Bakı. Trend:
Vaxtı ilə erməni faşizmi tərəfindən dədə-baba yurdundan didərgin salınan soydaşlarımızın yenidən Qərbi Azərbaycana qayıdışı tarixi ədalət və xalqımızın mənəvi bütövlüyünün təmini baxımından zəruridir.
Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər mühüm əhəmiyyətə malikdir:
“Qərbi Azərbaycana qayıdış, yüz minlərlə haqqı pozulan soydaşlarımızın hüququnun illər, əsrlər sonra bərpa edilməsi hər zaman Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçısı dəfələrlə Qərbi Azərbaycana qayıdışın vacibliyi ilə bağlı açıqlamalar verib, bu qayıdışın həm beynəlxalq hüquq, həm də tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də dövlət başçısının bu qayıdışı xalqımızın mənəvi bütövlüyünün təmini baxımından da vacib hesab etməsidir. Müzəffər Ali Komandan haqlı olaraq hesab edir ki, bu qayıdış xalqımızı öz mədəni irsini, tarixi yaddaşını bərpa etməyə, mənən və ruhən bütövləşməyə kömək edəcək.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsi öz aktuallığını əhəmiyyətli dərəcədə artırıb. Vətən müharibəsi nəticəsində erməni faşizmini darmadağın edərək ərazi bütövlüyünü təmin edən Azərbaycanın qarşısında dayanan iki mühüm hədəf var ki, bunlardan biri işğaldan azad edilən ərazilərdə həyatı dirçəltmək, bu coğrafiyanı bütün regionun əsas iqtisadi güc mərkəzlərindən birinə çevirməkdir. Hansı ki, dövlətimiz Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında bu istiqamətdə heyrətamiz layihələr həyata keçirməkdədir.
Digər bir məqsəd isə Qərbi Azərbaycana qayıdışı təmin etmək, bu ərazilərdə silinən tarixi irsimizi bərpa etməkdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Qərbi Azərbaycandan didərgin salınan vətəndaşların tarxi yurduna qayıdışını təmin edəcək və bu məqsədinə sülh yolu ilə nail olacaq. Prezidentin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bu məsələyə bir daha diqqət çəkməsi dövlətimiz üçün bu məqsədin bundan sonra da öz prioritetliyini qoruyub saxlayacağını göstərir”.