...

Əbülfəz Qarayev: Ermənistan ərazisindəki Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələrin vəziyyəti öyrənilməlidir

Siyasət Materials 27 İyun 2006 13:02 (UTC +04:00)
Əbülfəz Qarayev: Ermənistan ərazisindəki Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələrin vəziyyəti öyrənilməlidir

Trend İnformasiya Agentliyinin Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri ilə eksklüziv müsahibəsi

Trend: Sizin fikrinizcə, yaxın və uzaq perspektivdə Azərbaycanda turizmin inkişafının əsas istiqamətləri hansılardır?

Ə. Qarayev: İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yeni dövlət qurumunun - Mədəniyyət və Turizm Nazirliyinin yaradılması hər iki strateji sahənin, o cümlədən, turizmin perspektiv inkişafı ilə əlaqədar yeni baxış və münasibətləri meydana qoymuşdur. Bu, planauyğun qaydada turizm zonalarının yaradılması və konkret layihələr üzrə sərmayəçilərin cəlb edilməsi ilə bağlıdır.
Hazırda böyük işgüzarlıqla Azərbaycanda Turizmin İnkişafı (2007-2016-cı illər) Dövlət Proqramının layihəsi hazırlanır və bu sənədin tələblərinə uyğun olaraq, ölkədə turizmin müxtəlif növlərinin - kənd və yaşıl turizm, ekoturizm, atçılıq turizmi, mədəni turizm, dağ-xizək turizmi və s. inkişaf etdirilməsi, səyahət edən xarici və yerli turistlər üçün yaşayış yerlərinin- yatacaqların sayının artırılması, əla xidmət şəbəkəsinə malik infrastrukturun yaradılması nəzərdə tutulur.

Trend: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Turizm İnstitutunun yaradılması işi hansı mərhələdədir? İnstitutut hansı funksiyaları yerinə yetirəcək?

Ə.Qarayev: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli, 45 saylı qərarı ilə Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutu yaradılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 may 2006-cı il tarixli sərəncamı ilə Turizm İnstitutuna 2006-cı il üçün tələbə qəbulunun həddi 200 (o cümlədən ödənişli əsaslarla 105) nəfər müəyyən edilmişdir.
Turizm İnstitutunun nəzdində 3 fakultə fəaliyyət göstərəcək: Turizm və sosial-mədəni servis xidməti, Turizm menecmenti və Turizm marketinqi. Turizm İnstitutu üçün yeni tikilmiş 4 mərtəbəli bina ayrılmışdır. İnstitutda çalışacaq müəllimlərlə treninqlər aparmaq üçün Avstriyadan mütəxəssislər dəvət olunacaq. Bununla yanaşı əcnəbi mütəxəssislərin bizim İnstitutumuzda müəllim kimi qalıb işləmələri məsələsinə də baxılacaq. İnstitutun pedaqoji kollektivi yüksək səviyyəli müəllimlərdən ibarət olacaq. Müəllimlər müsabiqə yolu ilə işə qəbul ediləcəklər.
Turizm İnstitutunun Nizamnaməsi hazırlanıb və hazırda Nazirlikdə onun üzərində son müzakirələr aparılır.
Azərbaycan Respublikasında təhsil prosesini beynəlxalq standartlara çatdırmaq məqsədilə hökumətimiz "Baloniya prosesinə" qoşulmuşdur. Bu səbəbdən yeni institutda tədris və qiymətləndirmənin kredit sistemi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bildiyiniz kimi, kredit sistemi bacaraqlı və qabiliyyətli tələbələr üçün əlverişli şərait yaradır və təhsildə korrupsiyanın qarşısının tamamilə alınmasına xidmət edir.
Azərbaycan Dövlət Turizm İnstitutunun digər dövlətlərdə mövcud olan analoji institutlarla sıx əməkdaşlığı barədə də fikirlər var. Bu məqsədlə müəllim və tələbələrin təcrübə mübadiləsi, yazışmalar və digər tədbirlərin keçirilməsi mümkün olacaq.
İnstitutun əsas vəzifəsi turizm üzrə yüksək səviyyəli mütəxəssislər yetişdirməkdən, başqa sözlə, Azərbaycanın turizm məkanında olan müəssisələri yüksək səviyyəli milli kadrlarla təmin etməkdən ibarətdir.
Məlumdur ki, sözün geniş anlamında menecment və marketinq ixtisasları həyata sıx bağlı peşələrdir və digər sahələrdə də bu sənət sahiblərinə böyük ehtiyac var. Bu o deməkdir ki, institutun məzunlarına gələcəkdə ölkənin digər fəaliyyət sahələrində də ehtiyac olacaq.

Trend: İslam Konfransı Təşkilatı (İKT) ölkələri turizm nazirlərinin sentyabr ayında Bakıda keçiriləcək iclasına hazırlıq işləri necə gedir? Bu tədbirin Azərbaycan üçün hansı əhəmiyyəti var?

