...

PROKUROR ÇAĞIRIŞÇILARI HƏRBİ XİDMƏTDƏN YAYINDIRMIŞ YÜKSƏK RÜTBƏLİ ZABİTLƏRƏ CƏZA TƏLƏB EDİB

Siyasət Materials 1 Sentyabr 2005 16:49 (UTC +04:00)

Sentyabrın 1-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə hakim Mehdi Əsədovun sədrliyi ilə 17 nəfər yüksək rütbəli zabitin məhkəməsi davam etdirilib. Trend məlumat verir ki, yekunlaşmaq üzrə olan məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək müttəhimlərə cəza tələb edib. Prokuror çıxışında qeyd edib ki, 1 aydan artıq davam edən məhkəmə prosesində təqsirləndirilənlərə qarşı irəli sürülən ittihamlar şahid ifadələri ilə sübuta yetirilib.

Müdafiə Nazirliyinin yüksək rütbəli qulluqçuları və MTN Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin (HƏKBİ) N saylı hərbi hissəsinin baş əməliyyat müvəkkili və MTN HƏKBİ 1-ci şöbəsinin baş əməliyyat müvəkkilinin öz qulluq mövqeyindən sui-istifadə etdikləri rməhkəmə yolu ilə sübuta yetirilib.

Saxta yolla hazırladıqları sənədlər əsasında ordudan yayınmaq istəyən çağırışçılara bu cinayətdə köməklik göstəriblər. Həmin çağırışçılardan rüşvət alaraq hərbi xidmət etmədikləri halda onları hərbi biletlə təmin ediblər.

Beləliklə də, bir neçə ildir ki, hərbi xidmət göstərmək həvəsində olmayan çoxsaylı çağırışçılar bu yolla hərbi xidmətdən yayına biliblər. Məhkəmə araşdırması zamanı hərbi xidmətdən çağırışçıları yayındırmaq üçün alınmış rüşvətlərin məbləği də müəyyən edilib. Aydınlaşdırılıb ki, bu məbləğ 1200-2200 ABŞ dolları civarında olub.

O da bəlli olub ki, yüksək rütbəli zabitlər eyni zamanda bəzi əsgərləri qeyri-qanuni yolla aylığa buraxmaqla da pul qazanıblar.

Prokuror çıxışının sonunda məhkəmədən yüksək rütbəli zabitlərdən Vaqif Talıbova, Ziya Nəcəfova və Rəşid Sadıqzadə 8 il 6 ay, Həbibulla Şabanova, Əhəd Mehdiyevə, Eldəniz Seyidəliyevə və Mövsüm Dilxastiyə 5 il, Əmrah Cabbarlıya və Mirzə Mirzəyevə 4 il, Əli Məlikova və Rauf Əliyevə 9 il, Ərəstun Bağırova 6 il, Akif Babayevə və Huşyar Quliyevə 5 il 6 ay, Rövşən Əliyevə 2 il cəza təyin edilməsini, Nəbi Məmmədov və Elşən Seyidəliyev barəsində isə cərimə qərarı çıxarılmasını tələb edib.

Sentyabırn 5-də hökm elan ediləcək.

Xəbər lenti

Xəbər lenti