...

Konfrans ərəfəsində 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olduq - DTX rəisi

Siyasət Materials 18 Sentyabr 2023 10:44 (UTC +04:00)
Konfrans ərəfəsində 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olduq - DTX rəisi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu konfrans ərəfəsində biz 9 nəfəri hərbçi, 1 nəfəri mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olduq.

Trend xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-polkovnik Əli Nağıyev deyib.

"Onların sırasından bizim əməkdaşımız olan Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun barəsində sizə ətraflı məlumat vermək istəyirəm. O, uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışan, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunan müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Riad Əhmədov 1992-ci il yanvarın 26-sında rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb", - o qeyd edib.

DTX rəisi vurğulayıbh ki, məzar yerlərinin müəyyən olunması, qazıntı, ekshumasiya və eyniləşdirmənin aparılmasında səy göstərmiş İşçi qrupunun və Dövlət Komissiyasında təmsil olunan qurumların mütəxəssis heyətinin fəaliyyəti təqdirəlayiqdir:

"30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın, o cümlədən “Azərbaycanın Milli Qəhrəmanı” Riad Əhmədovun taleyinin aydınlaşması ciddi ictimai hadisədir. Bu sahədə çalışan bütün heyətimizə uğurlar diləyir, onlardan yeni nəticələr gözləyirik", - deyə Ə.Nağıyev bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti