...

Paşinyan özünü "qurban verir": ermənilərlə onların sahibləri inanacaq?

Siyasət Analytics 18 Aprel 2024 11:00 (UTC +04:00)
Paşinyan özünü "qurban verir": ermənilərlə onların sahibləri inanacaq?
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Ermənistanın Tavuş rayonundakı Aşağı Əskipara kəndinə yollanmış Nikol Paşinyan orada yerli sakinlərlə görüşündə öz aləmində emosional çıxış edib.

"Vətənin, ölkən uğrunda özünü qurban verməyin gərəkdiyi an gəlib çatır. Sənə olan sayğını, adını, övladlarının psixoloji durumunu, ailənin sakit və rəvan həyatını, valideylərinin xoş xatirəsini, babanın xatirəsini qurban verməlisən. Amma bunu niyə etdiyini bilmək lazımdır.

Bunu niyə etdiyimi bilirəm. Ermənistan Respublikasının müstəqil dövlət olması üçün bunu edirəm. Buna əminəm. Bilirəm ki, qərarlarım sonradan siyasi karyerama mənfi təsir edə bilər. Lakin əsl lider zərurət yaradanda nüfuzunu və ona olan sayğını ölkəsinin gələcəyi, dövlət üçnü qurban verməyi bacarmalıdır. Ermənistan demokratik dövlətdir. Mənim üçünsə demokratiya ləyaqətimdən, siyasi karyeramın gələcəyindən daha vacibdir, daha önəmlidir", - N.Paşinyan deyib.

Azərbaycanla şərti dövlət sərhədində, 31 ildən bəri erməni işğalındakı kəndimizdə olarkən Ermənistanın baş naziri seçkilərdən də bəhs edib.

Onun sözlərinə görə, Azərbaycanla şərti dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi başlanana qədər Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək.

"Hesab edirəm ki, tələsməyə ehtiyac yoxdur. Qəbul etdiyimiz qərarlar və gördüyümüz işlər qlobal geosiyasi dəyişikliklərə cavablarımızdır. Hazırda Ukrayna və Rusiya arasında hərbi əməliyyatlar gedir. Seçkilər keçirə bilərik, amma başqa ölkələr arasında da müharibə başlayacaq və bu, ölkəmizdəki vəziyyətə birbaşa təsir edəcək. Belə çıxır ki, hər həftə seçkilər keçirməliyik?" - Paşinyan söyləyib.

Onun sözlərinə görə, başçılıq etdiyi hökumətin əsas məqsədi dəyişən vəziyyətə uyğunlaşmaqdır: "Başçılıq etdiyim "Mülki Müqavilə" partiyasının 2021-ci ildəki parlament seçkiləri zamanı verdiyi elə vəd yoxdur ki, həmin vədi sonadək, səmimi şəkildə həyata keçirməyə çalışmayaq. 2026-cı ildə seçkilər olacaq. Əgər hökuməti dəyişmək istəsəniz, dəyişərsiniz".

İşğalda olan Aşağı Əskiparada özlərini "yerli sakinlər" sayan, lakin Azərbaycanın qəsb edilmiş ərazisində məskunlaşmış ermənilərlə ilin əvvəlindən bəri artıq ikinci dəfə görüşən Nikol Paşinyanın son bəyanatları emosional çıxış və ya etiraf kimi qələmə verilsə də, belə deyil.

Ermənistanın son həftələrdə nümayiş etdirdiyi diplomatik vurnuxmalar və siyasi marşrut arayışları hələlik bir nəticə verməyib.

Aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşərək yardımlarla dəstək barədə sənədlər imzalayan N.Paşinyan əldə olunmuş nəticələri, ilk baxışdan qəribə təsir bağışlasa da, qənaətbəxş hesab etmir.

ABŞ, Avropa İttifaqı və Ermənistan arasında belə işçi qrupunun yaradılması beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində ümumi təcrübədir. Bu təşəbbüs daha əvvəl qeyd etdiyimiz bir sıra fəaliyyətləri, o cümlədən hərbi təlim, infrastrukturun təkmilləşdirilməsi və yeni müdafiə texnologiyalarının inkişafı üçün nəzərdə tutulub. İşçi qrupun əsas məqsədi səmərəli qarşılıqlı əlaqəni təmin etmək və Ermənistanın hərbi inkişaf proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrin icrasını təmin etməkdir.

ABŞ-ın İrəvandakı səfiri Kristina Kuinn səfirlikdə Ermənistan Müdafiə Nazirliyi ilə fəal əməkdaşlıq edəcək hərbi məsləhətçinin də çalışacağını bəyan edib. Ermənistan da ABŞ-dan zirehli təcili yardım maşınları istəyib və çox güman ki, onları tezliklə alacaq. Baxmayaraq ki, artıq qeyd etdiyimiz kimi, Brüsseldə keçirilən görüş ərəfəsində müxtəlif səviyyələrdə rəsmi Bakını əmin etməyə çalışıblar ki, ABŞ-Aİ-Ermənistan danışıqlarında, sən demə, "ümumiyyətlə", hərbi komponent yoxmuş.

