...

Ekologiya naziri: Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki yanğınlar məqsədyönlüdür

Siyasət Materials 20 İyul 2006 15:11 (UTC +04:00)
Ekologiya naziri: Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki yanğınlar məqsədyönlüdür

Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yanğınları müşahidə edir. Trend agentliyinin məlumatına əsasən, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib ki, ətraf mühitə mənfi təsir Ermənistan siyasətinin arqumentlərindən biridir və bu, düşmənin Azərbaycana olan mənfi münasibətinin daha bir sübutudur.

"Bu yanğınlar məqsədyönlüdür. Ermənistan bilir ki, bu ərazilər ona məxsus deyil və "torpağın yandırılması" strategiyasını həyata keçirməklə öz məqsədlərinə çatır" - deyə nazir vurğulayıb.

H.Bağırov qeyd edib ki, Ermənistanın bəzi rəsmiləri yanğıları təbii hadisə adlandırır, lakin bu məntiqsizdir, çünki bir gecənin içində eyni zamanda 3 və ya 4 yerdə yanğının baş verməsi mümkünsüzdür. "Azərbaycanın bu əraziləri yandırması haqqında bəyanatlar isə heç bir çərçivəyə sığmır, çünki azərbaycanlılar həmin yerlərə daxil ola bilmir. Bizdə peykdən çəkilmiş şəkillər var ki, bunlar yanğınların məhz işğal olunmuş ərazilərdə baş verdiyini sübuta yetirir" - deyə ekologiya naziri bildirib.

Nazir deyib ki, nazirlik Enmənistanın təsdiqlədiyi bir neçə konvensiyaya müraciət hazırlayıb. "Ermənistanın həmin konvensiyalar qarşısında öz öhdəlikləri var və hərbi əməliyyatlardan asılı olmayaraq bu öhdəlikləri yerinə yetirməlidir" - deyə H.Bağırov əlavə edib.

Hazırlanmış sənədlər razılaşdırılmaq üçün Xarici İşlər Nazirliyinə təqdim olunub.

Vəziyyəti şərh edən BMT İnkişaf Proqramının Azərbaycandakı rezident-koordinatoru Marko Borsotti deyib ki, Azərbaycan hökumətindən rəsmi müraciət alındığı halda, onun təşkilatı bu məsələni nəzərdən keçirməyə hazırdır.

"Ətraf mühit milli deyil, qlobal məsələdir. Bu, təkcə bir-iki dövlətə deyil, bütün dünyaya aiddir" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti