ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrin adı, əslində Vaşinqtonun beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də beynəlxalq hüququn müstəqil subyekti olan ölkələrin suveren hüquqlarına olan ikiüzlü, riyakar münasibətini ortaya qoyur. Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati ərazi subyekti yoxdur, Qarabağ iqtisadi rayonu var və ölkəmizin sərhədlərindən kənarda istər bu rayon, istərsə də Azərbaycanın suveren ərazilərinə daxil olan digər ərazi subyektləri ilə bağlı hər hansı bir müzakirənin aparılması dövlətlərarası münasibətləri, beynəlxalq münasibətlər sisteminin əsasını təşkil edən prinsiplərə tamamilə zidd olan bir yanaşmadır.
Bu qəbildən olan hüquqa zidd adımlar bir daha sübuta yetirir ki, ABŞ və onun Fransa kimi proksi subyektləri Avrasiya məkanında Azərbaycan dövlətinin timsalında, yalnız öz milli maraqlarından çıxış edən, qlobal güclərin əlində alətə çevrilməyən, ləyaqətini qoruyan, məsuliyyətli, güclü, suveren və müstəqil bir dövlətin olmasında maraqlı deyillər. Çünki Azərbaycan kimi dövlətlərin milli maraqlara xidmət edən müstəqil siyasət kontekstində yaratdıqları president onların qlobal miqyasda həyata keçirmək istədikləri beynəlxalq hüquqa və humanizm prinsiplərinə zidd siyasətə maneə yaradır.
Dinləmələrin keçirilməsində ABŞ-dakı erməni lobbisinin fəal iştirakı, ölkəmizə qarşı uzun illərdən bəri qərəzli siyasət yürüdən parlamentarilərin bu anti-Azərbaycan kampaniyalarında yer almaları, sözügedən tədbirin təşkilatçısı Nyu-Cersidən olan konqressmen Tomas Kinin erməni diasporu ilə sıx işbirliyində olması və dinləmələrdən öncə Ermənistanın ABŞ-dakı səfiri ilə görüşməsi baş verənlərin ölkəmizə qarşı həyata keçirilən riyakar siyasətin tərkib hissəsi olduğunu sübuta yetirir.
Amma ABŞ və onun qlobal siyasi oyunlarının mərkəzi icra hakimiyyətindən - Ağ Evdənkənar aləti funksiyasını yerinə yetirən Konqresi unudur ki, Azərbaycanın onların qarşısında hər hansı bir öhdəliyi yoxdur və ölkəmiz heç bir qürbün, yaxud tərəfin onuna təzyiq dili ilə danışmasını qəbul etmir. Bu gün Bayden admintrasiyası və eləcə də erməni lobbisinin muzdlu təmsilçilərinin Azərbaycana yönəlik siyasəti, bütövlükdə Birləşmiş Ştatların Ön və Orta Asiyadakı maraqlarına ciddi zərbə vurur. Çünki Azərbaycan Cənubi Qafqazda, bütövlükdə isə Avrasiyanın “ürəyinin döyündüyü” enerji resursları ilə zəngin olan önəmli bir regionda bütün parametrlər üzrə “açar”, “körpü” ölkə funksiyasını yerinə yetirir və Azərbaycanın iştirakı olmadan Vaşinqtonun Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətinin heç bir perspektivi yoxdur.
Bu gün ABŞ 33 trilyonluq fantastik dövlət borcu ilə bir dövlət olaraq mövcudluğunun ən ağır və ən məsuliyyətsiz dövrünü yaşayır. İrqi ayrıseçkilik, ksenofobiya, polis zorakılığı, siyasi korrupsiya, kütləvi qətllər Birləşmiş Ştatların ictimai rəyini ikiyə parçalayıb və nədənsə Konqres ABŞ üçün həyati əhəmiyyət kəsb edən bu kimi problemlərə qətiyyən diqqət ayırmır.
