...

Abdulla Gül: "Biz Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi önəm veririk"

Siyasət Materials 7 Mart 2006 14:36 (UTC +04:00)
Abdulla Gül: "Biz Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi önəm veririk"

Türkiyənin xarici işlər naziri Abdulla Güllün Trend ə müsahibəsi

- Ankaranın Cənubi Qafqaz regionu ilə bağlı siyasətinin əsas prinsipləri nədən ibarətdir? Yaxın və uzaq perspektivdə Türkiyə-Azərbaycan münasibətlərinin inkişafını necə qörürsünüz?

- Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə nail olunması xarici siyasətimizdə həmişə əsas yer tutub. Region ölkələri ilə köklü tarixi və mədəni əlaqələrimiz mövcuddur. Cənubi Qafqazda müstəqil, iqtisadi və siyasi sabitliyə malik, öz aralarında sülh və əməkdaşlıq çərçivəsində yaşayan dövlətlərin varlığı və həmin ölkələrə bu istiqamətdə iqtisadi dəstək göstərilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizin Azərbaycan və Gürcüstan ilə dostluq əlaqələri və strateji əməkdaşlığı güclənməkdədir. Türkiyə hər iki ölkənin beynəlxalq cəmiyyətdə layiq olduğu yerə çatması istiqamətindəki səylərini məmnuniyyətlə izləməkdə və dəstəkləməkdədir. Azərbaycan və Gürcüstanın müstəqilliyinin və suverenliyinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması istiqamətində birbaşa səy göstəririk.
Mərhum prezident Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsi ilə mükəmməl şəkildə tamamladığı Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr xüsusi əhəmiyyətə malikdir. Hər bir sahədə əlaqələrimizin inkişafı məmnuniyyət doğurur. Türkiyə Azərbaycanın müstəqillik əldə etməsindən sonra qarşılaşdığı çətinlikləri aradan qaldıra bilməsi üçün ona hərbi, maddi-mənəvi, texniki və təhsil sahələrində hər cür dəstək verib. Dəstək və yardımlarımız bundan sonra da davam etdiriləcək.
Cənubi Qafqazda demokratiyanın əldə olunması xarici siyasətimizin əsas məqsədlərindən biridir. Demokratiyanı uzunmüddətli sabitliyin təminatı olaraq görürük. Demokratiyanın inkişafı prosesində konstitusion çərçivədə fəaliyyət göstərən müxalifətin demokratik kanallardan səsini eşitdirə bilməsinə imkan yaradılması mühümdür. 6 noyabr Milli Məclisə seçkilər bəzi nöqsanlara baxmayaraq, Azərbaycanın demokratikləşməsində bir mərhələ olub. Demokratikləşmənin davam etdirilməsi və bu istiqamətdəki islahatların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Qardaş Azərbaycan ilə birlikdə demokratiya, hüququn aliliyi, insan hüquq və azadlıqlarına hörmət kimi bəşəri dəyərlərə sahibik. Azərbaycan hakimiyyətinin ölkədə demokratik institutlarının inkişafındakı, bazar iqtisadiyyatının bütün qaydalarının tətbiq edilməsindəki səylərini dəstəkləməkdə davam edəcəyik.
Böyük potensiala malik iqtisadi və ticari əlaqələrin daha da inkişaf etdirilməsi birgə arzumuzdur. Xəzər hövzəsinin zəngin təbii ehtiyatları kimi iqtisadi potensialdan istifadə edilməsindən Azərbaycan və Türkiyə ilə yanaşı bütün regionun faydalana biləcəyi şübhəsizdir.
Region ölkələri ilə münasibətdə ikitərəfli əlaqələrimizlə yanaşı regional əməkdaşlığımızın inkişaf etdirilməsinə də xüsusi önəm veririk. Türkiyə, Azərbaycan və Gürcüstan son dövrlərdə hər biri bir "uğur hekayəsi" kimi qiymətləndirilə biləcək birgə layihələr həyata keçirir. 2006-cı ildə işə başlayacaq Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri, bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulan Bakı-Tbilisi-Ərzurum qaz kəməri, hazırda mühəndis-texniki işlərin davam etdirildiyi və yaxın vaxtda gerçəkləşdirilməsini arzu etdiyimiz Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu xətti bu mühüm layihələrdən bəziləridir.

- Türkiyənin Qafqazdakı problemlərin həllinə münasibəti necədir? Dağlıq Qarabağ probleminin həlli üçün rəsmi Ankara yaxın perspektivdə hər hansı yeni müdaxilələr edəcəkmi?

- Soyuq müharibə bitdikdən sonra Cənubi Qafqaz faciəvi hadisələrə səhnə olub. Milli və ərazi mübahisələrindən doğan qarşıdurmalar minlərcə qurban bahasına başa gəlib və on minlərlə insanın öz evindən qovulması ilə nəticələnib. Hələ də öz həllini tapmayan "donmuş münaqişələr" regionda davam etdirilə bilən sabitliyin və dirçəlişin önündə ən böyük maneədir.
Zəngin təbii ehtiyatlara və spesifik coğrafi mövqeyə malik olan Cənubi Qafqaz regionu bu gün beynəlxalq birliyin maraq mərkəzlərindən birinə çevrilib. Beynəlxalq birliyin bu marağından regiondakı münaqişələrin həlli mərhələsində istifadə olunmalıdır.
Regiondakı hər növ sabitsizliklik Türkiyənin maraqlarına mənfi təsir etmək potensialına malikdir. Bu səbəbdən beynəlxalq hüquq normalarına hörmət edilməsi çərçivəsində, bütün maraqlı tərəflərin qəbul edə biləcəyi sülh yolu ilə nizamlanmaya nail olunması istiqamətində səylərin artırılması vacibdir.
Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyimiz məlumdur. Sərhədlərin qüc yolu ilə dəyişilməzliyi və ərazi bütövlüyünə hörmət prinisplərini ehtiva edən beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən pozulması nəticəsində yaranmış bu problem təkcə region ölkələrini deyil, Cənubi Qafqazda sülhə, sabitliyə və sakitliyə əhəmiyyət verən bütün tərəfləri narahat edir.
Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür və razılaşma prosesi ilə əlaqədar hadisələri yaxından izləyir. Praqa formatı çərçivəsində problemin sülh yolu ilə həlli istiqamətində irəliləyişə nail olunacağına ümid edirik. Azərbaycan və Ermənistan arasında dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində keçirilən dialoqların davam etdirilməsi vacibdir.
Şübhə yoxdur ki, Dağlıq Qarabağ probleminin həlli regional əməkdaşlığa və Türkiyə-Ermənistan əlaqələrinin nizama salınmasına da öz müsbət təsirini göstərəcək. Minsk qrupunun üzvü kimi Türkiyə problemin həlli məsələlərinə fəal tövhə vermə iradəsini qoruyub saxlamaqdadır.
ATƏT-in Minsk prosesini problemin həllinə nail ola biləcək platforma olaraq görməkdə davam edirik. Bununla birlikdə, sülh prosesində mövcud düyünlərin aradan götürülməsi üçün uzaqgörən və əhatəli yanaşmaların, eləcə də yaradıcı təşəbbüslərin yararlı olacağına inanırıq. 2006-cı il fevralın 10-11-də Parisdə Azərbaycan və Ermənistan dövlət başçıları arasında keçirilmiş danışıqlarda münaqişənin həlli istiqamətində irəliləyişə nail olunmaması beynəlxalq içtimaiyyət tərəfindən də təəssüflə qarşilandı. 2006-cı ildə münaqişənin nizama salınmasında irəliləyişə nail olunması istiqamətində səylərin davam etdirilməsinin hər kəs üçün faydalı olacağını düşünürük.

- Ankara Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri xətti layihələri əsas olmaqla regional enerji layihələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hansı tədbirləri həyata keçirməyi planlaşdırır?

- Türkiyə 28 ildir ki, Kərkük-Yumurtalıq neft boru kəməri xəttini, 2002-ci ildən isə İran Təbii Qaz Kəməri xəttini qoruyur. Bu günədək sözügedən boru kəmərlərinin Türkiyəyə aid hissəsində təhlükəsizliklə bağlı bir problem yaranmayıb. Başqa sözlə, Türkiyənin boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsində kifayət qədər təcrübəyə malik olduğunu deyə bilərik. Hətta Türkiyənin bu məsələdə beynəlxalq səviyyədə ən təcrübəli ölkələrdən biri olduğunu da demək mümkündür.
Adını çəkdiyiniz layihələri də əhatə edən Şərq-Qərb Enerji Dəhlizinin Təhlükəsizliyinin Təmin edilməsinə dair Protokolun 7-ci maddəsinə əsasən, Türkiyə, Azərbaycan və Gürcüstan arasında Ortaq Boru Kəməri Təhlükəsizlik Komissiyası yaradılıb. Sözügedən Komissiyanın ilk iclası 2005-ci ilin 14 oktyabrında Ankarada üç ölkə nümayəndələrinin iştirakı ilə keçirilib. Həmin iclasda nümayəndə heyətləri BTC neft boru kəmərinin təhlükəsizliyinin qorunması, üç ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını qiymətləndiriblər.
Türkiyə öz ərazisindən keçən boru kəmərlərinin təhlükəsizliyini ümumi enerji təhlükəsizliynin ayrılmaz tərkib hissəsi kimi qəbul etməkdə və üzərinə düşən vəzifələri tam dəqiqliklə yerinə yetirməkdədir.

- Bakı-Axalkalaki-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üçün Ankara qısa müddətdə hansı rəsmi addımlar atmağı planlaşdırır?

- "Qars-Axalkalaki-Tbilisi-Bakı Yeni Dəmir Yolu Xətti" layihəsi (QATB) Türkiyə ilə Gürcüstan arasında birbaşa dəmir yolu xəttinin inşası, bu xəttin Azərbaycandakı xəttə qoşulması, adı çəkilən üç ölkənin müasir bir dəmir yolu şəbəkəsində birləşdirilməsi məqsədi daşıyır.
QATB layihəsi Asiya ilə Avropa arasındakı yük daşınmasında yeni imkanlar yaradır. Qərbdə "Marmaray" layihəsi, Şərqdə isə Çin Xalq Respublikası, Qazaxıstan (Aktau), Xəzər dənizi və Bakı arasında yaradılması mühüm olan dəmir yolu-dəniz yolu xətti ilə əlaqələndirildiyi halda, QATB dəmir yolu xətti Asiya ilə Avropa arasında Xəzər dənizindən keçən və hazırkı marşrutdan daha qısa olan dəmir yolu marşrutunun bir parçası olmaqdadır.
2004-cü ilin 28 dekabrında Tbilisidə Türkiyə-Gürcüstan-Azərbaycan arasında QATB layihəsinə dair protokol imzalanıb. Bu protokol çərçivəsində layihənin həyata keçirilməsi istiqamətində texniki işlərin ümumi bir işçi qrupu tərəfindən işlənməsi nəzərdə tutulmuşdur.
2005-ci il mayın 25-də BTC neft boru kəmərinə "ilk neftin verilməsi"nə dair Bakıda keçirilən mərasimdə iştirak edən Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçıları tərəfindən QATB layihəsinin dəstəklənməsinə dair bəyanat da imzalanıb. Layihə ilə baglı məsələləri nəzərdən keçirmək və gələcəkdə daha qəti addımlar atmaq üçün Türkiyə, Azərbaycan və Gürcüstan nazirləri 2005-ci il sentyabrın 19-da İstanbulda görüşüb. İclasın sonunda layihəyə dair hökumətlərarası anlaşmanın yaxın vaxtda imzalanması və layihənin maliyyələşdirilməsi üçün tədbirlərə başlanılması qərara alınıb.
Ölkəmiz tərəfindən maliyyələşdirilən və bir türk şirkəti tərəfindən aparılan mühəndis-texniki işlərin 2006-cı ildə başa çatdırılması nəzərdə tutulur.
Layihə üzrə beynəlxalq tender isə mühəndis-texniki hesabatın hazırlanmasından sonra elan edələcək.

- İslam Konfransı Təşkilatı, BMT və AŞ kimi beynəlxalq təşkilatlar çərçivəsində Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafını necə qiymətləndirirsiniz?

- Dost və qardaş Azərbaycanla hər sahədə olduğu kimi, İslam Konfransı Təşkiltında da (İKT) yaxın və konstruktiv əməkdaşlığımız mövcuddur. Türkiyə Azərbaycanı İKT-də ən çox dəstəkləyən ölkələrin başında yer alır. Türkiyənin İslam Dövlətləri Nazirlər Şurasının 31-ci sədri olduğu dövrdə Azərbaycana hər bir dəstək göstərdik.
Məlum olduğu kimi, Azərbaycan 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda keçiriləcək İKT Nazirlər Şurasının 33-cü iclasına faliyyətdə olan sədrlik vəzifəsini Yəməndən təhvil alacaq. Qlobal siyasətdə baş verən proseslər, regional həssaslıq və üzv dövlətlərin təşkilatdan gözləntilərinin artdığı bir dönəmdə İKT Nazirlər Şurasında sədrliyi təhvil alacaq Azərbaycana dəstəyimiz artaraq davam edəcək.
BMT çərçivəsində dost və qardaş Azərbaycan ilə əməkdaşlığımızdan məmnunluq duyuruq. Məlum olduğu kimi, 2008-ci ildə BMT-nin 62-cü sessiyası zamanı keçiriləcək 2009-2010-cu illər üçün BMT Təhlükəsizlik Şurasına keçici üzlük seçkilərində Türkiyə də namizədliyini irəli sürüb. Dost və qardaş Azərbaycanın üzvlüyümüzü dəstəklədiyini bildirməsi ölkəmiz tərəfindən böyük məmnuniyyətlə qarşılanıb. Türkiyə də Azərbaycanın 2006-2008-ci illər üçün BMT-nin İnsan Haqları Komissiyasına üzvlüyünü dəstəkləyib. Həmçinin 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın keçici üzvlüyə namizədliyi ölkəmiz tərəfindən dəstəklənəcək.
Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq Avropa Şurası daxilində də məmnunluq doğuracaq səviyyədədir. AŞ-nin əsasını qoyanlar arasında yer olan Türkiyə yarım əsr ərzində əldə etdiyi bilik və təcrübəni 2001-ci ildə bu təşkilata üzv olan Azərbaycanla bölüşür.
Avropa Şurasındakı əməkdaşlığımız Nazirlər Kabineti, Avropa Şurası Parlament Assambleyası (AŞPA) və AŞ Yerli və Regional Hakimiyyətlər Konqresində davam etdirilir. Bu əməkdaşlıq sayəsində iki ölkənin AŞ çərçivəsində qarşılaşdığı problemləri daha effektiv şəkildə həll etməsi, müsbət məsələləlrin isə ümumilikdə dəstəklənməsi mümkündür. Bu dəstəyə sonuncu dəfə bu ilin 23-27 yanvar tarixində keçirilən AŞPA-nın qış sessiyasında Azərbaycan deputatlarının mandat məsələsinə dair debatlar zamanı şahid olduq.
İki ölkənin bu əməkdaşlıqdan fayda əldə etdiyini görürük və əməkdaşlığın davam etdirilməsini diləyirik.

Xəbər lenti

Xəbər lenti