...

Mübariz Qurbanlı: "İran prezidentinin Təbrizə səfəri ölkədə olan qarşıdurmanı səngitmək məqsədi daşıyır"

Siyasət Materials 13 İyul 2006 12:41 (UTC +04:00)

İran prezidenti Mahmud Əhmədnejadın Təbrizə səfəri ölkədə olan qarşıdurmanı səngitmək məqsədi daşıyır. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili, politoloq Mübariz Qurbanlı İran prezidentinin iyulun 11-də Güney Azərbaycana səfərinə münasibət bildirərəkən qeyd edib.

M.Qurbanlı bildirib ki, İran prezidentinin ölkənin şimalına səfəri həyata keçirdiyi siyasətlə bağlıdır. YAP rəsmisi onu da qeyd edib ki, prezidentin Təbrizdə Azərbaycan və azərbaycanlılar haqqında yüksək fikirlər söyləməsi İranda olan milli qarşıdurma zəminində baş verən hadisələrin tədricən zəifləməsinə təsir göstərəcək: "Prezidentin Təbrizə səfəri ölkədə olan qarşıdurmanı səngitmək məqsədi daşıyır, hadisələri nəzarətdə saxlamaq üçün atılan addımdır, İranda milli-etnik zəmnində toqquşmaların qarşısını almağa yönələn cəhddir".

Güney Azərbaycan Milli Hərəkat Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu isə bildirib ki, İran prezidentinin Təbrizə səfəri Güney Azərbaycanda gedən milli hərəkatın yüksəlişinə müsbət təsir göstərəcək: "Artıq xalqda inam yarandı ki, öz haqları uğurunda mübarizə aparsa iqtidar onun ayağına gəlmək məcburiyyətində qalacaq və apardığı mübarizədə qarşısına qoyduğu nəticəni əldə edəcək".

C.Bayoğlu qeyd edib ki, prezident Əhmədnejad Təbrizdə Azərbaycan dilində çıxış etmək istəyəndə meydana toplaşanların "Azərbaycan, Azərbaycan" deyə səslərini ucaltmaları adi məsələ deyil: "Bu onu göstərdi ki, xalq artıq "Azərbaycan" deyir, xalq öz dilini, tarixini tələb edir. Eyni zamanda prezidenti türk millətçiliyinin simvolu olan boz qurd işarəsi ilə qarşılayan minlərlə soydaşımız Güney Azərbaycanda milli hərəkatın olduğunu diqqətə çatdırıb".

C.Bayoğlu bildirib ki, prezidentin səfəri Tehranda müzakirə olunmaqla yanaşı milli hərəkat da öz mübarizəsini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti