İyunun 8-də Bakıda Azərbaycan və Litva prezidentləri İlham Əliyev və Valdas Adamkusun geniş tərkibdə görüşü olub.
Trend in verdiyi xəbərə görə, görüşdə İlham Əliyev qeyd edib ki, bu, Valdas Adamkusun prezident qismində Azərbaycana ilk səfəridir. Azərbaycan prezidentinin rəyinə görə, bu səfər ölkələr arasındakı əməkdaşlığın inkişafına yardım edəcək.
İlham Əliyev deyib: "Litva Avropa Birliyinin üzvüdür, Azərbaycan isə Avropa təşkilatlarına inteqrasiya edir. Biz ümid edirik ki, Litva Avropa Birliyinə daxil olma təcrübəsini bizimlə bölüşəcək".
Prezident qeyd edib ki, bu gün ticari -iqtisadi əlaqələr genişlənir. O cümlədən, 3 nazirdən başqa Valdas Adamkusla Bakıya çoxlu sayda sahibkar gəlib. Bu da Litva investorlarının Azərbaycan iqtisadiyyatına böyük marağı olduğunu sübut edir.
İlham Əliyev xatırladıb ki, sabah Bakıda Azərbaycan-Litva biznes-forumu keçiriləcək. Bu, işgüzar şəxslərin danışıq aparmaları üçün yaxşı imkan yaradacaq.
Valdas Adamkus, öz növbəsində, Azərbaycan səfərini tarixi səfər kimi qiymətləndirib. Onun fikrincə, SSRİ-nin parçalanmasından sonra Azərbaycan və Litva böyük nailiyyətlər əldə edib və güclü dövlətlərə çevriliblər. Valdas Adamkusun fikrincə, çətinlik və prosedurlara baxmayaraq, Azərbaycan Avrpa Birliyinə daxil ola bilər. Litva prezidenti deyib: "Biz bu təşkilata daxil olma təcrübəsini Azərbaycanla bölüşə bilərik".
Valdas Adamkus həmçinin bildirib ki, tərəflər arasında iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası komissiyanın yaradılması haqqında qərar qəbul olunub. Yaxın gələcəkdə bu komissiyanın iclası keçiriləcək. Litva başçısı həmçinin ölkəsinin Azərbaycanın enerji sektoru ilə maraqlandığını bildirib. O, Azərbaycan və Litvanın Ticarət palatalarının bu ölkələrdəki iqtisadi vəziyyət ilə ətraflı şəkildə tanış olması üçün forumda iştirakının vacibliyini qeyd edib.