...

TURQAY BAYRAMOVUN MƏHKƏMƏSİ İYULUN 22-DƏ DAVAM ETDİRİLƏCƏK

Siyasət Materials 18 İyul 2005 16:16 (UTC +04:00)

İyulun 18-də saat 11.00-da Nizami rayon məhkəməsində Elmar Hüseynovun qətli ilə bağlı həbs olunmuş Turqay Bayramovun işi üzrə hazırlıq iclası keçirilb.

Trend in məlumatına görə, hakim Hüseyn Hüseynovun sədrliyi ilə keçən iclasda T.Bayramovun vəkili Namizəd Səfərov çıxış edib. Vəkil T.Bayramovun əməlində ağır cinayət tərkibinin olmadığını və ictimaiyyət üçün təhlükə törətmədiyini hakimin diqqətinə çatdırıb.

Namizəd Səfərov müdafiə etdiyi şəxsin ailə tərkibi barədə məlumat verib, daimi yaşayış yerinin olduğunu və məhkəmədən gizlənmədiyini əsas gətirərək, onun azadlığa buraxılmasını tələb edib.

Dövlət ittihamçısı - Respublika Prokurorluğu Dövlət ittihamı İdarəsinin rəis müavini Abdulla Yusifov isə vəkilin bu vəsatətinin təmin olunmamasını xahiş edib. Dövlət ittihamçısı bildirib ki, müttəhim azadlığa buraxılarsa, bu işdə maraqlı olan şəxslər ona təsir göstərə bilərlər.

Dövlət ittihamçısının çıxışından sonra məhkəmə heyəti T.Bayramovun barəsindəki həbs qəti imkan tədbirinin dəyişdirilməsinə dair vəkilin vəsatətini təmin etməyib. Hakim H.Hüseynov növbəti məhkəmə iclasının iyulun 22-nə təyin olunduğunu elan edib.

Qeyd edək ki, Turqay Bayramov bu il martın 26-da həbs olunub, barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi açılıb. O, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən və hazırda beynəlxalq axtarışda olan Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevə saxta sənədlərlə mobil telefon nömrələri almaqda ittiham olunur.

Xəbər lenti

Xəbər lenti