...

Şavkat Mirziyoyevin Bakıya səfəri Azərbaycanla Özbəkistan arasında intensiv məntiqin davamı olacaq - Səfir (Özəl müsahibə)

Siyasət Materials 21 Avqust 2023 16:28 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident Şavkat Mirziyoyevin Bakıya səfəri Azərbaycanla Özbəkistan arasında intensiv dialoqun məntiqi davamı olacaq.

Bu barədə Trend-ə özəl müsahibəsində Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov deyib.

"22-23 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfər edəcək. Prezidentin səfəri respublikanın başçısı seçildikdən sonra ilk rəsmi səfəri olmaqla yanaşı, 9 iyul 2023-cü il tarixində keçirilən prezident seçkilərindən sonra xarici ölkəyə ilk rəsmi səfəri olacaq", - deyə o, bildirib.

Səfirin sözlərinə görə, səfər çərçivəsində iki ölkə liderlərinin Füzuli şəhərində 960 şagird üçün nəzərdə tutulmuş ümumtəhsil məktəbinin təntənəli açılış mərasimində iştirakı gözlənilir.

"Məktəbin tikintisinə təşəbbüs Prezident Şavkat Mirziyoyev tərəfindən Azərbaycan xalqına hədiyyə olaraq irəli sürülüb. İnanırıq ki, bu məktəb xalqlarımız arasında dostluq və qardaşlığın simvolu olacaq", - deyə səfir əlavə edib.

O, həmçinin, gözlənilən səfərin yüksək səviyyədə intensiv dialoqun məntiqi davamı olacağını vurğulayıb.

"Bu kontekstdə 21-22 iyun tarixlərində Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfər etdiyini xatırlatmaq yerinə düşər. Bu səfər ikitərəfli əlaqələrin tarixində əlamətdar hadisə oldu. Belə ki, səfər çərçivəsində iki dövlət arasında strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın gücləndirilməsinə dair Bəyannamə qəbul olunub. Özbəkistan və Azərbaycan rəhbərləri, həmçinin, 2022-ci ilin sentyabrında Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşüblər. Prezident İlham Əliyev iclasda sədrlik edən ölkənin fəxri qonağı qismində iştirak edib. Elə həmin ilin 10-11 noyabr tarixlərində Prezident İlham Əliyev xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə birlikdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Bu ilin mart ayında iki ölkənin prezidenti Bakıda Prezident Şavkat Mirziyoyevin Qoşulmama Hərəkatının (QH) Zirvə görüşündə iştirakı çərçivəsində görüşüblər", - deyə səfir qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanla Özbəkistan arasında yeni sənədlər paketinin imzalanması gözlənilir.

"Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə və keyfiyyət baxımından yeni inkişaf səviyyəsinə çıxarılmasına yönəlmiş ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır", - deyə Əşrəfxanov qeyd edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi 181,2 milyon dollar (2021-ci ilin göstəricisi ilə müqayisədə 52,4 faiz artım) olub. İki ölkənin iqtisadiyyatı yaxın illərdə qarşılıqlı ticarət göstəricilərinin 1 milyard dollara çatması üçün kifayət qədər potensiala malikdir.

2023-cü il 1 iyul tarixindəki məlumatlara görə, Özbəkistanda Azərbaycan kapitalına malik 204 müəssisə fəaliyyət göstərir (2017-ci ildə - 71 şirkət), bunlardan 67-si birgə, 137-si isə xarici şirkətdir. Bu ilin əvvəlindən 22 birgə müəssisə yaradılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti