Bakı. Trend:
ABŞ və Aİ Azərbaycanı əmin etmək istəyirdi ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib. ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edərək, görüşün Azərbaycana qarşı yönəlmədiyini izah etməyə çalışdılar. Lakin Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını və mövqeyini qətiyyətlə, prinsipiallıqla qorudu, dövlətimizin mövqeyini və proseslərin əsl mahiyyətini onların diqqətinə çatdırdı.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, ABŞ kimi dünyanın ən güclü dövlətinin ikinci adamının Prezident İlham Əliyevə zəng etməsi, vəziyyəti izah etməyə çalışması dövlətimizin başçısının qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir.
“Azərbaycan regionun ən güclü ölkəsidir, 44 günlük Vətən müharibəsinin qalibidir, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına yerinə yetirən dövlətdir və bu dövləti idarə edən, onu indiki gücünə çatdıran, nüfuz sahibi edən bir rəhbəri, Ali Baş Komandanı var. ABŞ bütün bunları nəzərə almamış deyil. Həm də Qərb Azərbaycanın doğru hədəfə vurduğunun fərqindədir.
Onlar iddia edirlər ki, guya bu proseslər Azərbaycana qarşı deyil. Ancaq Azərbaycan hər şeyi yaxşı bilir. Söhbət Ermənistana dəstəkdən gedirsə, burada hədəf kim ola bilər? Azərbaycanın müxtəlif diplomatik kanallarla bu görüşün təxirə salınmasını əsaslandıraraq, istəməsinin nəzərə alınmaması bunu deməyə əsas verir ki, Qərb Cənubi Qafqazda sülhün yaranmasında maraqlı deyil.
Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi oyunlar sanki III Dünya müharibəsinin və dünyanın yenidən bölünməsi ssenarisinin tərkib hissəsidir. Əvvəlki status-kvo Azərbaycan və Türkiyədən başqa hamını qane edirdi. Bu, Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenari idi. Bu oyunun qaydalarını Prezident İlham Əliyev pozdu. Regionda yeni reallıq və status-kvo yaratdı. Qərb və Ermənistanın havadarları bununla barışmaq istəmir”, - deyə deputat bildirib.
O əlavə edib ki, Brüssel görüşü sönük keçdi, Ermənistanın təqdim etdiyi kimi ajiotaj yaratmadı.
“Qərbin bu ölkədəki hədəfi uzaqmənzilli deyil, rəsmi İrəvan çalışır ki, qısa zaman ərzində çox istəyinə çatsın. Amma maneələri aşmaq üçün ona Qərbin dəstəyi lazımdır. Rusiyadan qurtulmaq istəyən Ermənistan həm də Avropanın və ABŞ-nin dəstəyini qazanmaq istəyir. Sözdə dəstək vəd edən Qərbin Ukrayna kimi Ermənistanı da yarı yolda buraxmayacağı qorxusu var. Başqa bir nüans da var, ssenari Ermənistanın tam şəkildə Qərbin sərəncamına verilməsini nəzərdə tutur. Ermənistan 30 il ərzində regionda Rusiyanın platsdarmı olub, indi isə Fransa başda olmaqla, Qərbin hərbi platsdarmına çevrilir”, - deyə deputat əlavə edib.