...

AMDP ƏDLİYYƏ NAZİRLİYİ QARŞISINDA SONUNCU PİKETƏ CƏHD GÖSTƏRDİ

Siyasət Materials 16 Sentyabr 2005 13:32 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) Ədliyyə Nazirliyi qarşısında keçirdiyi silsilə piketlərdən sonuncu aksiyaya sentyabrın 16-da cəhd göstərildi. Trend in məlumatına görə, saat 12.00 radələrində partiya fəalları Ədliyyə Nazirliyinin binası qarşısında toplaşıblar. Partiya fəalları "Milli Demokrat Partiyasın qeydiyyat!", "Məmur özbaşınalığa son qoyulsun!", "Qanunlara hörmət olunsun!" şüarlarını səsləndirib, plakatlarını nümayiş etdiriblər. Lakin piketin qətnaməsi oxunan zaman polis əməkdaşları aksiyanı dağıdıblar. Piket iştirakçıları nazirliyin binası qarşısından uzaqlaşdırılıblar. Aksiyanın qətnaməsi Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə təqdim olunub.

Bu dəfəki piketdə aksiya iştirakçılarından heç kəs həbs olunmayıb. Partiya üzvləri polis müdaxiləsinə baxmayaraq, piketi baş tutmuş hesab edirlər. Partiya fəalları Ədliyyə Nazirliyinə AMDP-nin dövlət qeydiyyatına alınmasının yubadıldığına görə etiraz edirlər.

Qeyd edək ki, bu aksiya AMDP-nin planlaşdırdığı sonuncu piket idi. Partiyadan bildirilib ki, Ədliyyə Nazirliyi qarşısında yenidən aksiyalara parlament seçkisindən sonra başlanacaq. Bundan əvvəl isə partiya sentyabrın 24-də "Qələbə" meydanında mitinq keçirəcək.

Xəbər lenti

Xəbər lenti