...

Qondarma rejimin özünü buraxması lokal antiterror tədbirlərinin məntiqi sonluğudur - ŞƏRH

Siyasət Materials 28 Sentyabr 2023 12:24 (UTC +04:00)
Qondarma rejimin özünü buraxması lokal antiterror tədbirlərinin məntiqi sonluğudur - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qondarma rejimin özünü buraxması, Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətmiş terrorçuların ədalət məhkəməsi qarşısına çıxarılmaq üçün saxlanılması torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük müqəddəs Vətən savaşının, ildırımsürətli lokal antiterror tədbirlərinin məntiqi sonluğudur.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Prezident İlham Əliyev hələ Valday klubundakı məşhur çıxışı zamanı Azərbaycan dövlətinin gücünə və xalqımızın milli iradəsinə söykənərək, “Qarabağ Azərbaycandır və nida” deyəndə, “müqəddəs torpaqlarımıza ləkə olan əski parçalarını yığışdırın, döşünüzdəki dəmir qırıntılarını bir kənara atın” deyə səslənəndə, əslində, bu günləri nişan verirdi.

“İşğalçılara, separatçı-terrorçulara, qondarma təsisatın təmsilçilərinə qarşılaşacaqları nəticəni göstərirdi, ilahi ədalətin zəfər çalacağı anın yaxında olduğunu bildirirdi. Lakin düşüncələrini mif və əsatirlər üzərində qurulmuş saxta ideyalar, gözlərini əsassız kin və nifrət qapamış Ermənistan rəhbərliyi, qondarma rejimin təmsilçiləri, ultramillətçi erməni təşkilatları zamanında onlara edilən xəbərdarlıqlardan nəticə çıxara bilmədilər və acınacaqlı, rüsvayçı, ancaq sonunadək layiq olduqları bir sonluqla qarşılaşdılar”, - deyə siyasi şərhçi bildirib.

O qeyd edib ki, antiterror əməliyyatlarından sonra baş verənlər Azərbaycan dövlətinin addım-addım öz hədəflərinə doğru irəlilədiyini, milli iradənin bütün maneələri dəf etmək gücündə olduğunu bir daha sübuta yetirir.

“Ali Baş Komandan “mən nəyi nə vaxt və necə edəcəyimi yaxşı bilirəm” deyəndə, bu günləri nəzərdə tuturdu. Amma ediləcəklər hələ qarşıdadır. Azərbaycan öz əraziləri üzərində suveren hüquqlarını bərpa edib və yaxın zamanlarda cəmiyyətimizə reinteqrasiya edən erməniəsilli sakinlərin geridə qalan zaman kəsiyində işğalçı rejim və hərbi xuntanın ağlasığmaz cinayətləri haqqında etiraflarını da eşidəcəyimizə şübhə etmirəm. Əli Azərbaycan xalqının, günahsız insanların qanına bulaşan, yurd yerlərimizi viran qoyan, bir milyon vətəndaşımızın uzun illər boyu yurd həsrəti ilə yaşamasına, məşəqqətlərinə vəsilə olan hər kəs Azərbaycanın ədalət məhkəməsi qarşısında dayanacaq və layiqli cəzasını alacaq”, - deyə E.Mirzbəyli əlavə edib.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Qondarma rejimin qondarma "başçısı" Samvel Şahramanyanın "sərəncamında" qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının nümayəndələri ilə əldə olunan razılaşmaya əsasən, Qarabağ sakinlərinin, o cümlədən, tərksilah olan hərbi qulluqçuların əmlakları ilə öz nəqliyyat vasitələrində Laçın dəhlizindən sərbəst və maneəsiz şəkildə könüllü keçidi təmin olunur və "Dağlıq Qarabağ Konstitusiyası"nın 93-cü maddəsini rəhbər tutaraq aşağıdakılar qərara alınır:

1. 1 yanvar 2024-cü il tarixindən "Artsax Respublikası"nın tabeçiliyində olan bütün dövlət müəssisələri və təşkilatları buraxılsın və "respublika" öz mövcudluğunu dayandırsın.

2. Qarabağ əhalisi, o cümlədən "respublika"dan kənarda olan sakinlər hazırki gələcəkdə Qarabağda yaşamaq (qayıtmaq) imkanları barədə sərbəst və fərdi qərar qəbul etmək məqsədilə "sərəncam" qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti