...

Əli Əliyev: "Azadlıq" blokuna qoşulmağım barədə deyilənlər cəfəngiyatdır

Siyasət Materials 9 Dekabr 2005 14:19 (UTC +04:00)

"Mənim "Azadlıq" blokuna qoşulmağım barədə deyilənlər cəfəngiyatdır". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev bildirib.

O, deyib ki, "Azadlıq" bloku və Milli Birlik Hərəkatı ilə əməkdaşlığa özü qərar verib və bu məsələ AMİP-də də müzakirə olunub. Əli Əliyevin sözlərinə görə, AMİP 6 noyabr parlament seçkilərinin nəticələrinə etiraz bəyanatı verib və adları çəkilən digər müxalifət qurumları ilə əməkdaşlığı da təqdir edib: "AMİP-də sədrlik postu qurultayla müəyyənləşən siyasi institutdur. Bu səlahiyyət çərçivəsində mən müxalifət qüvvələri ilə əməkdaşlığa qərar vermişəm və bu mövqeyim partiyada da razılıqla qarşılanıb. Amma AMİP-in "Azadlıq" blokuna qoşulmasına dair mənim və ya partiyanın hər hansı bir qərarı yoxdur"-deyə Əli Əliyev bildirib.

O, həmçinin qeyd edib ki, AMİP lideri Etibar Məmmədovun partiyanın "Azadlıq" blokuna qoşulub-qoşulmamasına dair mövqeyinin nədən ibarət olduğunu bilmir: "Etibar Məmmədovla bu məsələni müzakirə etməmişik. Ona görə də onun fikirləri mənə məlum deyil. AMİP-in "Azadlıq" blku və Milli Birlik Hərəkatı ilə əməkdaşlıq formaları partiyamızın Mərkəzi Şurasında müzakirəyə çıxarılacaq və müvafiq qərarlar veriləcək".

Xəbər lenti

Xəbər lenti