...

Əli Əhmədov: 2008-ci ilin prezident seçkilərinə qədər Yeni Azərbaycan Partiyası qarşısında bir sıra vacib vəzifələr dayanır

Siyasət Materials 31 May 2006 13:31 (UTC +04:00)
Əli Əhmədov: 2008-ci ilin prezident seçkilərinə qədər Yeni Azərbaycan Partiyası qarşısında bir sıra vacib vəzifələr dayanır

Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin birinci müavini, partiyanın icra katibi, millət vəkili Əli Əhmədov Trend ə eksklüziv müsahibə verib.

- Mayın 13-də parlamentə keçirilən təkrar seçkilərin nəticələrini necə qiymətləndirirsiniz?

- Hər bir seçki demokratik cəmiyyətin həyatında önəm daşıyan amillərdəndir. Azərbaycanda keçirilən bütün seçkilər, o cümlədən də son parlament seçkiləri də həyatımızın çox vacib aspektlərindən biridir. 2005-ci ilin noyabr ayında keçirilən parlament seçkiləri prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin birmənalı olaraq dəstəkləndiyini əyani şəkildə ortaya qoyub. Bunun davamı olaraq mayın 13-də keçirilən təkrar seçkilər bir daha cəmiyyətin məhz bu mövqedə dayandığını təsdiqləyib. YAP olaraq biz ölkəmizdə keçirilən parlament seçkilərinin bütövlükdə nəticələrini Azərbaycanın demokratiya baxımından daha da irəliyə getməsi kontekstindən qiymətləndiririk. Həqiqət və reallıq bundan ibarətdir ki, Azərbaycan demokratik inkişafı özünün prioriteti elan edib və bu istiqamətdə də uğurla irəliləməkdədir. Seçkilərin ədalətli və şəffaf keçirilməsi bu istiqamətdə Azərbaycanın atdığı addımların yeni bir pilləsi kimi qitymətləndirilə bilər. Parlament seçkilərinin nəticələrinə görə, Milli Məclisin təxminən yarısını YAP-ın təmsilçiləri təşkil edir. Doğrudur, təkrar seçkilərin nəticələri MSK tərəfindən hələ hüquqi təsdiqini tapmayıb, son nəticələr elan edilməyib. İlkin nəticələrin göstəricilərinə görə, YAP təkrar seçkilərin keçirildiyi 10 dairənin 5-də öz namizədini irəli sürərək qələbə qazanıb. Beləliklə də, əgər bu nəticələr də Konstitutsiya Məhkəməsi tərəfindən təsdiq olunacaqsa, onda YAP Milli Məclisdə 62 deputat mandatına sahib çıxacaq. Eyni zamanda mayın 13-də keçirilən təkrar seçkilər həm də o mənada çox böyük əhəmiyyət kəsb edir ki, seçkiləri müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri prosesin demokrtaik keçirildiyini bildiriblər. Seçkiləri müşahidə edən missiya rəhbərləri təkrar seçkiləri ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan çox vacib addımlardan biri kimi qiymətləndiriblər.

- Seçkilərin nəticələri ilə bağlı AŞPA-nın Monitorinq Komitəsində keçirilən dinləmələrdə qurumun Azərbaycan üzrə həmməruzəçilərinin iştirak etməməsinə münasibətiniz necədir? Bu mövqe onların Azərbaycana qarşı tutduqları ikili standartlardan xəbər vermirmi?

