...

Qərbin Gürcüstanda sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti bütün region üçün təhdiddir - Azər Qarayev

Siyasət Materials 2 Dekabr 2024 19:03 (UTC +04:00)
Qərbin Gürcüstanda sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti bütün region üçün təhdiddir - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qərbin Gürcüstanda sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti bütün region üçün təhdiddir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Gürcüstanda baş verən son hadisələr bir daha göstərir ki, Qərb ölkələri QHT maliyyələşdirmə mexanizmlərindən istifadə edərək, xarici ölkələrin daxili işlərinə təsir göstərmək üçün müasir hibrid müharibə metodlarını tətbiq edir. Bu, yalnız Gürcüstanın sabitliyinə deyil, ümumilikdə Cənubi Qafqaz regionunun təhlükəsizliyinə ciddi təhdid yaradır.

Belə ki, Qərbin məliyyələşdirdiyi QHT-lər Gürcüstanda cəmiyyəti məqsədli şəkildə parçalayan ideoloji baza qurmağa çalışır. Bu mexanizm vasitəsilə dövlətin daxilində qərbyönümlü "manqurt dəstələr" formalaşdırılır. Həmin dəstələr LGBT, ifrat sağçı ideologiyalar və radikal liberal hərəkatları dəstəkləyərək, milli kimlik və dəyərləri arxa plana atmağa çalışırlar.

Maraqlıdır ki, bu gün Gürcüstanda siyasi müzakirələrdə ərazi bütövlüyü və itirilmiş torpaqların qaytarılması kimi milli prioritetlər artıq diqqətdən kənarda qalır. Bunun əvəzində Qərbin diktə etdiyi mövzular və digər ikinci dərəcəli məsələlər ictimai müzakirələrin əsas mövzusuna çevrilib. Bu, Qərbin Gürcüstan cəmiyyətini öz milli maraqlarından uzaqlaşdırmaq planının bir hissəsidir", - o bildirib.

A.Qarayev qeyd edib ki, Qərbin məqsədi Gürcüstanda 2014-cü ildə Ukraynada həyata keçirilmiş "Maydan ssenarisi"ni təkrarlamaqdır.

"Küçə döyüşləri, polisə qarşı zorakılıq və xaricdən gətirilmiş təxribatçı qrupların iştirakı ilə ölkə məqsədli şəkildə qeyri-sabitliyə sürüklənir. Toqquşmalarda, etirazlarda iştirak edənlər arasında silahlı şəxslərin olması ehtimalı da mövcuddur, bu isə, öz növbəsində, ciddi təhlükə yaradır. Bu cür şəxslərin planı, həmişə olduğu kimi, etirazçılara zərər yetirərək, hökuməti ittiham etməkdir.

Avropa İttifaqının Gürcüstandakı səfirinin ölkənin daxili işlərinə müdaxilə etməsi və Qərb diplomatlarının demokratik yolla seçilmiş hökumətə qarşı açıq şəkildə qarşı çıxmasını hibrid müharibə strategiyalarının tərkib hissəsi adlandırmaq olar. Bu, yalnız Gürcüstanın siyasi müstəqilliyinə deyil, həm də onun daxili idarəetmə sisteminə də təhdiddir. Qərbin bu cür müdaxilələri ölkənin demokratik prinsiplərini sarsıtmaq və yerli hakimiyyətin xalq qarşısındakı legitimliyini şübhə altına almaq məqsədini güdür", - A.Qarayev bildirib.

A.Qarayev vurğulayıb ki, bu ölkədə hər hansı bir qeyri-sabitlik regionun ümumi təhlükəsizliyinə mənfi təsir göstərəcək.

"Qərb Ukrayna xalqını müharibəyə sürüklədiyi kimi, indi də Gürcüstanda oxşar bir ssenarini həyata keçirmək istəyir. Gürcü xalqı isə bu prosesdə müdriklik nümayiş etdirməli və heç bir xarici qüvvənin əlində alət olmamalıdır. Gürcüstanın daxili məsələləri yalnız onun xalqına aiddir və xarici qüvvələr bu proseslərə müdaxilə etməməli, seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdır", - deyə politoloq əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti