...

Mats Lindberq: "Avropa Şurası Azərbaycanda demokratik təsisatların inkişafına dəstək üzrə fəal işləri davam etdirəcək"

Siyasət Materials 9 Dekabr 2005 12:27 (UTC +04:00)
Mats Lindberq: "Avropa Şurası Azərbaycanda demokratik təsisatların inkişafına dəstək üzrə fəal işləri davam etdirəcək"

Avropa Şurası baş katibinin Bakıdakı xüsusi nümayəndəsinin Trend ə müsahibəsi

- Sizin fikrinizcə, "Avropa Şurasının Azərbaycandakı seçkilərə dair fəaliyyət proqramı" nə dərəcədə uğurludur? Planın bütün bəndlərini həyata keçirmək mümkün oldumu?

- Avropa Şurasının Azərbaycandakı seçkilərə dair fəaliyyət proqramının nə dərəcədə uğurlu olmasını konkret olaraq qiymətləndirmək çətindir. Avropa Şurası Parlament Assambleyası seçki prosesində çox ciddi çatışmazlıqlar müşahidə edib. Bu isə fəaliyyət planının kifayət qədər uğurla yerinə yetirilməməsi deməkdir. Digər tərəfdən, "plansız daha çox çatışmazlıq ola bilərdimi?" sualı yaranır. İstənilən halda fəaliyyət planının müsbət təsiri olacaq və biz bunu uzun müddət, yəni növbəti seçkilərdə də hiss edəcəyimizə ümidvarıq.

Mərkəzi Seçki Komissiyasında şikayətlərə baxılması prosedurlarının normativ əsası seçkilərə dair fəaliyyət planı çərçivəsində MSK-ya dəstək məqsədilə göndərilmiş AŞ ekspertinin dəstəyi ilə hazırlanıb. Prosedur qaydaları qəbul olunub və onlar növbəti seçkilərdə də istifadə oluna bilər.

Fəaliyyət planı çərçivəsində hakimlər, seçki məntəqələri və KİV nümayəndələri üçün treninqlər keçirilib. Mənə elə gəlir ki, onların bir nəticəsi olub və əldə edilmiş təcrübəni gələcəkdə tətbiq etmək mümkün olacaq.

- 6 noyabr parlament seçkilərini necə qiymətləndirirsiniz?

- Parlament seçkilərini yalnız Avropa Şurasının əsas orqanı olan və seçkilərin monitorinqini keçirmiş Parlament Assambleyası qiymətləndirə bilər. AŞ PA-nın daimi komitəsinin bu yaxınlarda seçkilərlə bağlı təsdiqlədiyi hesabat isə artıq açıqlanıb.

Məni AŞ PA-nın qeyd etdiyi ciddi çatışmazlıqlar narahat edir. Lakin mən bu mövqeni bütövlükdə Azərbaycanda demokratik təsisatların inkişafına dəstək, o cümlədən azad və ədalətli seçkilərə zəmanət vermək məqsədilə AŞ tərəfindən çətin işlərin görülməsi zəruriliyi əlaməti kimi qəbul edirəm.

- Azərbaycanda demokratik təsisatların inkişafına dəstək üzrə fəaliyyət davam etdiriləcəkmi və sizcə, hansı istiqamətlər daha aktualdır?

- Mən bu suala müsbət cavab verirəm. Yaxın illərdə Avropa Şurası Azərbaycanda demokratik təsisatların inkişafına dəstək məqsədilə fəal işləri davam etdirəcək. AŞ-nin səyləri bir tərəfdən Azərbaycanın bu təşkilat qarşısında üzvlük öhdəliklərinin yerinə yetirilməsinə, digər tərəfdən isə onun köməyinə ehtiyac duyulduğu sahələrə, xüsusilə azad və ədalətli seçkilərin keçirilməsinə yönəldiləcək.

- Seçki dövründə KİV-in fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, AŞ seçki kampaniyası zamanı Azərbaycan KİV-nin Davranış Kodeksinin qəbul olunmasına yardım göstərib, daha sonra isə bu Kodeksə uyğun olaraq media orqanlarının monitorinqinin keçirilməsi təşəbbüsünü dəstəkləyib. 2 ay davam etmiş monitorinq KİV-in Kodeks standartlarına münasibətinin yaxşılaşdığını göstərib. Buna görə də düşünürəm ki, seçki kampaniyası zamanı KİV orqanlarının siyasəti qənaətbəxş olmasa da, ümumi vəziyyət yaxşılaşıb.

- Oktyabr ayının sonuna kimi AŞ-nin dəstəyi ilə "Azərbaycan polisinin Davranış Kodeksi"nə dəyişikliyin edilməsi gözlənilirdi. Bu prosesin ləngiməsinə səbəb nədir?

- Avropa Şurası Azərbaycanın hüquq mühafizə orqanlarının dəstəklənməsi, xüsusilə Polis Etikası Kodeksinin hazırlanması və qəbul olunmasına dair bir sıra layihəni həyata keçirir. Lakin bu, uzunmüddətli layihədir və oktyabrda keçirilmiş seminar bu layihə çərçivəsində ilk addım idi. AŞ Polis Etikası Kodeksinin yaradılması ilə bağlı məsləhətlər verməkdə davam edəcək və ümid edirik ki, bu sənəd son dərəcə yüksək peşəkarlıqla hazırlanaraq 2006-cı ildə qəbul olunacaq.

- AŞ rəhbərliyinə təqdim etmək üçün ofisiniz tərəfindən hər hansı yeni sənəd hazırlanırmı? Təşkilatın yanvar sessiyasında bu sənədlərin müzakirəyə çıxarılacağı nəzərdə tutulurmu?

- Rəhbərlik etdiyim ofis AŞ rəhbərliyinə, xüsusilə təşkilatın Baş katibinə müntəzəm olaraq məruzələr göndərir. Güman edirəm ki, bəzən tövsiyələrin də öz əksini tapdığı bu məruzələr nəzərə alınacaq. Bununla belə, AŞPA-da müzakirə etmək üçün formal sənədlər hazırlamaq Baş katibin xüsusi nümayəndəsinin vəzifəsi deyil.

Xəbər lenti

Xəbər lenti