- Bizi bütövlükdə seçkilərin nəticələri ilə bağlı müşahidəçilərin verdiyi qiymət daha çox maraqlandırır. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri təkrar parlament seçkilərini müşahidə etməyiblər. Təbii ki, onların müşahidə etmədiyi seçki kampaniyası haqqında hər hansı fikir söyləmələri də ciddi qəbul olunmazdı. Yəqin ki, onların dinləmələrdə iştirak etməməsinin səbəbi budur. Ancaq məsələ burasındadır ki, bir sıra hallarda həmməruzəçilərin Azərbaycanla bağlı hazırladıqları hesabatalarda reallığı əks etdirməyən məqamların olması ilə bağlı etirazımızı bildirmişik. Bu gün də mən həmin fikirdəyəm ki, həmməruzəçilərin hazırladıqları hesabatların ayrı-ayrı məqamları ilə bağlı bizim narazılıqlarımız və etirazlarımız üçün çox ciddi əsaslar mövcuddur. Təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda demokratik proseslərin inkişafına yardım etmək məqsədilə Bakıya göndərilən həmməruzəçilər bir sıra hallarda real prosesləri yox, istək, arzu və yaxud buna bənzər hansısa illüziyaları daha çox qabardırlar. Azərbaycan demokratiya yoluna qədəm qoyan gənc bir ölkədir. Hesab edirəm ki, bütövlükdə Azərbaycanda demokratiya, insan haqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlanarkən, bir tərəfdən rəsmi Bakının demokratik inkişaf yolundakı səylərini, ikinci tərəfdən isə real gerçəklikləri, yəni bu istiqamətdə atılan addımların nəticələrini obyektiv şəkildə qiymətləndirmək lazımdır. Hesab edirəm ki, beynəlxalq müşahidəçilər tərəfindən təkrar seçkilərin yüksək qiymətləndirməsi həmməruzəçilərin Azərbaycanda gerçək hadisələrə daha real yanaşmalarına təkan verəcək amil olacaq.

- Sizin fikrinizcə, həmməruzəçilərin Azərbaycanla bağlı hazırladıqları hesabatlarda yalnız mənfi məqamların göstərilməsində məqsəd nədir?

- Yəqin ki, dəfələrlə ayrı-ayrı təşkilatların təmsilçilərinin dilindən eşitmisiniz ki, demokratiya və inkişaf bir-birindən ayrılmaz anlayışlardır. Demokratiya olmayan yerdə inkişaf da olmaz. Bu məntiqlə yanaşdıqda inkişaf olan yerdə demokratiya var. Azərbaycanın çox sürətlə inkişaf etdiyini dünyanın bütün ciddi qurumları birmənalı şəkildə etiraf edirlər. Azərbaycan nəinki regionun lider dövlətinə çevrilib, eyni zamanda bizim region adlandırdığımız coğrafi məfhumdan da kənarda yüksək sürətlə inkişaf edən dövlət kimi qəbul edilir. Belə olan halda Azərbaycanda demokratiyanın olmaması və yaxud da bu sahədə çox ciddi problemlərin olması ilə əlaqəldar fikirlərin səsləndirilməsi bütövlükdə Azərbayacnının gerçəkliklərini kompleks şəkildə təhlil etməmək təəssüratı yaradır. Əgər Azərbaycan sürətlə inkişaf edirsə, demokratiyasız inkişaf mümkün deyilsə, deməli, Azərbaycanda demokratiya var. Bunu inkar etmək mümkün deyil. Bütün hansısa şəxsi mülahizələri kənara qoyub gerçəkliyi etiraf etməyi bacarmaq lazımdır. Hesab edirəm ki, həmməruzəçilərin Azərbaycandakı real və pozitiv prosesləri görmədən və yaxud görmək istəmədən yalnız nöqsanları tapıb şişirdilmiş halda öz hesabatlarında əks etdirməsi onların obyektiv, qərəzsiz olmalarına çox ciddi kölgə salır. Əlbəttə, əgər hesabatlarda yalnız nöqsanlar əks olunursa, inkişaf, irəliləyiş, tərəqqi isə görünmürsə, onda bu hesabata inam azalacaq.

- Mayın 13-də parlamentə keçirilən təkrar seçkilərin nəticələrini yüksək qiymətləndirən xarici müşahdiə missiyalarına müxalifətin inamı azalıb...