Aprelin 5-də Brüsseldə də razılaşdırılan bir mühüm məqamı vurğulamaq lazımdır: Avropa İttifaqı və ABŞ Ermənistana öldürücü silahların verilməsinə dair razılığa gəliblər. Üstəlik, hücum silahlarının tədarükü gözlənilir. Nəticədə İrəvan Qərbin Gürcüstana belə vermədiyini və uzun illər Ukraynaya verməkdən imtina etdiyini alacaq.

Ermənistan ordusunun NATO standartlarına tam uyğunlaşdırılması, rus hərbçilərinin və rusiyapərəst elementlərin Ermənistandan sıxışdırılmasını da Qərb İrəvandan tələb edir. Bütün bu hərəkətlər Ermənistanın ortamüddətli perspektivdə NATO-ya mümkün daxil olmasına hazırlıqdan xəbər verir. Qərb öz silah bazarını Ermənistanın üzünə açır və bu silahların Ermənistan tərəfindən alınmasını özü maliyyələşdirir.

Hadisələrin bu cür inkişafı mütləq Ermənistan ərazisində qeyri-regional mövcudluğun güclənməsinə gətirib çıxaracaq ki, bu da öz növbəsində Azərbaycanda haqlı olaraq müşahidə missiyasının himayəsi altında kəşfiyyat əməliyyatlarının dərinləşməsi kimi qəbul edilir. Bu tədbirlər bazalar və sərhədçilər haqqında yuxarıda qeyd olunan məlumatlarla yanaşı, regionda gərginliyi xeyli artıracaq.

Aİ Ermənistana Azərbaycanla sərhəddə müdafiə infrastrukturunun, o cümlədən mühəndis istehkamlarının yaradılmasında yardım edəcək.

Aİ-nin Azərbaycanla şərti, hələ razılaşdırılmamış sərhədin tamhüquqlu cəbhə xəttinə çevrilməsində, o cümlədən mühəndis istehkamlarının inşasında və çoxsaylı atəş mövqelərinin yaradılmasında Ermənistana yardımını İrəvanı itələməkdən başqa bir şey kimi xarakterizə etmək çətindir. Ermənistan və Aİ-nin sülh təşəbbüslərinə dəstək bəyanatlarına baxmayaraq, praktikada bu cür addımlar Azərbaycana qarşı potensial hücumlar üçün tramplin yaradılması kimi qiymətləndirilə bilər. Yada salaq ki, Ermənistan Azərbaycana qarşı öz Konstitusiyasında təsbit olunmuş ərazi iddialarından hələ də əl çəkməyib. Bu ölkənin Azərbaycana qarşı ekspansionist niyyətlərini institusional olaraq rədd etməsinə istinad etmədən hər hansı güclənməsi münaqişəni qızışdırmaq və sülh prosesini pozmağa bərabərdir.

Bu gün Ermənistan son dərəcə riskli, onun üçün böyük faciə ilə nəticələnə biləcək oyuna qarışıb. Nikol Paşinyan da qumarbaz kimi geosiyasi stavkaları artırır, dönməz şəkildə itirilənləri geri qaytarmağa çalışır, nəticədə ölkəsini daha böyük təhlükə qarşısında qoyur.

Nikol Paşinyan və administrasiyası indi üç antoqonist qüvvə — Qərb, Rusiya və İranla eyni anda əməkdaşlıq etmək, hər üç qüvvədən yararlanmaq və dividendlər əldə etmək niyyətindədir. İrəvanın illüziyalarındakı variantlar baş tutan deyil.

Təbii, ABŞ və Avropa İttifaqı, xüsusilə də Fransa erməniləri sürətlə silahlandırmağa başlayaraq İrəvan vasitəsilə Cənubi Qafqazdakı proseslərə ciddi təsir rıçağı əldə etmək, sonra da regional proseslərə təsir etmək fikrindədirlər. Bunun üçün digər dövlətlər də prosesə cəlb olunur — məsələn, Yunanıstan, Qazaxıstan, Belçika və hətta Tacikistanla Suriya. Ermənistan rəhbərliyinə ifrat dərəcədə vədlər verən Vaşinqton, Brüssel və Paris erməniləri silahlandıraq, onların ordularında ciddi islahatlar aparmaqla Rusiyanın bölgədəki təsir imkanlarını minimuma endirmək fikrindədirlər.

Amma silahlanan Ermənistan revanşist niyyətlərindən, Azərbaycan ərazilərinin bir qismini yenidən işğal etmək cəhdlərindən əl çəkəcəmi?

Sual ritorik deyil, çünki Qərb var qüvvəsi ilə Cənubi Qafqazda yeni gərginlik ocağı yaratmaqda, yeni risklərlə çağırışları formalaşdırmaqdadır.

Nikol Paşinyan bütün bunları hiss etdiyindən Aşağı Əskiparadakı ermənilər qarşısında ucuz melodramatik serial qəhrəmanları kimi çıxış edib.

Ermənistanı qarşıda çox ağır günlər gözləyir.

Avropa İttifaqına və hətta NATO-ya üzvlük vəd edilmiş bu süni dövlət növbəti dəfə aldanır.

Ermənilər yenə tələyə salınırlar və həmişə olduğu kimi, fayda götürən tərəf onları idarə etməyə can atanlar olacaq.

Xəbər lenti

Xəbər lenti