...

Məzahir Pənahov: "Mərkəzi Seçki Komissiyasına 13 müraciət daxil olub"

Siyasət Materials 13 May 2006 21:21 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mayın 13-də parlamentə keçirilən təkrar seçkilər başa çatdıqdan sonra keçirdiyi iclasda komissiyaya 13 müraciətin daxil olduğunu bildirib. Trend xəbər verir ki, MSK sədri saat 19.00-a olan məlumata əsasən seçkilərin normal keçdiyini vurğulayıb.

M.Pənahov qeyd edib ki, təkrar seçkiləri izləyən Avropa Şurası Parlament Assambleyası və müxtəlif diplomatik korpusun nümayəndələri prosesin normal keçdiyini söyləyiblər. Seçki günü MSK-ya13 müraciətin daxil olduğunu bildirən M.Pənahov müraciətlərə baxılmaq üçün müvafiq göstərişlər verildiyini deyib.

Daha sonra MSK üzvü Natiq Məmmədov daxil olan müraciətlər barədə məlumat verib. 31 saylı Suraxanı ikinci seçki dairəsi, 119 saylı Ağdam kənd seçki dairəsində baş verən bəzi qanunsuzluqlarla bağlı MSK-ya daxil olan müraciətlər baxılmaq üçün Dairə Seçki Komissiyalarına göndərilib. N.Məmmədovun təklifi ilə 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Arif Hacılının seçki qərərgahının rəhbəri tərəfindən edilən müraciət səsə qoyulub. Lakin müraciət hüquqi cəhətdən düzgün edilmədiyindən qəbul olunmayıb.

O da qeyd olunub ki, bəzi müraciətlər araşdırıldıqda faktlar təsdiqlənməyib. M.Pənahovun sözlərinə görə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən edilən müraciətə görə, guya seçki qutularına topa halında bülletenlər atılıb: "MSK-nın iki nümayəndəsini həmin seçki dairəsinə göndərdim. Müşahidəçilər belə bir faktla üzləşmədiklərini bildiriblər".

MSK üzvü Fuad Cavadov Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi tərəfindən MSK-ya daxil olan müraciət barədə məlumat verib. Bildirib ki, adıçəkilən cəmiyyətin nümayəndələri tərəfindən aparılan monitorinqdə pozuntuların aşkar olunmadığı göstərilib. Lakin müraciətdə göstərilən bəzi qanunsuzluqlarla bağlı fikirlər məntiqsiz olduğundan MSK sədri sənədin həqiqətən də adıçəkilən cəmiyyət tərəfindən daxil olub- olmadığını aydınlaşdırmaq üçün müvafiq göstəriş verib. Buna da səbəb MSK-ya daxil olan müraciətdə imzanın olmaması əsas göstərilib.

Xəbər lenti

Xəbər lenti