...

İQTİDARLA MÜXALİFƏTİN DÖRDÜNCÜ DİALOQU BAŞ TUTMAYA BİLƏR

Siyasət Materials 25 Avqust 2005 16:42 (UTC +04:00)

"Çox güman ki, seçkilərə qədər iqtidarla müxalifət arasında dördüncü dialoq baş tutmasın. Dialoqun baş tutmasına mane olan Yeni Azərbaycan Partiyası (YAP), Ana Vətən Partiyası (AVP) və Sosial Rifah Partiyasıdır (SRP) ". Bu barədə Trend agentliyinə dialoqun təşkilatçılığını üzərinə götürən Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müşaviri Arif İsmayılbəyli məlumat verib.

A.İsmayılbəyli bildirib ki, dialoq 10 avqusta planlaşdırılıb: "Lakin YAP, SRP və AVP rəhbərliyi bizə cavab verdi ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli orada iştirak edəcəksə, biz belə dialoqun tərəfdarı deyilik".

Müşavir onu da qeyd edib ki, VHP sədri Sabir Rüstəmxanlı dialoq məsələsi ilə bağlı bir daha YAP-ın icraçı katibi Əli Əhmədovla danışıq aparıb. Lakin Ə.Əhmədov əvvəlki qərarlarında israrlı olduqlarını S.Rüstəmxanlının nəzərinə çatdırıb.

"Biz cəmiyyətdə vətəndaş həmrəyliyinin tərəfdarıyıq. Ancaq dava-dalaşla partiyaları bir araya yığmaq fikrində deyilik" - deyən A.İsmayılbəyli bundan sonra VHP-nin dialoqla bağlı heç bir partiyaya müraciət etməyəcəyini bildirib.

YAP-ın icraçı katibinin müavini Bahar Muradova Trend agentliyinə AXCP sədri Əli Kərimovun qatılacağı tədbirdə təmsil etdiyi partiyanın iştirak etməyəcəyini bununla əlaqələndirib: "Onun rəhbərlik etdiyi partiya Ermənistan xüsusi kəşfiyyat orqanları ilə işbirliyi qurub. Azərbaycanın milli maraqlarını pula satan bir şəxslə masa arxasında əyləşə bilmərik. Bu təkcə YAP-ın yox, bütün cəmiyyətin gəldiyi qərardır".

Xəbər lenti

Xəbər lenti