...

Ermənistanın Amuldağ qızıl yatağını istismar etməsi öz vətəndaşlarına da ziyandır - Qəmzə Yusubova

Siyasət Materials 29 Yanvar 2024 16:18 (UTC +04:00)
Ermənistanın Amuldağ qızıl yatağını istismar etməsi öz vətəndaşlarına da ziyandır - Qəmzə Yusubova
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Biz "Environmental Protection First" (EPF) koalisiyası olaraq Ermənistan dövlətinə heç bir ekoloji standartlar gözlənilmədən aparılan dağ-mədən sənayesinin fəaliyyəti ilə bağlı dəfələrlə müraciət etmişik.

Bunu Trend-ə açıqlamasında “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova söyləyib.

Onun sözlərinə görə, həmin dağ-mədən sənayesinin fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənədlər onlara bildirilib:

"Lakin Ermənistanda fəaliyyət göstərən Amuldağ (Amulsar) qızıl yatağının istismarı zamanı heç bir ekoloji normalar gözlənilmədən və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədləri nəzərə alınmadan istismar davam edir. Amuldağ yataqlarında qızıl istehsalı zamanı dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində ağır metal tərkibli tullantılar Bərgüşad çayına axıdılaraq, Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir. Bu da ətraf mühitə, müxtəlifliyə, su hövzələrinə ciddi ziyan vurur.

Bundan başqa, Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir, yatağın istismarı İstisu mineral bulaqlarına məhvedici zərər vurur. Bu da insanların sağlamlığında ciddi problemlər yaradır. Naxçıvan ərazisindən axan Arpaçay, eləcə də, Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Bu da nəinki Azərbaycan, eləcə də, Xəzəryanı ölkələr üçün ciddi problemlər yaradır".

Q.Yusubova bildirib ki, bunlara görə Ermənistanda 100-dən çox vətəndaş cəmiyyəti təşkilatı və ekofəal Amuldağdakı istismarın biomüxtəlifliyə, su ehtiyatlarına ciddi təhlükə törətməsi barədə fikirləri dəstəkləyib.

"Bizim təklifimizi dəstəklədiklərinə görə, Ermənistanın ekotəşkilatlarına və ekofəallarına “Environmental Protection First” Koalisiyasının səsinə səs verdikləri üçün təşəkkür edilib. Amuldağ (Amulsar) qızıl yatağının istismarı, əsasən, ermənilərin özünə ziyan vurur. Cənubi Qafqazın özü də bundan əziyyət çəkir. Qızıl yatağını “Lydian Armenia” şirkəti istismar edir. Bu şirkətinin tam payçısı Böyük Britaniyanın “Lydian International” şirkətidir. Bu günə qədər beynəlxalq təşkilatlar Ermənistanda heç bir normalara uyğun aparılmaya dağ-mədən sənayesi ilə bağlı öz narazılıqlarını müraciət şəkilində bildiriblər. Lakin Ermənistan tərəfi bu günə qədər də cavab verməyib. Biz Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə “Amulsar qızıl yatağı”nda monitorinqə başlamağa hazırıq",- deyə o qeyd edib.

Qeyd edək ki, Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir. Yatağın istismarı İstisu mineral bulaqlarına məhvedici zərər vurur. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv edir, çay sularının turşulaşmasına, suyun zəhərlənməsinə səbəb olur. Qızıl hasilatının bu çayın sularını çirkləndirməsi ilə yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın ən böyük şirin su gölü olan Göyçə (Sevan) gölünün ekosisteminə də mənfi təsir göstərir. Eyni zamanda, bu sənaye Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Naxçıvan ərazisindən axan Arpaçay, eləcə də, Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də, digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti