Milli Məclisin deputatları Qənirə Paşayeva, Elman Məmmədov və Həvva Məmmədova Türkiyədə Xocalı soyqırımının 14-cü ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 22-də Ankaraya yola düşüblər. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Fevralın 23-də Türkiyə Böyük Millət Məclisində deputatlarımızın iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş dinləmələr keçiriləcək. Fevralın 24-də Ankaranın mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan "Əbədi məşəl" abidəsi açılacaq, Türkiyə ictimaiyyəti və Azərbaycanın qardaş ölkədəki səfirliyinin nümayəndələri ilə birlikdə anma mərasimi təşkil olunacaq. Mərasimdən sonra Ankaranın Esterqon abidəsində deputatların, Türkiyənin ictimai-siyasi xadimlərinin, bu ölkəyə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Fondunun təşkil etdiyi "Xocalı soyqırımı" adlı sərgi nümayiş etdiriləcək. Sərgi ilə tanışlıqdan sonra Xocalı soyqırımına həsr olunmuş böyük tədbir keçiriləcək, Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" sənədli filmi göstəriləcək.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciəti oxunacaq. Sonra Milli Məclisin deputatları, ölkəmizin Türkiyədəki səfiri və ictimaiyyət nümayəndələri çıxış edəcək.