Ə.Qarayev: Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən İslam Konfransı Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci konfransının 2006-cı ilin sentyabr ayında Bakı şəhərində keçirilməsi ilə bağlı 1007 saylı, 15 sentyabr 2005-ci il tarixli sərəncam imzalanmışdır.
Konfransın keçirilməsi cari ilin 9-12 sentyabr tarixlərinə nəzərdə tutulub və tədbirdə İslam Konfransı Təşkilatına üzv olan 57 ölkənin turizm nazirlərinin iştirak edəcəyi gözlənilir. Həmçinin İKT-nin digər institutlarının, beynəlxalq təşkilatların və İKT-də müşahidəçi ölkələrin nümayəndələri də tədbirə dəvət olunmuşlar. Mədəniyyət və Turizm Nazirliyində yaradılmış işçi qrupu yüksək səviyyəli toplantının keçirilməsinə hazırlığı davam etdirir.
Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycanın bir turizm ölkəsi kimi həm İslam ölkələri arasında, həm də beynəlxalq turizm aləmində nüfuzunun artması üçün böyük əhəmiyyəti var.

Trend: Azərbaycanın mədəni dəyərlərinin dünya ictimaiyyətinə daha geniş çatdırılması məqsədi ilə hansı əlavə işlər görülə bilər?

Ə.Qarayev: Azərbaycanın mədəni dəyərlərinin dünya ictimaiyyətinə daha geniş çatdırılması üçün məhz bu qiymətli tarixi-mədəni xəzinə, unikal dəyərlər haqqında sənədli filmlər çəkilir, açıqçalar, bukletlər, broşürlər, kitablar, xəritələr və poçt markaları çap olunur, bir sıra əhəmiyyətli nəşrlər xarici dillərə çevrilir və onların yayımı təşkil edilir. Mədəni irsə aid beynəlxalq toplantılarda Azərbaycan nümayəndələrinin iştirakı, mədəni irsin təbliği ilə bağlı Azərbaycanın xaricdəki səfirliklərinin köməyi ilə sərgilərin, müxtəlif tədbirlərin təşkili də önəmlidir.

Trend: Cənubi Qafqazda tarixi və mədəniyyət abidələrinin monitorinqi üzrə Avropa Şurasının missiyası ilə bağlı Azərbaycanın mövqeyi necədir? Yerli müşahidəçilərin bu missiyanın tərkibinə daxil ediləcəyi gözlənilirmi?

Ə. Qarayev: 1988-ci ildən başlayaraq Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpağında çoxlu sayda mədəniyyət müəssisələrinin, qədim tarixi və mədəni abidələrin, bunların sırasında xalqımızın çoxəsrlik tarixini, şərəfli keçmişini əks etdirən dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 242 və yerli əhəmiyyətli 434 tarix və mədəniyyət abidəsinin, habelə Azərbaycanın musiqi beşiyi olan qədim Şuşa şəhər qoruğunun dağıdılması, eləcə də bütün bu beynəlxalq cinayət faktlarının aşkar olunması, dünya ictimaiyyətinə çatdırılması baxımından Cənubi Qafqazda tarix və mədəniyyət abidələrinin monitorinqi üzrə Avropa Şurası missiyası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mövqeyi olduqca həssasdır. Hesab edirik ki, belə bir səfəri həyata keçirməklə Avropa Şurası Ümumavropa mədəni irsinin qorunmasına yönöldilmiş "Silahlı münaqişələr zamanı madəni dəyərlərin qorunması haqqında Haaqa Konvensiyası" və "Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyası" kimi beynəlxalq normativ aktların reallaşdırılması üçün beynəlxalq vasitəçi rolunda çıxış edə bilər. Bununla bağlı xüsusilə qeyd olunmalıdır ki, indiki Ermənistan Respublikası ərazisində tarixən yaşayan Azərbaycan xalqına məxsus çoxsaylı tarix və mədəniyyət abidələrinin vəziyyətinin yoxlanılması tələbi bizim tərəfimizdən şərt kimi irəli sürülür. Təbii ki, Avropa Şurası missiyasının obyektiv nailiyyətlərə çatması üçün mütləq onun tərkibinə yerli müşahidəçilərin daxil edilməsi zəruridir və bu amil missiyanın formatının müəyyənləşdirilməsi üzrə aparılan danışıqlar çərçivəsində Azərbaycanın müvafiq qurumları tərəfindən daim gündəmdə saxlanılır.
Avropa Şurasının tarix və mədəniyyət abidələrinin monitorinq qrupu indiki Ermənistan və Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən, Dağlıq Qarabağda yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqini həyata keçirməlidir. Bu ərazilərdə, o cümlədən, Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin monitorinqi keçirildikdən sonra, Azərbaycanın digər ərazilərində də monitorinq aparıla bilər.
Mədəniyyət və Turizm Nazirliyi bu məsələləri daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə bütün tələb olunan tədbirləri qətiyyətlə həyata keçirir, məsələ ilə əlaqədar Avropa Şurasının rəhbərliyi ilə müvafiq danışıqlar və yazışmalar aparılır, mövqeyimiz təkzibolunmaz faktlar və tam dəqiqliyi ilə izah edilir.

Xəbər lenti

Xəbər lenti