- Müxalifət yalnız onların mövqeyini əksi etdirən tərəflərə, təşkilat və insanlara inanmaq istədiyini dəfələrlə açıq şəkildə bəyan edib. Azərbaycan müxalifəti Azərbaycanda özlərindən başqa heç kimə inanmır. Müxalifət Azərbaycandan kənarda Azərbaycanı müşahidə edənlərə də öz inamlarını bu meyardan ifadə edirlər. Bəyanatlar onların mövqelərini əks etdirəndə buna inanırlar, əks etdirməyəndə yox. Təkrar seçkilərin obyektiv qiymətini verən beynəlxalq təşkilatların təmsilçilərinə müxalifətin inanmadığı haqqında bəyanatlar səsləndirmələri cəmiyyətin onlara olan inamının xeyli azalmasına səbəb olub.
Seçkilərdə uğur qazanmayan kiminsə seçkilərin nəticəsindən razı qalmasını gözləmək də düzgün olmazdı. Ancaq Azərbaycan müxalifətinin çox böyük nöqsanı ondan ibarətdir ki, keçirilən müxtəlif seçkilərdə ardıcıl surətdə uduzan cəbhə baş verən proseslərin düzgün qiymətini verməyə hələ də çətirnlik çəkir. Bütün uğursuzluqlarının əsasında özlərinin qabiliyyətsizliyinin dayandığı, seçdikləri taktikanın düzgün olmadığı qənaətinə gəlməyi bacarmırlar. Beləliklə də, böyük iddialarla yaşayan, lakin iddialarının həyata keçirilməsi üçün müvafiq gücün olmadığını dərk etməyən müxalifət istədiyi gerçəkləşməyəndən sonra təbii olaraq çox ciddi daxili çəkişmələr durumuna düşmək zorunda qalır. Bu gün Azərbayücan müxalifəti məhz belə bir vəziyyətdədir. Əgər obrazlı şəkildə ifadə etsək, Azərbaycan müxalifəti gücü çata biləcəyindən qat-qat ağır yükün altına girir və buna nail ola bilməyəndə çətinliyə düşür. Bu ağrını indi çəkməkdədir. Bu da onu göstərir ki, Azərbaycanda indiyə qədər mövcud olan müxalifətin böyük bir hissəsi öz dövrünü, zamanını çoxdan keçirdib. Onlar artıq Azərbaycanın reallıqları ilə uyğunlaşa bilmirlər. Beləliklə də, cəmiyyət müxalifətin məhz həmin hissəsindən daha qətiyyətlə üz döndərməkdədir. Buna görə də radikal mövqedə dayanan müxalifətin içərisində dərin ziddiyətli böhran vəziyyəti yaranıb. Müxalifət bunu faciəyə çevirməməlidir. Düşünürəm ki, müxalifət səhv yolda olduğunu dərk etməlidir. Azərbaycanda normal, sağlam, reallıqları dərk edən və düzgün qiymətləndirən müxalifətin olması lazımdır. Ancaq indiki radikal mövqedə dayanan, özlərinin hakimiyyətə gəlməsi naminə Azərbaycanda hər bir addımı atmağa hazır olan, hətta bəzi hallarda Azərbaycanın maraqlarını sata biləcək müxalifət, təbii ki, cəmiyyət tərəfindən dəstəklənmədiyini dərk etmək məcburiyyətindədir.

- Söylədiklərinizdən belə başa düşmək olar ki, müxalifət yeniləşməlidir. Fikrinizcə, bu hansı proseslə tənzimlənə bilər?

