...

Ağdam-Xankəndi marşrutu açılır - Azərbaycan istəyinə çatdı

Siyasət Materials 9 Sentyabr 2023 23:01 (UTC +04:00)
Ağdam-Xankəndi marşrutu açılır - Azərbaycan istəyinə çatdı
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan odla oynayır. Belə olmasaydı istər Azərbaycanla şərti sərhədlərdə, istərsə də Rusiya sülhməramlı qüvvələrininin ərazilərimizdəki müvəqqəti nəzarət zonalarında özlərini bu zamana kimi "ev sahibi" kimi aparmağa çalışan dəvətsiz qonaqlar - separatçı rejimin silahlı birləşmələrin intensiv şəkildə mövqelərimiz istiqamətində təxribatlar törətməkləri azmış kimi Nikol Paşinyan və komandası Azərbaycana qarşı məğzində işğalçılıq yatan ifadələrə, çıxışlara yer verməzdi.

Lakin vəziyyət artıq hər gün daha çox kritikləşir. Belə ki, ötən gün qondarma rejimə qondarma "prezident seçkiləri" keçirən separatçılara hər cür - maliyyə və siyasi, hərbi yardım göstərməkdən bu vaxta kimi imtina etməyən rəsmi İrəvan sözdə Azərbaycanla sülhə hazır olduğunu, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, əməldə tamamilə fərqli mövqedə dayandığını, keçmiş ritorikasından əl çəkmədiyini, separatçılığı özü üçün prioritet hesab etdiyini gizlədə bilmir ki, bilmir.

Amma Paşinyan Bakının səbrinin daşmaq üzrə olduğunu da yaxşı başa düşür. Başa düşdüyü üçün də, Ermənistan baş naziri ötən gün bir nəfəsə eyni ilə 3 il əvvəlki kimi - 44 günlük müharibənin gedişində olduğu kimi ard-arda bir çox dövlətlərin başçılarına, siyasi liderlərinə telefonla zəng edərək Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etmək, özünü yünidən məzlum, əzilmiş, yazıq xalqın nümayəndəsi kimi göstərməyi özlərini saldıqları bu vəziyyətdən çıxış yolu görür. Bəli, rəsmi İrəvan indi də Azərbaycana qarşı keçmiş siyasi dəsti-xəsttinə sadiqdir.

Ermənistanın baş naziri İkinci Qarabağ müharibəsi günlərində olduğu kimi gün ərzində bir xeyli dövlət başçısını telefonla narahat edib, Azərbaycandan şikayət edib. Paşinyanın zəng etdiyi liderlər arasında qonşu Gürcüstanın baş naziri İrakli Qaribaşvili də olub. Paşinyan o biri liderlərə dediyi “Azərbaycan prezidenti ilə görüşməyə hazıram”, - fikirlərini Qaribaşviliyə də təkrarlayıb.

İrakli Qaribaşvili Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi ola biləcəyini bir ildən artıqdır vurğulayır. O bu məqsədlə bir neçə dəfə Bakıya və İrəvana səfərlər edib. Prezident İlham Əliyev Gürcüstanın vasitəçiliyinə müsbət baxarkən, Nikol Paşinyan İrakli Qaribaşviliyə konkret heç nə demirdi. Makrona yalvarmaqdansa, Cənubi Qafqazın üçüncü dövləti olan Gürcüstanda görüşmək məqbul olmazmı?

Doğrudur, istər Qarabağda, istərsə də Ermənistanla şərti sərhəddə vəziyyət gərginləşməkdədir. Proseslər gözönündədir. Eskalasiya riski hər an mümkündür. Bütün bunların səbəbi Bakı arasında sülhü təxirə salmaq, vaxt qazanmaqdan başqa bir şey deyil. Ən əsası da Ermənistanın ən öndə məqsədlərindən biri Azərbaycanın legitim hüququ, haqqı olan Laçın sərhəd buraxılış məntəqəsini ləğv etdirib, Laçın yolunu açdırmaqdır. Baxmayaraq ki, rəsmi Bakı Qarabağ ermənilərinin humanitar fəlakətlə üz-üzə olmadığını dəfələrlə, hətta BMT Təhlükəsizlik Şurası səviyyəsində təsdiq etdi.

Lakin Ermənistan və onun maliyələşdirərək mövcudluğunu qorumaq məqsədi ilə əlindən gələni etdiyi separatçıların nəfəsliyi tutulmaq üzrədir. Müxtəlif təxribatlara rəğmən qondarma rejim və rəsmi İrəvanın Bakının təzyiq və tələbləri qarşısında geri çəkilməkdən başqa yolu qalmır. Azərbaycanın mövqeyi açıq və hər kəs üçün anlaşılacaq dərəcədə aydındır. Rəsmi Bakı 10 noyabr üçtərəfli bəyanatı ilə də nəzərdə tutulan Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrin ərazilərimizdən rədd olub getməsini əsas şərtlərdən biri kimi İrəvan qarşısında qaldırıb.

