...

"RİTA" QASIRĞASININ GÖZLƏNİLDİYİ ZONADA YAŞAYAN AZƏRBAYCAN VƏTƏNDAŞLARINDAN MÜRACİƏT DAXİL OLMAYIB

Siyasət Materials 23 Sentyabr 2005 21:15 (UTC +04:00)
"RİTA" QASIRĞASININ GÖZLƏNİLDİYİ ZONADA YAŞAYAN AZƏRBAYCAN VƏTƏNDAŞLARINDAN MÜRACİƏT DAXİL OLMAYIB

"Azərbaycanın Vaşinqtondakı səfirliyi ABŞ-ın Dövlət Departamenti ilə daim əlaqə saxlayaraq "Rita" qasırğasının gözlənildiyi regiondakı vəziyyəti izləyir".

Bu barədə Trend ə Azərbaycanın Vaşinqtondakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Tahir Kərimov məlumat verib.

Diplomat qeyd edib ki, ABŞ-ın Dövlət Departamenti artıq qaynar xətt yaradıb və bu xətlə fəlakət zonasında vəziyyətə dair məlumatlar daxil olur.

T.Kərimovun sözlərinə görə, Amerika hökuməti yerlərdə Azərbaycan hökumətinin də əlaqə saxladığı xüsusi mobil qruplar yaradıb.

"Son məlumatlara görə, təbii fəlakət zonasında yaşayan Azərbaycan vətəndaşlarından səfirliyə heç bir müraciət daxil olmayıb. Qasırğa isə ABŞ sahillərinə hələ çatmayıb", - deyə diplomat bildirib.

O, həmçinin, əlavə edib ki, Vaşinqtonun fəlakət zonasından uzaqda yerləşməsi ilə əlaqədar Azərbaycan səfirliyində "Rita" qasırğasının yaxınlaşması ilə bağlı heç bir tədbir görülmür.

Qeyd edək ki, Rita qasırğası gücünə görə avqustun sonunda ABŞ sahillərində çox güclü dağıntılar törətmiş Katrina qasırğasından geri qalmır. Tropik fırtına 5 bal gücündə qiymətləndirilir. Xatırladaq ki, şkalada son göstərici elə 5 baldır. Hazırda qasırğa Meksika körfəzinin akvatoriyasından qərb istiqamətində ABŞ-ın Texas və Luiziana ştatlarına doğru hərəkət edir.

Xəbər lenti

Xəbər lenti