Bakı.Trend:
Hər zaman müstəmləkə siyasəti ilə fərqlənən Fransa Martinika xalqının öz müqəddəratını təyinetmə hüququnu da təmin etmir. Məhz buna görə də BMT Nizamnaməsinin 1(2)-ci maddəsini pozur. BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinika xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, BMT-nin 1514 (XV) saylı qətnaməsinə uyğun olaraq, Fransa müstəmləkə sistemini davam etdirdiyi üçün bu qətnaməninin müddəalarını pozur:
“Həmin qətnaməyə əsasən, Fransa Martinika xalqına müstəqillik və ya geniş daxili özünüidarə hüququ vermək istəmir və onun müddəalarını bilərəkdən pozur. Bu azmış kimi Fransa burada qanunsuz referendumlar keçirərək, müstəmləkə siyasətini daha da gücləndirib. Belə ki, 1946-cı ildə qanunsuz şəkildə keçirilən referendum nəticəsində Martinik Fransanın dənizaşırı departamenti statusunu alır.
Bununla, Martinika beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanınır və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edilir. Təbii ki, bu açıq-aşkar işğal, ilhaq siyasətidir”.
Deputat qeyd edib ki, 2003-cü ildə keçirilən referendumun nəticələri saxtalaşdırılıb və Fransanın ərazidə qeyri-qanuni fəaliyyəti daha da gücləndirilib:
“Elə 2010-cu il referendumunun da nəticələri saxtalaşdırılır və Fransa Martinika xalqının iradəsinə zidd addımlar atır, onların hüquqlarını daha da məhdudlaşdırır. Qeyd edim ki, yerli əhali qondarma referendumun nəticələrinin xalqın tam suverenliyini ifadə etmədiyini vurğulayırlar”.
Deputat əlavə edib ki, Fransanın Martinikada keçirdiyi özünəməxsus referendumlar beynəlxalq müşahidəçilər tərəfindən suverenlik hüququnun tam təmin edilməsi baxımından yetərsiz hesab olunur:
“Yerli əhali referendumun qeyri-obyektiv keçirildiyini və Fransanın təsirinin xalqın həqiqi iradəsini əks etdirmədiyini qeyd edirlər. Martinikada keçirilən referendumlar beynəlxalq hüquqa görə xalqın öz müqəddəratını tam təyin etmək hüququnu əks etdirmir. Fransanın referendumları xalqın iradəsini əks etdirdiyini bildirsə də, Martinika xalqı bu prosesi yetərsiz, qeyri-şəffaf və siyasi manipulyasiyaya açıq hesab edirlər”.
V.İskəndərov bildirib ki, bütün bunlardan sonra Fransanın demokratiyadan, insan haqlarından danışmağa heç bir haqqı yoxdur.
Siyasi şərhçi Tural İsmayılov isə bildirib ki, dünyanın siyasi güc mərkəzləri Fransanın Martinikada və digər koloniyalarda həyata keçirdiyi ağlasığmaz cinayətlərə göz yumur.
“Hazırkı dövrdə bütövlükdə beynəlxalq hüququ tapdalayaraq absurd formada neokolonializmi davam etdirmək təkcə Fransanın günahı deyil, eyni formada buna göz yuman və işlək vəziyyətdə olmayan beynəlxalq hüququn, dünya təşkilatlarının ayıbıdır. Fransanın açıq-aşkar BMT nizamnamələrini pozaraq Martinika xalqının bütün hüquqlarını ayaqlaması, martinikalılara qarşı keçirdiyi ardıcıl, qəbuledilməz addımlar dünya ictimai siyasi illiyində real qiymət almır.
Bütün bunlar da Fransanın azğınlaşmasına səbəb olur. Beynəlxalq təşkilatların susmasına səbəb isə onların məhz özlərinin Fransanı bu kimi cinayyətlərə təşviq etməsidir. Bu günə qədər beynəlxalq təşkilatlar Fransanın digər müstəmləkə altında saxladığı bölgələrdəki davranışlarına və insan hüquqlarına zidd hərəkətlərinə də göz yumublar. Hazırda həmin təşkilatlar Martinikada eyni qətliamları, hörmətsizlikləri davam etdirirlər. Hər halda bu, çox pis presedentdir.
Dünya birliyi adekvat addımlar atmır. Fransanın bu addımları Niderland kimi müstəmləkə dövlətləri təşviq edir. Onlar da müstəmləkə altında saxladıqları coğrafi ərazilərdə ağlasığmaz cinayətlər tödədirlər”, - deyə T.İsmayılov qeyd edib.