Bakı. Trend:
Seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır.
Trend xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.
O qeyd edib ki, təqdim edilən pulsuz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür.
“Pulsuz efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan
vaxtda ayrılmalıdır. Seçkiqabağı materialların efirə çıxma vaxtı və
tarixi müvafiq seçki komissiyasının yayımçının nümayəndələrinin
iştirakı ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir. Püşkatmanın
keçirilməsinin yeri və vaxtı haqqında məlumat rəsmi dərc
edilir.
İctimai yayımçı seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq
üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdır”,- deyə o
bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.