...

Azərbaycanın müdafiə naziri İranın müdafiə naziri ilə görüşüb

Siyasət Materials 19 Aprel 2006 19:39 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri İranın müdafiə naziri ilə görüşüb

Aprelin 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycana üçgünlük rəsmi səfərə gəlmiş İran İslam Respublikasının müdafiə naziri Mustafa Məhəmməd Nəccarla görüşüb. Trend xəbər verir ki, iki ölkənin nazirləri arasında keçirilmiş görüş zamanı heç bir sənəd imzalanmayıb.

Səfər Əbiyev prezident İlham Əliyevin 2005-cü ilin yanvar ayında İran İslam Respublikasına rəsmi səfərini xatırladaraq söyləyib ki, bu səfər Azərbaycan-İran əlaqələrinin daha da dərinləşməsinə təkan verib.

"İranla bütün sahələrdə, o cümlədən hərbi sahədə geniş əməkdaşlığa böyük əhəmiyyət veririk" - deyə nazir qeyd edib.

S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq qeyd edib ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. "Əgər danışıqlar bir nəticə verməsə, Azərbaycan digər imkanlarından istifadə edəcəkdir" - deyə S.Əbiyev söyləyib.

Mustafa Məhəmməd Nəccar isə öz növbəsində qeyd edib ki, bu səfər iki dövlət arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.

Qeyd edək ki, aprelin 20-də M.Nəccar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək. Elə həmin gün qonağın dövlət başçısı İlham Əliyevlə, Milli Məclisin spikeri Oqtay Əsədovla, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti