Bakı. Trend:
Ermənistan silahlı qüvvələrinin Qarabağda qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizliyə ciddi problem idi.
Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “BBC News”a müsahibəsində deyib.
“Azərbaycan həmişə bildirib ki, qeyri-qanuni hərbi birləşmələrin Azərbaycan ərazisindəki mövcudluğu regional sülh və təhlükəsizliyin təmin edilməsinə böyük problemlər yaratmağa davam edir. Lakin buna baxmayaraq, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda yer alan "Azərbaycan ərazisindəki silahlı erməni birləşmələrinin çıxarılmalıdır" öhdəliyini icra etməkdən boyun qaçırıb”, - o vurğulayıb.
H.Hacıyev qeyd edib ki, Azərbaycan lokal antiterror tədbirləri görməyə məcbur qaldı:
“Ermənistan Azərbaycan ərazisində hərbi quruculuğunu davam etdirir və biz 10 min hərbçinin Azərbaycanın suveren ərazisində olmasından danışırıq. Bundan başqa, 100 tank elementi, 200 artilleriya hissəsi və raket mövcuddur. Azərbaycan dəfələrlə bunlarla bağlı çağırışlar edib, ancaq təəssüf ki, onlar Azərbaycanın çağırışlarına diqqət yetirməyiblər.
Buna görə də Azərbaycan ərazisində lokal antiterror tədbirləri görməyə məcbur qaldı. Başqa seçim yox idi. Bu tədbir lokal və məhdud xarakter daşıyırdı. Biz genişmiqyaslı hərbi əməliyyatdan qətiyyən danışmırıq”.
Prezident köməkçisi onu da söyləyib ki, Azərbaycan heç bir halda mülki şəxsləri hədəf almayıb: “Ancaq azərbaycanlı mülki şəxslər və polis əməkdaşları Ermənistanın Azərbaycanın Qarabağ regionundakı qanunsuz hərbi birləşmələrin təxribatçı qrupları tərəfindən basdırılmış mina qurbanı oldular”.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edildi.
Yevlaxda keçiriləcək görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə ediləcək.
Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.