...

Brüsseldə Avropa Birliyi-Azərbaycan əməkdaşlıq Şurasının danışıqları gedir

Siyasət Materials 13 Dekabr 2005 16:32 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa Birliyi-Azərbaycan əməkdaşlıq Şurasının toplantısı çərçivəsində birliyin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirir. Trend ə bu barədə Azərbaycan XİN-nin mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Görüşlər Azərbaycan, Gürcüstan və Ermənistanın XİN başçılarının iştirakı ilə AB-Cənubi Qafqaz məsləhətləşmələri çərçivəsində keçirilir.

Dekabrın 12-də E.Məmmədyarov AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitie ilə görüşüb. Dekabrın 13-də hər üç dövlətin xarici işlər nazirlərinin AB-nin rəsmi nümayəndələri ilə qeyri-rəsmi görüşü olub. Bu görüşdə AB-ni H.Talvitie, AB-nin xarici siyasət üzrə baş direktorunun müavini Karel Kovan, Böyük Britaniyanın Cənubi Qafqaz üzrə nümayəndəsi Brayen Foll, və Avstriya XİN-nin baş katibi təmsil edib. T.Tağızadənin sözlərinə görə, görüşdə Cənubi Qafqazda münaqişələr və AB-nin Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq məsələlərinə baxılıb.

Azərbaycan XİN-nin rəsmi nümayəndəsinin sözlərinə görə, AB münaqişənin həllindən sonra bərpa prosesində, ərazilərin minalardan təmizlənməsində, donorluqda iştirak etməyə hazır olduğunu bir daha bildirib. AB-Cənubi Qafqaz əməkdaşlığına gəldikdə, bu məsələnin müzakirəsi hələ davam etdiriləcək. Proqrama, həmçinin, Azərbaycan-AB üçlüyü formatında görüşlər də daxildir.

T.Tağızadənin sözlərinə görə, Brüsseldə E.Məmmədyarovun Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla ayrılıqda görüşü nəzərdə tutulmayıb.

Xəbər lenti

Xəbər lenti