını deyirlər.

İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri gedir, məcburi köçkünlər öz yurd-yuvalarına qayıdırlar. Poqosyan kimi quldur dəstələrinə rəhbərlik edən terrorçular isə bu cür təxribatlarla Azərbaycana Böyük Qayıdışla bağlı planlarını pozmaq məqsədi daşımaqla yanaşı, eyni zamanda Bakı ilə İrəvan arasında sülhə əngəl olmaq istəyirlər.

Terrorçuların belə davranışı həm quruculuq işlərinə, həm də yurd-yuvasına qayıdan insanlara böyük təhlükdən başqa bir şey deyil. Ona görə də, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün separatçı-terrorçuları zərərsizləşdirmək zərurətini hər gün daha çox hiss etməkdədir.

Bir tərəfdən sülh danışıqları gedir, digər yandan separatçılar, qeyri-qanuni silahlı dəstələr atəş açırlar, təxribatyönlü bəyanatlar səsləndirirlər. Bu isə normal vəziyyət deyil. Azərbaycanın da səbrinin həddi bir yerə qədərdir. Prezident İlham Əliyev son bəyanatının birində bir daha açıq şəkildə bildirdi ki, qanunsuz silahlılar Qarabağdan çıxarılmalıdır. Danışıqlardan anlamayan, sülh prosesini pozan ünsürlər Qarabağdan çıxarılmalı, çıxmaq istəməyənlər zərərsizləşdirilməlidir. Böyük ehtimalla bu, yaxın gələcəkdə baş verəcək. Çünki Qarabağdakı separatçılar, onlara dəstək verən dairələr rəsmi Bakıya başqa yol qoymurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti