...

ABŞ və Avropa İttifaqı fəallaşdılar: Qarabağ bölgənin açarına çevrilir

Siyasət Analytics 3 Oktyabr 2023 15:17 (UTC +04:00)
ABŞ və Avropa İttifaqı fəallaşdılar: Qarabağ bölgənin açarına çevrilir
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

ABŞ və Avropa İttifaqı bölgəmizdəki proseslərin kənar müşahidəçisi yox, fəal iştirakçısı olmaq istəyirlərsə, yanlış mövqelərini dəyişməli, ya da məğlubiyyətlərini etiraf etməlidir. Bunu anlayan Qərb taktikasını dəyişməyə başlayıb.

120 illik məşum tarixə malik erməni separatizmi artıq can verməkdədir və bu, Azərbaycanın böyük uğurudur. Azərbaycan ərazisində onillərdən bəri separatçı, əksər hallarda isə terrorçu fəaliyyətlə məşğul olmuş xunta artıq Xankəndində yoxdur. Qonşu dövlətlərə qarşı ərazi iddiaları, daim hərbi yolla "əraziləri artırmaq" idefiksinin gündəmdə saxlanması, saxta tarix və miflərə əsaslanan təbliğat, dini və etnik zəmində dözümsüzlüyün şüurlara yeridilməsinə hesablanmış strategiya - bütün bunlar on minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsi, 1 milyona yaxın soydaşımızın isə qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olmuşdu.

Xankəndi artıq erməni separatizmindən azaddır. 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra müvəqqəti olaraq Rusiya Sülhməramlı Kontingentinin (RSK) yerləşdirilmiş ərazilərdəki erməni separatçılarının silahlı dəstələrinin tərksilahı davam edir. Bu dəstələrin atıb qaçdıqları silah-sursat, hərbi texnika, vasitələr, amunisiya və s.-nin sayı regiondakı proseslərə bələd olmayan insanları heyrətləndirəcək saydadadır. Üstəlik, erməni separatçıları son 32 il ərzində inşa etdikləri uzunmüddətli müdafiə qurğularını, istehkamları, kazarmaları və anbarları da tərk ediblər.

Amma yaşanan proseslər rahatlanmağa və problemin həll olunduğunu düşünməyə zəmin ola bilməz. Tam əksinə, qələbəni siyasi və diplomatik yollarla möhkəmləndirmək, bölgədə dayanıqlı sülhlə stabilliyin bərqərar olmasına təkan verəcək addımların atılması zamanıdır.

Ermənistan parlamenti Roma statutunun müzakirə və qəbul edib.

Bu statut Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BƏM) səlahiyyətlərinin tanınması ilə bağlı ratifikasiyanı ehtiva edir. Əsası isə budur ki, erməni deputatlar Roma statutunu ratifikasiya etsələr, BCM-in istisnasız olaraq bütün (!) qərarları Ermənistan tərəfindən icaraata məcburi sayılacaq.

“Ermənistan” və “Mənim şərəfim” müxalifət fraksiyaları müzakirələrdə iştirak etməyiblər.

“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan parlamentin iclası başlamamışdan əvvəl deyib ki, məsələnin parlamentin gündəliyinə salınması Ermənistan Konstitusiyasına ziddir.

Rusiya XİN bəyan edib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.

Nazirlikdən qeyd edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra V.Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq.

Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.

BCM-in qərarları arasında isə Rusiyanın dövlət başçısı Vladimir Putinin həbsi məsələsi də var.

Yəni Ermənistan parlamenti Roma statutunu ratifikasiya edərsə, V.Putinin gələcəkdə İrəvana səfəri zamanı o, BCM tələblərinə görə, dərhal həbs olunmalıdır.

Ermənilərin gerçək məqsədlərinin nə olduğunu və Roma statutunun ratifikasiyasının müzakirəsinin İrəvanda aşkar şəkildə Moskvaya qarşı yönəlmiş demarş səciyyəsini Rusiya bilir.

Açıq geosiyasi məzmunlu bu qərar Ermənistanın baş naziri Nikol Paşinyanın son vaxtlar Rusiyaya qarşı yönəlmiş addımları çəçivəsindədir. Müzakirə anti-Rusiya qərarı olmaqla yanaşı, anti-İran niyyətlidir

Paşinyan administrasiyasının "ratifikasiyanın yeganə məqsədi BCM-də Azərbaycanı məsuliyyətə cəlb etməkdir" tipli bəyanatları isə Moskva və Tehranı aldada bilməz.

