Bakı. Trend:
Bu gün dünya düzənində Birləşmiş Ştatlardan bəhs edəndə daha çox etibarsız müttəfiq, tərəfdaş ölkələrə xəyanət edən dövlət ağıllara gəlir. Bu da səbəbsiz deyil. Çünki ABŞ-ın xarici siyasəti əsas etibarı ilə məhz bu bəhs edilən mənfi məqamlar üzərində formalaşıb.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, ABŞ-ın xarici siyasətinin məhz “etibarsız müttəfiq” prinsipi üzərində qurulduğunu müasir dövrdə Əfqanıstan, İraq, Liviya, Suriya və s. cərəyan edən proseslər də təsdiqləyir: “Təbii ki, bura ABŞ-ın tərəfdaş ölkələrə xüsusilə də Pakistan və Səudiyyə Ərəbistanına xəyanətlərini də əlavə etmək olar. Lakin bu da son deyil. Bu gün “ABŞ və tərəfdaşlara xəyanət” deyəndə ağıllara gələn həm də Vaşinqtonun Türkiyəyə yanaşması olur. Bəlli olduğu kimi, ABŞ tərəfindən NATO üzrə müttəfiqi olan Türkiyədə FETO-nun əli ilə çevriliş cəhdi edildi. Lakin türk xalqının öz dövlətinə və qanuni yolla seçilmiş hakimiyyətinə sahib çıxması, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyəti sayəsində bu çevriliş cəhdi iflasa uğradı”.
V.İskəndərov vurğulaylb ki, ABŞ yenə də dinc dayanmadı: “Bu dəfə də Türkiyədə keçirilən son prezident seçkilərində eyni xəyanətkar addım atıldı. ABŞ FETÖ-nün bütün resurslarını səfərbər edərək Türkiyədə hakimiyyət dəyişikliyinə cəhd göstərdi və təbii ki, bu dəfə də biabırçı şəkildə məğlub oldu. Çünki qardaş ölkədə xalq milli maraqlara xidmət Rəcəb Tayyib Ərdoğana birmənalı olaraq dəstək verdi”.
Deputat qeyd edib ki, ABŞ tərəfindən indi Ukraynaya qarşı da eyni xətt hiss olunmaqdadır: “Əvvəllər Ukraynanı kəskin addımlara təhrik edən və dəstək vəd edən ABŞ-ın hazırda bundan yayınmağa çalışdığı hiss olunur. Artıq Ukrayna rəsmiləri etiraf etməyə başlayıblar ki, ABŞ Ukraynanı işğalla barışmağa vadar etməyə çalışır. İstisna deyil ki, ABŞ Ukrayna məsələsində Rusiya ilə gizli sövdələşmələrə getməyə hazırlaşır. Xatırlatmaq yerinə düşər ki, vaxtilə ABŞ Azərbaycanı da torpaqlarının işğalı ilə hesablaşmağa razı salmağa çalışırdı. Təbii ki, bütün bunlar da ABŞ-ın riyakar, ikiüzlü və məkrli siyasətinin göstəricisidir. Bu, həm də sözdə dünya nəhəng, dünyada əsas söz sahibi olduğunu iddia edən Birləşmiş Ştatların, necə deyərlər, adına, çəkisinə layiq addım atmaması deməkdir. Əslində, bunu, “yalançı qəhrəman” yanaşması kimi də dəyərləndirmək olar. Yəni, hesab edək ki, biri sözdə asır, kəsir, qarşı tərəfdəkilərə meydan oxuyur və özündən zəif birini də qarşıdakı rəqibin qarşısına çıxmağa sövq edir. Amma həlledici məqamda ya qaçıb gizlənir, ya da rəqibin qarşısına aldadıb göndərdiyi tərəfi gözünü qırpmadan qurban verir. Bütün bunlar isə ABŞ-a müttəfiq kimi yanaşan ölkələri daha ehtiyyatlı davranmağa sövq etməlidir. Yəni, belə deyək ki, hər kəs “ABŞ-ın kəndiri ilə quyuya enməyin” təhlükəli olduğunu bilməlidir. Çünki ABŞ hər an o kəndiri əlindən quyuya buraxa bilər”.