- Həyat inkişaf etdiyinə görə hər bir şey yeniləşməli və təkmilləşməlidir. O cümlədən də müxalifət yeniləşməlidir. Ona görə ki, 90-cı illərin gerçəkliklərində meydana gəlmiş təfəkkürlə 2006-cı ilin reallıqlarında fəaliyyət göstərmək mümkün deyil. Azərbaycanın radikal mövqedə dayanan müxalifəti 15 il bundan əvvəlki ab-hava ilə yaşayır. Ona görə Azərbaycanda müxalifət yeniləşməlidir, yeni müxalifət formalaşmalıdır. Təbiidir ki, formalaşacaq müxalifətin hansı parametrlərdən ibarət olacağını indi şərh edə bilmərəm. Amma başlıca gerçəkliklər ondan ibraətdir ki, hansı mövqedə və platformada dayanmasından asılı olmayaraq müxalifət Azərbaycanın maraqlarını, mənafelərini özlərinin siyasi ambisiya və məqsədlərinə qurban verməsi həddində ola bilməz. İstənilən müxalifət, hakimiyyət uğrunda mübarizə aparan istənilən siyasi təşkilat özünün mübarizəsinin başlıca məqsədi və amalının Azərbaycanın inkişafından ibarət olduğunu dərk etməlidir. Belə olan halda təbiidir ki, müxalifət cəmiyyətə insanları cəlb edə biləcək ideyalar, siyasi platforma təqdim etməklə siyasi hakimiyyət uğrunda mübarizəyə qoşula bilər. Təəssüflər olsun ki, bugünkü Azərbaycan müxalifəti cəmiyyətə hər hansı bir fərqli düşüncə və siyasət təqdim etmək iqtidarında deyil. Siz radikal mövqedə dayanan partiyaların bu gün hakimiyyətin həyata keçirdiyi siyasətdən fərqli konsepsiya təqdim etdiyini heç kimə sübut edə bilməzsiniz. Nə Dağlıq Qarabağ problemi, nə iqtisadi inkişaf, nə sosial, nə də xarici siyasətlə bağlı Azərbaycan prezidenti tərəfindən həyata keçirilən siyasətdən, konsepsiyadan fərqli bir konsepsiya ortada yoxdur. Belə olan halda "Azərbaycan müxalifətinin mahiyyəti nədən ibarətdir" - sualı ortaya çıxır. Bunların müxalifətçiliyini təyin edən nədir? Müxalifətçiliyi təyin edən başlıca amil həmin qrupun cəmiyyətə təqdim etdiyi fərqli düşüncələr, konsepsiyadır. Azərbaycan müxalifəti isə cəmiyyətə10 il ərzində bunu təqdim edə bilməyib. Azərbaycan müxalifətinin mahiyyəti bu gün iqtidarı tənqid etməkdən başqa heç bir şeydə ifadə olunmur. Tənqidçilik və tənqidçilik ətrafında yalnız narazı elektoratı toplamaq müxalifətin qeyri-sağlam mövqedə dayandığını ifadə edir.

- Bir tərəfdən dialoqa hazır olduğunuzu bildirir, digər tərəfdən isə müxalifətin bir hissəsini radikallıqda ittiham edirsiniz. Necə fikirləşirsiniz, bu məqamda radikal müxalifətlə bir masa arxasında hər hansı bir məsələnin müzakirəsi mümkün ola bilərmi?

