Bakı. Trend:
Azərbaycanın Ermənistanın işğalına və təcavüzünə qarşı apardığı müharibə hər zaman ədalətli olub və bu ilin sentyabrında Azərbaycanın antiterror tədbirləri beynəlxalq hüququn bütün norma və prinsiplərinə açıq şəkildə zidd olaraq Azərbaycanda yerləşdirilmiş qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhlükəni legitim olaraq aradan qaldırıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində qeyd olunub.
"Üstəlik, Ermənistan XİN-in yalanlarına zidd və Ermənistanın özündən fərqli olaraq, Azərbaycan heç bir zaman dinc erməni əhalisini hədəf almayıb.
Azərbaycanın vəziyyəti siyasi-diplomatik vasitələrlə həll etmək istəməməsi ilə bağlı əsassız bəyanatlara gəlincə, Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, bu ölkə təkcə 30 illik işğal dövründə yox, həmçinin, münaqişədən sonrakı dövrdə də bütün sülh səylərini heçə endirib", - deyə bildirilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.