Bakı. Trend:
Xocalı Memorial Kompleksinin layihəsi təsdiq edilib.
Trend xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.
"Xocalı Memorial Kompleksinin təməl qoyulması olub. Bilirsiniz, Heydər Əliyev Fondu tərəfindən layihənin icrası həyata keçiriləcək. Artıq bununla bağlı təsdiq edilmiş layihə var. Həmin layihənin icrasına başlanılacaq", - o bildirib.
Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.
Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.