Birləşmiş Ştatların qlobal müstəvidə yürütdüyü siyasət bəşəriyyəti az qala feodal münasibətləri sisteminə qaytarıb. Məhz Ağ Evin siyasəti nəticəsində beynəlxalq təhlükəsizlik mexanizmləri sıradan çıxıb və milyonlarla insan, dünyanın ən müxtəlif bölgələrində Vaşinqtonun antihumanist, təfriqəçi, bölücü siyasətinin girovuna çevrilib. Əfqanıstan, İraq, Suriya, Liviya, eləcə də Şərqi Avropada yaşananlar Birləşmiş Ştatların bu ərazilərdə həyata keçirdiyi siyasətin qanlı simasını – gerçək üzünü nümayiş etdirir.
ABŞ-ən 20 il ərzində işğal altında saxladığı Əfqanıstanda bir məktəb, səhiyyə obyekti belə inşa etməməsi, infrastruktur layihəsihəyata keçirməməsi, ölkəni başdan-başa narkotik plantasiyasına çevirməsi Vaşinqtonun məqsədlərinin nədən ibarət olduğunu göstərir. Sirr deyil ki, narkotiklərin qanunsuz dövriyyəsindən əldə olunan vəsaitlər, həm də ayrı-ayrı bölgələrdə ABŞ-ın ssenariləinin həyata keçirilməsinə zəmin yaradan terror təçilatlarının maliyyələşməsinə sərf olunurdu.
Bu gün Ukraynada yaşananların, Rusiya-Ukrayna qarşıdurmasının yenidən alovlanmasının, iki qardaş xalqın düşmənə çevrilməsinin baiskarı da məhz Birləşmiş Ştatlar və onun qanlı ssenariləridir. Mənzərə göz qabağındadır. Rusiya-Ukrayna qarşıdurması müstəvisində Avropanı Rusiyanın enerji resurslarından məhrum edən ABŞ Avropa bazarını faktiki olaraq özəlləşdirib və Qərbi Avropanın əhəmiyyətli hissəsini tamamilə özündən asılı vəziyyətə salıb.
Azərbaycan xalqı, torpaqlarının işğal edildiyi günlərdə BMT Təhlükəsizlik Şurasının ərazilərimizin qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnaməsinə səs verən Vaşinqtonun misli görünməmiş riyakarlığını – Azadlığı Müdafiə Aktına 907-ci düzəlişi qəbul etməsini unutmayıb. Həmin düzəlişdə işğala məruz qalan Azərbaycan təcavüz edən tərəf kimi qiymətləndirilməsi də ağa qara deməyin ABŞ-sayağı nümunəsidir. Azərbaycanın heç zaman ABŞ-ın yardımına ehtiyacı olmayıb və bundan sonra da olmayacaq. Bu illər ərzində xalqımız Azərbaycan ərazilərinin işğal altında qalması və işğal rejiminin formnalaşdırdığı hərbi xuntanın mövcudluğunun qorunub saxlanılması, insanlıq əleyhinə cinayətlərini davam etdirmələri üçün ayırdığı, ümumi həcmi yüzmilyonlarla ölçülən yardımları, cinayətkar rejimin himayə olunmasına xidmət edən “xeyriyyə” marafonları da yaddan çıxarmayıb.
Azərbaycanın haqlı, ədalətli mövqeyini görməzdən gəlib müharibə canilərinə dəstək verənlərin nə özlərinə, nə də ayrı-ayrı, mahiyyət etibarilə cəsus şəbəkələrinə ölkəmizdə yer yoxdur. Amerikanın ölkəmizdəki ruporlarının fəaliyyət istiqamətləri nəzarətə götürülməli və ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq tamamilə məhdudlaşdırılmalı, “Amerika guşələri” və bu kimi digər agentura şəbəkələri ləğv edilməlidir.
Syasi şərhçi Elçin Mirzəbəyli