Azərbaycan pillə-pillə öz məqsədinə çatır. Laçın postunu quraraq bütün təzyiqlərə təkbaşına sinə gərən rəsmi Bakı üçün Qarabağ ermənilərinə humanitar yardımları çatdırmaq məqsədi ilə Ağdam-Xankəndi yolundan istifadəyə də nail olmaq artıq saatların işidir. Çətinliklərin öhdəsindən gəlməyi artıq yaxşı bacaran, haqsızlığıa, ədalətsizliyə qarşı mübarizə aparıb, qətiyyət nümayiş etdirməkdən geri çəkilməyən Azərbaycan bundan sonrakı proseslərin də öhdəsindən geridə qalan 3 il müddətindəki kimi gəlməyə qadirdir.

Bunu istər Ermənistan, istərsə də onun havadarları yaxşı bilirlər ki, beynəlxalq hüquq tam şəkildə imkan verir ki, Azərbaycan suverenliyini, ərazi bütövlüyünü tam təmin edib, ərazisindəki separatçıları tamamilə təmizləsin. Bunun üçün indi elə ən böyük zəmin məhz Nikol Paşinyan hakimiyyətinin hamilərinin dəstəyi ilə ayaqda tutmaq istədiyi separatçıların bu gün keçirdiyi qondarma "seçkilərdir".

Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Bu pozuntunu aradan qaldırmaq, prosesə operativ müdaxilə etmək üçün Azərbaycanın həm hərbi gücü, həm də siyasi və hüquqi haqqı var.

Qarabağ ermənilərinin reinteqrasiyasına mane olmaq üçün Ağdam-Xankəndi yolunu kabusları hesab edən rəsmi İrəvan və separatçılar bunun öhdəsindən gələ bilməyəcəklər. Çünkü, bu, ermənilər üçün ayağına sıxmağa bərabər olacaq. Bakıdan göndərilən 2 tır 40 ton un 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Azərbaycanın humanitar yardımından imtina separatçılar üçün yaxşı heçnə vəd edə bilməzdi.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 12-ci gündür ki, Ağdam-Xankəndi yolundadır. İçərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Artıq neçənci dəfə bildirilib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

Azərbaycanın göndərdiyi humanitar yükün çatdırılması üçün Rusiya sülhməramlılarının yardımından ilk günlər imtina edən separatçı rejim bu müqavimətini sona qədər davam etdirə bilmədilər. Belə ki, hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün müsbət cavabın alındığını deyə bilərik. Azərbaycanın təzyiqləri nəticəsini verməkdədir. Ağdam marşrutunun açılması artıq böyük mənada həll olunub düşünmək olar. Sabah Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının Ağdama, oradan isə Əsgərana daxil olması təmin ediləcək ki, bu da Azərbaycanın növbəti dəfə məqsədinə çatdığını göstərən çox önəmli faktordur.

Bunu Bakının növbəti qələbəsi də adlandıra bilərik. Çünkü Azərbaycan yüklərin Ermənistandan deyil, öz ərazisindən keçməsində israr edirdi, baxmayaraq ki, Ermənistandan başlayaraq bir çox dövlətlər buna qarşı çıxır, ölkəmizin daxili işlərinə qarışmağa çalışırdılar. Son qərarın bu şəkildə olması, razılığa gəlinməsi Azərbaycanın siyasi meydanda nöbvəti uğurlu gedişidir. Məhz Bakının qətiyyətli və özünə inamlı qərarları Ermənistanın və qondarma rejimin bütün bu cəhdlərinin uğursuzluğa düçar olması ilə bitdi.

BQXK-nın yükləri üçün Laçın yolunun açılması yalnız BQXK-nın yüklərinin Ağdam marşrutu ilə getməsi ilə eyni vaxtda mümkündür. Proses bununla da yekunlaşmır. Ermənistan tərəfi bir məsələni də mütləq bilməlidir: Ağdam marşrutunun açılması Bakının Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi qeyri-qanuni rejimin dərhal öz-özünə dağıdılması, eləcə də Qarabağda separatçıların qondarma "dövlətinin" qeyri-qanuni silahlı qüvvələrinin Azərbaycandan çıxarılması tələblərini ləğv etmir. Rəsmi İrəvan bundan sonar əksinə daha diqqətli və Bakının tələblərinə daha həssas yanaşmalıdır. Əks təqdirdə nəyi necə etmək lazım olduğuna Bakı özü qərar verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti