Bakı. Trend:
Fevralın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan
ilə Almaniya arasında mövcud ikitərəfli münasibətlərin cari
vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional
təhlükəsizlik məsələləri müzakirə olunub.
Siyasi dialoqun yüksək səviyyədə davam etdirilməsinin əhəmiyyəti
vurğulanaraq, qarşılıqlı səfərlərin və beynəlxalq platformalar
çərçivəsində görüşlərin əməkdaşlığın dərinləşdirilməsinə mühüm
töhfə verdiyi qeyd edilib.
İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı,
nəqliyyat və logistika, eləcə də mədəni və humanitar sahələrdə
əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji
enerji və nəqliyyat layihələrinin Avropanın enerji təhlükəsizliyinə
və regionda dayanıqlı inkişafın təmin olunmasına verdiyi töhfə
diqqətə çatdırılıb. Bərpa olunan enerji mənbələri sahəsində
əməkdaşlıq və “yaşıl keçid” istiqamətində birgə layihələrin,
Mərkəzi Asiya daxil olmaqla geniş bölgədə səylərin perspektivləri
nəzərdən keçirilib.
Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətlərin
əhəmiyyətinə toxunularaq, çoxtərəfli platformalarda bir-birinin
legitim maraqlarına hörmət və qarşılıqlı etimada əsaslanan
əməkdaşlığın və dəstəyin davam etdirilməsindən məmnunluq ifadə
olunub.
Post-münaqişə dövründə regionda mövcud vəziyyət,
Ermənistan-Azərbaycan normallaşma prosesi və tarixi Vaşinqton
Zirvəsindən sonra bölgədə de-fakto sülhün və ilkin əməkdaşlığın
təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar barədə
qarşı tərəfə məlumat verilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
xxx
22:25
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Federal xarici işlər naziri Yohann David Vadeful ilə görüşüb.
Trend-in Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, müzakirələr zamanı əsas diqqət Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişafına, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyata keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlıq məsələlərinə yönəldilib.
Görüş zamanı regional hadisələr, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi və münaqişədən sonrakı bərpa səyləri də müzakirə olunub.