- Ola bilsin, zahiri təəssürat yarana ki, bir yandan opponentlərimizin radikal müxalifət kimi dəyərləndirilməsi, digər tərəfdən isə radikal müxalifətlə dialoqda olmaq istəyimiz bir-biri ilə ziddiyyət təşkil edir. Amma həyat onu göstərir ki, bizim nə qədər dialoq tərəfdarı olmağımıza baxmayaraq, müxalifətin radikal mövqedə dayanması dialoqun baş tutmamasına şərait yaradıb. YAP dövlətin və xalqın mənafeyi naminə istənilən əhəmiyyətli məsələnin müzakirəsi niyyəti ilə dəyirmi masalar keçirməyə hazırdır. Bu prosesi bir neçə dəfə həyata keçirdik. Ancaq radikal mövqedə duran müxalifət təmsilçilərinin qeyri-real, həyata keçirilməsi mümkün olmayan şərtlər irəli sürməsi, tələblər qoyması sonrakı mərhələlərdə dialoqun baş tutmasına ciddi maneələr yaratdı.
Dialoqun mahiyyəti və mənası ondan ibarət deyil ki, bir masa ətrafında əyləşən siyasi partiya rəhbərləri saziş imzalasınlar və üzərlərinə hansısa öhdəliklər götürsünlər. Əslində bizim yanaşmamızın mahiyyəti ondan ibarətdir ki, siyasi partiyaların təmsilçiləri bir masa arxasında əyləşərkən həm onlar, həm də bütünlükdə cəmiyyət üçün əhəmiyyət kəsb edən problemlərlə bağlı fikir mübadiləsi aparır, hansı düşərgənin təmsilçisinin daşıdığı ideyaların milli maraqlarımıza daha uyğun olduğunu özləri üçün aydınlaşdırırlar. Amma müxalifət partiyaları dəyirmi masa ətrafında oturmaq təklifini eşidən kimi "biz hansı sazişi imzalayacağıq", "siz üzərinizə hansı öhdəlikləri götürürsünüz", "bizə nə verirsiniz" və s. əsassız fikirlər səsləndirirlər. Gerçəklik bundan ibarətdlir ki, Azərbaycan iqtidarının müxalifətlə hər hansı bir sazişə getməyə ehtiyacı yoxdur.
Cəmiyyətdəki qüvvələr nisbəti belə bir zərurəti ortaya qoymayıb. Cəmiyyətin böyük bir hissəsi prezidentin və onun ideyaları ətrafında birləşib. Belə olan təqdirdə iqtidarın dağınıq halda, ayrı-ayrı radikal qruplar şəklində mövcud olan partiylarla saziş bağlamasına ehtiyac yoxdur. Bizim müxalifətlə bir masa arxasında oturmaq niyyətimizin mövcudluğu onunla əlaqədar deyildi ki, biz müxalifətdən çəkinirik. Xeyr, bu, bizim sadəcə olaraq niyyətimizin açıqlığını ifadə edir. Əslində qüvvələr nisbətini nəzərə alsaq, bizim müxalifətlə söhbət aparmağa ehtiyacımız yoxdur. Ancaq xoş niyyətimizi ifadə edib bir masa ətrafında Azərbaycanın problemlərini müzakirə etmək istədiyimizi bildirəndə, təəssüflər olsun ki, müxalifət tərəfindən başqa amillər önə çəkilir.

