...

Andrey Konçalovski: Heydər Əliyev ölkəni quran, dövləti yaradan və möhkəmləndirən görkəmli insanlardan biri olub

Siyasət Materials 27 İyun 2006 16:48 (UTC +04:00)

Trend in tanınmış rus rejissoru ilə müsahibəsi

İyunun 26-da Moskvadakı "Bakı" kinoteatrında tanınmış rus rejissoru Andrey Konçalovskinin "Heydər Əliyev: hakimiyyət yükü" adlı filminin təqdimatı olub. Trend in Rusiydakı xüsusi müxbirinin verdiyi xəbərə görə, iki hissəli sənədli filmdə tanınmış kinorejissor ümummilli liderin bütün həyat və yaralıcılıq dövrünü göstərib.

A.Konçalovski öz filmində Heydər Əliyevin həyat və yaradıcılığını, keçdiyi həyat yolundakı uğurları və yaşadığı çətinlikləri işıqlandırıb. Görkəmli şəxsiyyətlərin rəy və təəssüratları tamaşaçıların diqqətini cəlb edib.

Birinci hissədən sonra qısa nitqlə çıxış edən Andrey Konçalovski deyib ki, filmin mahiyyəti yalnız Heydər Əliyevə kömək və hörmət edən insanları deyil, həm də açıq şəkildə ona paxıllıq edən, mane olan, hər cür yola əl atıb onu kənarlaşdırmağa çalışan, onda öz rəqibini görən insanları da göstərməkdən ibarətdir. Son kontekstdə yalnız Mixail Qorbaçov aydın şəkildə görünür, halbuki o, filmdə bu cür məsələ qoyuluşunu qəbul etmirdi.

Filmdə Azərbaycan SSRİ-nin dağılmasından sonra öz suverenliyini bərpa edərkən, ölkənin qarşılaşdığı problemlər - erməni təcavüzü, siyasi qeyri-sabitlik, iqtisadi cəhətdən bərbad vəziyyət haqqındakı həqiqətin təbliğatı nöqteyi-nəzərindən də qiymətləndirilib. Məhz Heydər Əliyevin tarixi rolu xüsusi surətdə vurğulanıb.

Filmdən sonra A.Konçalovski Trend in suallarına cavab verib:

- Azərbaycan haqqında obyektiv məlumat nöqteyi-nəzərindən "Heydər Əliyev: hakimiyyət yükü" adlı filmi geniş dünya ictimaiyyətinə çatdırmaq üçün nə etmək lazımdır?

- Düşünürəm ki, bunun üçün Rusiyanın iradi qərarı lazımdır və hesab edirəm ki, filmin Bakıda nümayiş etdirilməsi üçün Azərbaycanın da iradi qərarı olmalıdır.

Mənim fikrimcə, filmi bütün dünyada göstərmək üçün onu bütün dillərə - ingilis, ərəb və başqa dillərə, ən azı, "Əsrin müqaviləsi" ni imzalamış ölkələrin dillərinə tərcümə etmək lazımdır.

Ən əsası, bu işi Rusiyada görmək lazımdır, çünki Rusiyada Azərbaycan haqqında yanlış təsəvvür yaranır; ümumiyyətlə, Rusiyada artıq görkəmli insanların kim olduğu, onların nə etdiklərini tamamilə unudublar. Belə görkəmli insanların xatirəsi daim yaddaşlarda qalmalıdır. Mən Heydər Əliyevin kim olduğunu, hansı ölkədə yaşadığını, hansı insanların onu əhatə etməsini bilmələri üçün hər şey edirəm.

- Siz Azərbaycan üzrə dokumentalistika sahəsində işlərinizi davam etdirəcəksinizmi?

- Bilmirəm, amma baxarıq... Əlbəttə, mən böyük məmnuniyyətlə bu işi davam etdirmək istərdim.

- Siz, şəxsən, filmin müəllifi kimi Heydər Əliyevin rolu barədə nə deyə bilərsiniz?

- Onun rolu böyükdür. Bu insan tarix yaradıb. O, böyük milli qəhrəmandır. O, bir çox işlərdə dünyanın istənilən ölkəsinin rəhbərini geridə qoyub.

Heydər Əliyev yalnız Azərbaycan və azərbaycanlılar üçün deyil, həmçinin Rusiya, bütün Sovet İttifaqı və böyük ərazidə məskunlaşan xalqlar üçün çox iş görüb. O, ölkəni quran, dövləti yaradan və möhkəmləndirən görkəmli insanlardan biri olub. Ona görə də bu cür şəxslərə hörmət və ehtiramla yanaşmaq lazımdır.

Trend in suallarına Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev də cavab verib:

- Sizin fikrinizcə, Azərbaycan haqqında zəngin məlumata malik "Heydər Əliyev: hakimiyyət yükü" adlı filmin Rusiya ictimaiyyətinə çatdırılması üçün nə etmək lazımdır və Azərbaycan diasporasının bu işdə hansı rolu var? Məsələn, Siz öz şəxsi rolunuzu nədə görürsünüz?

- Siz tamamilə haqlısınız. Bu sənədli film dünyaşöhrətli, görkəmli rus rejissoru tərəfindən çəkilib. Azərbaycana və tarixi şəxsiyyət Heydər Əliyevə diqqətin məhz bu şəkildə yönəldilməsi çox maraqlıdır və Rusiyada xüsusilə zəruridir.

Rusiyadakı Azərbaycan diasporu bu filmin ekrana çıxması üçün konkret addımlar atır. Siz filmin nə dərəcədə real olduğunu, hansı adların - həm Heydər Əliyevə mane olanların, həm də ona kömək edənlərin adlarının çəkildiyini gördünüz. Əlbəttə ki, burada heç nəyi redaktə etməyən, hər şeyi olduğu kimi göstərən müəllif - rejissorun prinsipial mövqeyi çox əhəmiyyətlidir.

- Bu filmin Rusiyanın mərkəzi kanallarında göstərilmə ehtimalı mövcuddurmu?

- Bu istiqamətdə intensiv işlər görülür. Artıq Rusiya Prezidenti Administrasiyası yaxşı rəy verib. Bu günlərdə Moskvada Beynəlxalq Kino Festivalı keçirilir və biz Azərbaycan ictimaiyyəti ilə fəal surətdə işləyirik.

- Artıq bu ilin sonunadək filmin Rusiya televiziyasına çıxarılması realdırmı?

- Siz çox konkret vaxtdan danışırsınız. Lakin, deyə bilərəm ki, biz bunu həyata keçirmək üçün əlimizdən gələni edəcəyik.

Xəbər lenti

Xəbər lenti