...

"Yeni Siyasət" bloku MSK-nı şikayətlərə cavab verməməkdə ittiham edib

Siyasət Materials 27 Oktyabr 2005 18:50 (UTC +04:00)

"Yeni Siyasət" seçki bloku Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbərliyini seçki qanunvericiliyini və prezident İlham Əliyevin icra strukturlarının seçki prosesinə müdaxiləsini qadağan edən sərəncamını pozmaqda ittiham edib. Blokun Seçki Qərargahından Trend ə bildirilib ki, "Yeni Siyasət"in 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizədi Xanhüseyn Əliyevin Apellyasiya məhkəməsinin qərarı ilə namizədliyi ləğv olunub. 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin dairə seçki komissiyası məşkəmə qarşısında X.Əliyevin namizədliyinin ləğv olunması iddiası ilə çıxış edib, səbəb kimi isə namizədin ona səs verməsi müqabilində üç seçiciyə 100 min manat məbləğində pul verməsi göstərilib.

"Yeni Siyasət" bloku məhkəmənin həmin iddianı təmin etməsini məntiqsiz və ədalətsiz qərar kimi qiymətləndirib, eyni zamanda həmin dairədə X.Əliyevə qarşı edilmiş hədələr barədə vaxtında MSK-ya edilmiş müraciətlərə heç bir reaksiya vermədiyinə görə, bu qurumu da günahlandırıb. "Yeni Siyasət" blokunun bəyanatında bilidrilir ki, MSK rəhbərliyi blokun səlahiyyətli nümayəndələrini qəbul etməyə vaxt tapmayıb, lakin həmin vaxtda Nəsimi rayon məhkəməsinin hakimini,58 saylı DSK-nın sədrini və Hacıqabulun icra başçısının müavinini qəbul edib.

MSK-dan isə bildirilib ki, "Yeni Siyasət" blokunun səlahiyyətli nümayəndələri komissiyanın sədri ilə görüşmək üçün müracət etməyiblər. Qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin sözlərinə görə, həmin blokun səlahiyyətli nümayəndələri MSK-nın iclaslarında da iştirak etmirlər: "Məhkəmənin çıxardığı hər hansı qərarın MSK-ya aidiyyatı yoxdur. Ona görə də məhkəmələrin qərarlarına görə MSK-nı günahlandırmaq anormal haldır. Bundan bdaşqa "Yeni Siyasət" blokunun səlahiyyətli nümayəndələri özləri iclaslara qatılmırlarsa, MSK rəhbərliyi ilə görüşə bilmədiklərini necə söyləyə bilirlər?"-deyə A.Sarıyev bildirib.

Xəbər lenti

Xəbər lenti