- Azərbaycan prezidentinin Demokratiya və İnkişaf Uğrunda Təşkilat - GUAM-ın baş katibi seçilməsi rəsmi Bakının beynəlxalq aləmdəki mövqelərinin möhkəmləsinə necə təsir göstərə bilər?

- Azərbaycanın sürətlə inkişaf edib regionun lider dövlətinə çevrilməsinin əyani təsdiqindən biri də bu yaxınlarda Kiyev şəhərində keçirilən Demokratiya və İnkişaf Uğrunda Təşkilat - GUAM-ın növbəti toplantısında Azərbaycan prezidenti İlham Əliyevin təşkilata baş katib seçilməsidir. GUAM təşkilatı indiki tələblər kontekstində yeniləşir. Hesab edirəm ki, bu təşkilatın yeniləşməsinə çox böyük ehtiyaclar var və Kiyevdə keçirilən toplantı bu ehtiyacların ödənilməsi istiqamətində atılan ciddi addımlardan biridir. GUAM həm iqtisadi, həm də siyasi mənada bu məkanda yerləşən dövlətlərin dünya demokratikləşmə və sürətli iqtisadi inkişaf prosesinə inteqrasiyasında çox əhəmiyyətli rol oynaya biləcək beynəlxalq quruma çevriləcək. İkinci tərəfdən, GUAM təşkilatının sonuncu forumu Azərbaycanın təkcə Qafqaz regionunda yox, postsovet məkanında rolunun və əhəmiyyətinin ciddi şəkildə yüksəldiyindən xəbər verir. Prezident İlham Əliyevin bu təşkilatın baş katibi seçilməsi əslində Azərbaycanın mövqelərinin nə dərəcədə möhkəmləndiyini ifadə edir. Digər tərəfdən, bu göstərici Azərbaycan prezidentinin beynəlxalq nüfuzunun artdığına əyani sübutudur. Bununla da Azərbaycan, birincisi, daha geniş təşkilatda layiqincə təmsil olduğunu təsdiq edib, ikincisi, bunu Azərbaycanın nəinki iqtisadiyyatının, həm də siyasi həyatının çox sürətlə inkişaf etdiyini təsdiqləyən addım hesab edirəm. Təəssüflər olsun ki, müxalifət bu məsələyə də kölgə salmağa cəhd göstərib. Müxalifətin bizi nə qədər tənqid etməsindən asılı olmayaraq beynəlxalq aləmdə Azərbaycanı nəinki təkcə iqtisadiyyatının sürətli inkişaf etdiyinə, eyni zamanda ölkədə demokratiyanın dayaqlarının möhkəmləndiyinə görə daha çox qiymətləndirməyə başlayıblar. Azərbaycan prezidentinin bu vəzifəyə seçilməsi Azərbaycanda həm demokratiyanın, həm də inkişafın birmənalı şəkildə GUAM təşkilatının üzvləri tərəfindən etiraf edilməsinə əyani nümunədir. Müxalifətin bu məsələyə mənfi çalarlar baxımından qiymət verməsinin bircə izahı var: Azərbaycan müxalifətinin radikal hissəsi on illər boyu Azərbaycanda əldə olunan uğurlara qısqanclıqla yanaşıb, rəsmi Bakı hansısa bir çətinliklə üzləşdikdə isə bunu özləri üçün uğur hesab edib. Heç bir azərbaycanlı Azərbaycanın uğuruna sevinməyə bilməz.

- İranda soydaşlarımızın hüquqlarının tapdanması ilə bağlı baş verən hadisələrə münasibətiniz və bu məsələdə rəsmi Bakı hansı mövqedən çıxış etməlidir?

- Biz hadisələri emosiyalarla deyil, ağılla, dərrakə ilə təhlil edib qiymətləndirməyi bacarmalıyıq. Həyatın bizim qarşımıza qoyduğu ən vacib şərtlərdən və tələblərdən biri də bundan ibarətdir. Romantika siyasətə ən böyük zərbə vuran gerçəklikdir. Heç bir siyasətçi və siyasi qüvvə romantikliklə özünün istəyinə nail ola bilməz. Xüsusilə də dövlət siyasəti hansısa subyektiv meyllərə, populizmə, romantikaya istinad edə bilməz. Azərbaycan çox həssas bir regionda yerləşir. Bizim regionda çox önəmli və ciddi təhlillər tələb edən proseslər baş verməkdədir. Azərbaycan istəsə də, istəməsə də, regionun mərkəzində olan bir dövlət kimi bu proseslərdə iştirak edir. Ona görə də bizim müəyyənləşdirəcəyimiz xətt ondan ibarət olmalıdır ki, baş verən çox həssas və kövrək proseslər Azərbaycan üçün hansısa bir problem yaratmasın. Bunu bir neçə aspektlə əlaqələndirmək olar.
Başlıcası odur ki, Azərbaycan münaqişəyə cəlb olunub. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, bir milyondan çox qaçqınımız var. Azərbaycanın qarşısında duran ən vacib məsələnin həlli budur. Bu, istənilən məsələlərə, xüsusilə də ölkəmizin yerləşdiyi bölgədə cərəyan edən proseslərə qiymət verərkən göz önündə saxlanılması vacib olan ən önəmli məsələdir. Bunu unutmaq, eyforiyaya qapılıb hansısa romantik bəyanatlar səsləndirmək faciələrə gətirib çıxar bilər. Digər tərəfdən, heç bir ölkə istəməz ki, onunla həmsərhəd olan ölkələrdə gərginlik artsın. Ola bilsin ki, Azərbaycandan min kilometr uzaqlarda baş verən xoşagəlməyən hadisələr bir insan kimi bizi narahat etsə də, bir nömrəli problem sayılmasın. Və yaxud da əksiniə. Amma Azərbaycan öz sərhədləri yaxınlığında baş verən hadisələrə həssaslıqla yanaşmalıdır. Ona görə ki, bu, bizim bilavasitə dövlətimizin və ölkəmizin hər bir sakininin həyatı, sabitliyi ilə bağlıdır.
Növbəti faktor bundan ibarətdir ki, indiki dünyada dövlətlər bir-biri ilə sıx bağlıdır. Baş verən proseslər yaxında, yaxud uzaqda olmasından asılı olmayaraq, bu və ya digər dərəcədə bütün ölkələri əhatə edir. Bir sıra hallarda kimlərsə hansısa beynəlxalq qüvvənin həyata keçirmək istədiyi siyasətin vasitəsinə çevrilir. Ən düzgün yol o olardı ki, Azərbaycan özü üçün son nəticələri tam aydın olmayan niyyətin və istəyin həyata keçirilməsində vasitəyə çevrilməsin.
İran qonşumuz olmaqla yanaşı, həm də bizdən ötrü o mənada mütləq nəzərə alınmalı məmləkətdir ki, orada soydaşlarımız yaşayır. Soydaşlarımızın taleyi də hər birimizi düşündürməlidir. Azərbaycanlıların İranda qarşılaşdığı problemlər bizim hər birimizi narahat edir. Təbii ki, biz bu problemlərin həllindən yaxamızı kənara çəkə bilmərik və bu niyyətdə də deyilik. Ancaq bütün bu məsələlərin hamısını kompleks şəkildə bir müstəvi üzərinə gətirərək düzgün davranış yolunu seçməkdən savayı hansısa imkanımız yoxdur. Bu problemlərin çözülməsi üçün İran tərəfi ilə müvafiq danışıqların aparılması da, hesab edirəm ki, Azərbaycan hökumətinin vacib vəzifəsidir. Amma eyni zamanda hesab edirəm ki, bütün bunların hamısını çox yüksək praqmatizm kontekstində təhlil edib düzgün qərar qəbul etməyi bacarmalıyıq.
İranda yaşayan azərbaycanlılar bizim milləti təmsil etməklə yanaşı İran dövlətinin vətəndaşlarıdır. İran bir dövlət olaraq onların vətəndaş hüquqlarının həyata keçirilməsində məsuliyyət daşıyır. Hər bir İran vətəndaşı müəyyən vətəndaşlıq hüququna malikdir. Bütün sadaladığım problemlərin hamısını bir müstəviyə gətirmədən məsuliyyətsiz bəyanatlar vermək İranda yaşayan azərbaycanlıların üzləşdiyi problemlərin həllinə hansısa köməklik göstərmir.

- Əli müəllim, təmsil etdiyiniz partiyanın növbəti mərhələyə olan planında əsas vəziflər nədən ibarətdir?

- Biz artıq böyük məsuliyyət tələb edən seçki kampaniyalarını arxada qoymuşuq. İndi 2008-ci il prezident seçkilərinə qədər olan müddətdə qarşımızda bir neçə vacib məsələ durur. Bu ondan ibarətdir ki, YAP cəmiyyətdə öz mövqeyini, strukturlarını möhkəmləndirmək istiqamətində iş aparacaq. 2008-ci il prezident seçkilərinə daha ciddi hazırlaşmaqdan ötrü bu, bizim qarşımızda duran ən vacib məsələlərdən biridir.

- Bəs 2008-ci il prezident seçkilərində YAP-ın namizədi kim olacaq?

- Sualın cavabı tamamilə aydındır. Azərbaycanın prezidenti İlham Əliyev həyata keçirdiyi siyasətə, xüsusilə də bu siyasətin Azərbaycana gətirdiyi uğurlara görə cəmiyyətdə böyük nüfuz qazanıb. Bu nüfuz həm də Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Ona görə də biz zərrə qədər şübhə etmirik ki, YAP sədri, Azərbaycanın prezidenti İlham Əliyev çox böyük məmuniyyətlə seçkiyə qatılacaq və xalqın səsini qazanaraq növbəti dəfə də prezident seçiləcək.

Xəbər lenti

Xəbər lenti