Proseslərdə hər şey aydındır: Nikol Paşinyanın komandası Qərbə meyllənməni daha da aktivləşdirərək Rusiyanın təsir rıçaqlarını zəiflətmək, perspektivdə isə Rusiyadan asılılıqdan ümumiyyətlə, qurtulmaq niyyətindədir

Xankəndindəki separatçı xuntanın aqoniyasının qısamüddətli olması, tam kapitulyasiya və tərksilahla bağlı şərtlərin bütünlüklə qəbul edilməsi kollektiv Qərbin - bu ifadə qüsurlu olsa da, hələlik həmin söz birləşməsindən istifadə edək - planlarını pozmuş oldu.

Azərbaycan Silahlı Qüvvələrinin erməni separatçılarına qarşı həyata keçirdiyi lokal antiterror tədbirləri fenomenal dərəcədə qısa müddətdə və uğurla başa çatandan sonra ABŞ ilə Avropa İttifaqının mass-mediasında Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, Zəngəzur dəhlizi layihəsinin reallaşması və s. məsələlərdə Vaşinqton-Brüssel tandeminin uğursuzluğa düçar olması, Qərbin diplomatik cəhdlərinin nəticə verməməsi kimi narrativlərin sayı artıb.

Qərb mediası birbaşa olaraq Qərbi fəaliyyətsizlikdə suçlayır.

Ermənistan parlamentinin bugünkü qərarı isə kollektiv Qərbin kiçik də olsa, taktiki uğuru sayıla bilər.

İrəvanı tam dəstəkləyən, Azərbaycanın mövqeyini, təkliflərini və tələblərini nəzərə almayan qərb çox ciddi strateji səhvə yol verməklə Rusiyanın regionda aktivləşməsi ilə nəticələnib.

Ermənistanın isteblişmenti qarabağlı ermənilərin Azərbaycan ərazisindən köçünü təşkil edərək bunu «humanitar fəlakət» kimi qələmə verməyə çalışdığı bu günlərdə ABŞ və Avropa İttifaqı çox uzun çəkən susqunluqdan sonra qısa bəyanatlarla kifaytələniblər.

Məsələn, ABŞ Dövlət Departamentinin sözçüsü Mettyu Miller Azərbaycan hakimiyyətinin qarabağlı ermənilərə qarşı etnosid siyasəti tətbiq etməsi ilə bağlı iddiaları rədd edib: “Bizdə belə faktlar yoxdur və Azərbaycanın qarabağlı ermənilərə qarşı etnosid tətbiq etdiyini deyə bilmərik. Ümumiyyətlə, etnosid və ya genosidlə bağlı suçlamalar çox ağır ittihamlardır, onların faktiki sübutu olmalıdır. Qarabağlı ermənilərlə bağlı iddiaların isə faktlarla təsbiti yoxdur”.

Beləliklə, uzun sürən donuqluqdan və aşkar ermənipərəst mövqe nümayişindən sonra Birləşmiş Ştatlar rəsmi Bakıya qarşı tutulmuş mövqenin yanlışlığını qismən də olsa, anlayıblar.

Vaşinqton indi çox kiçik sürətlə olsa da, regional geosiyasi strategiyasına dəyişikliklər etməyə başlayıb.

Rusiyanın XİN başçısı Sergey Lavrovun dünənki bəyanatında Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətini “müvəqqəti administrasiya” adlandırması, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında oktyabrın 11-də təlimlərə başlayacağı barədə iddiaların yayılması artıq regionda ABŞ, Avropa İttifaqı və Rusiya arasındakı qarşıdurmanın pik həddə çatdığını göstərir.

Rusiya və Qərb anlayırlar ki, Nikol Paşinyanla komandası qaraabğlı ermənilərin tələblərini, ümumiyyətlə, Qarabağ probleminii artıq geridə qalmış məsələlər hesab edirlər. Onlar Qarabağ ballastından qurtulmağa çalışır, Qərbə inteqrasiya istiqamətində daha fəal olmağa hazırlaşırlar.

Bütün bunlarla yanaşı, ABŞ və Avropa İttifaqı gec də olsa, Azərbaycanın regional və subregional əhəmiyyətini anlamağa başlayıblar.

Çünki ölkəmiz Avropa İttifaqı üçün enerjidaşıyıcılarının stabil, etibarlı mənbəyi və tranzit məkan: transregional nəqliyyat layihələrində əlverişli qovşaq, stabil sosial və siyasi sistemə malik ölkədir.

ABŞ və Avropa İttifaqının geosiyasi, geoiqtisadi və geostrateji maraqları baxımından Azərbaycana qarşı təzyiq, pressinq cəhdləri tamamilə mənasızdır - səbəb rəsmi Bakının bütün addımlarını beynəlxalq hüquq çərçivəsində atmasıdır.

Bakı ilə əməkdaşlığın intensivləşdirilməsi, tərəfdaşlığın keyfiyyətcə yeni müstəviyə yüksəldilməsi isə bölgədə sülh və stabilliyin mümkün qədər tez bərqərar olmasına təkan verə bilər.

Xəbər lenti

Xəbər lenti