...

İSLAM PARTİYASI VİDADİ MAHMUDLUNUN ÖZ MƏQSƏDİ ÜÇÜN QANUNSUZLUQ ETDİYİ QƏNAƏTİNDƏDİR

Siyasət Materials 14 Sentyabr 2005 19:50 (UTC +04:00)

İslam Partiyasının sədri Hacıağı Nurinin namizədliyinin ləğv olunması barədə Mərkəzi Seçki Komissiyasının (MSK) çıxardığı qərardan apellyasiya şikayəti veriləcək.

Bu barədə Trend ə "Azərbaycançı Qüvvələr" Seçki Blokunun seçki qərargahının rəhbəri, İslam Partiyasının sədr müavini Rövşən Əhmədli məlumat verib.

O, bildirib ki, Hacıağa Nurinin namizədliyinin ləğv olunması qanunsuz qərardır. Çünki dövlət qeydiyyatından keçməyən partiyanın üzvü olmaq həmin vətəndaşın konstutision hüquqlarını məhdudlaşdırmır.

Qeyd edək ki, MSK-nın katibi Vidadi Mahmudov komissiyanın iclasında bildirib ki, seçkidə "Azərbaycançı Qüvvələr" Seçki Blokunun siyahısı üzrə iştirak edən Hacıağa Nurinin 28 saylı Sabunçu 3-cü seçki dairəsindən namizədliyi İslam Partiyasının nümayəndəsi kimi qeydə alınıb.

Amma İslam Partiyasının dövlət qeydiyyatı olmadığına görə, bu partiyanın nümayəndəsi kimi seçkidə iştirakı qanuna ziddir. Buna görə də H.Nurinin namizədliyi ləğv olunub.

Rövşən Əhmədli bildirib ki, İslam Partiyasının bütün namizədlərinin sənədləri qanunun bütün tələblərinə uyğun şəkildə hazırlanıb və H.Nurinin partiya mənsubiyyəti göstərildiyinə görə indiyədək onlara heç bir xəbərdarlıq edilməyib: "Hacıağa Nurinin namizədliyini "Azərbaycançı Qüvvələr" seçki blokunun üzvü, dövlət qeydiyyatı olan Birlik Partiyası irəli sürüb.

Dövlət qeydiyyatı olan bir partiyanın istədiyi şəxsin namizədliyini irəli sürməyə ixtiyarı yoxdur? Hacıağa Nurinin namizədliyinin ləğv olunması absurddur və məntiqə uyğun deyil"-deyə Rövşən Əhmədli vurğulayıb.

O, əlavə edib ki, ərizədə namizədin öz arzusuna əsasən partiya mənsubiyyəti göstərilir. Həmçinin MSK-nın rəsmi saytında namizədlər siyahısında H.Nurinin partiya mənsubiyyətinin məlum olmadığı yazılıb.

R.Əhmədli MSK katibi Vidadi Mahmudovun bu məsələni qaldıraraq H.Nurinin namizədliyinin ləğvinə nail olmasını məqsədli şəkildə etdiyini deyib. Qeyd edək ki, həmin seçki dairəsindən V.Mahmudovun da üzvü olduğu Müsavat Partiyasının başqan müavini Rauf Arifoğlu namizəddir.

"MSK üzvü kiminsə təəssübünü çəkməməlidir. Əgər MSK üzvü qanunu pozursa, deməli onun bu məsələdə məqsədi var. Məqsəd olmadan qanunun tələbləri pozula bilməz"-deyə İslam Partiyası funksioneri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti