...

Lalə Şövkət: "Azadlıq" bloku Qarabağ, seçki, neft və korrupsiya sahələrini daim diqqətdə saxlayacaq

Siyasət Materials 31 Mart 2006 15:26 (UTC +04:00)

"Azadlıq" siyasi blokunun daha 4 komissiyasının yaradılmasına dair qərar verilib. Trend in məlumatına görə, bu barədə martın 31-də keçirilən mətbuat konfransında "Azadlıq" blokunun həmsədri, Milli Birlik Hərkatının lideri Lalə Şövkət açıqlama verib.

O, bildirib ki, "Azadlıq" blokunun strukturları formalaşdırılarkən 6 komissiyasının yaradılmasına qərar verilmişdi. Martın 31-də keçirilən Sədrlər Şurasının iclasında daha 4 komissiyanın əlavə edilməsi qərara alınıb. Bunlar "İnsan hüquqları", "Neft", "Korrupsiya" və "Dünya azərbaycanlıları" komissiyalarıdır. Yeni komissiyalar ölkədə insan haqlarının durumu, qorunması, həmçinin neft gəlirlərinin monitorinqi, şəffaflığının təmin olunması, dövlət strukturlarında korrupsiya halları, dünya azərbaycanlıları, Azərbaycan diaspor təşkilatları ilə iş üzrə məşğul olacaqlar. Bununla "Azadlıq" blokunun komissiyalarının sayı 10-a çatıb.

Lalə Şövkət qeyd edib ki, "Azadlıq" blokunun Qarabağ, neft, seçki və korrupsiya komissiyaları daha ciddi fəaliyyət göstərəcək və məhz bu sahələr daim diqqət mərkəzində olacaq.

İclasda həmçinin blok liderlərinin qərarı ilə Taleh Əşrəfov Sədrlər Şuranın katibi vəzifəsinə təyin olunub.

Aprelin 15-də blokun Ali Məclisinin ikinci sessiyasının, aprelin 21-də isə sahibkarlıq mövzusuna həsr olunmuş konfransın keçirilməsinə qərar verilib. Aprelin 1-də isə Şəkidə blokun 3-cü zona müşavirəsi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti