Güney Azərbaycanda son aylarda baş verən etiraz aksiyaları zamanı həbs olunmuş azərbaycanlılardan 500 nəfəri hələ də həbsdədir. Bu barədə Trend ə Dünya Azərbycanlıları Konqresindən (DAK) məlumat verilib.
DAK-ın mətbuat xidmətinin rəhbəri Əli Nicat bildirib ki, Güney Azərbaycanda may ayından başlanmış etiraz aksiyalarında öldürülən soydaşlarımızın siyahısının tutulması üçün iş aparılır. Onun sözlərinə görə, İran dövlət orqanları tərəfindən bu faktların araşdırılmasının qarşısı alınır. Belə ki, bütün mənbələrə bu barədə məlumat verilməsi qadağan edilib, həmçinin şəhid olan şəxslərin ailələrinə tapşırılıb ki, hadisələr barədə məlumatları açıqlamasınlar: "Şəhid olan soydaşlarımızın ailələrinə hədə-qorxu gəliblər, təhdid ediblər, ona görə onlar da qətlə yetirilən yaxınlarının etiraz tədbirləri zamanı şəhid olduğunu söyləməkdən çəkinirlər. Hazırda şəhid olanlarla bağlı məlumatların dəqiqləşdirilməsi davam etdirilir. Bizim əldə etdiyimiz məlumatlara görə, may ayından sonra hadisələrlə bağlı ölənlərin sayı 40-dan çoxdur. Amma bizə yalnız 24 nəfərin adı məlumdur".
Ə.Nicatın sözlərinə görə, həbs olunanların ümumi sayı isə 14 min nəfər olub. Onlar arasında qısamüddətli saxlanılanların sayı 3 mindən çox olub. Hazırda isə 500-ə yaxın soydaşımız indi də həbsdədir: "Bəzilərinin məhkəməsi olub və barələrinldə 1, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb, bəzilərinə 2 ay həbs cəzası verilib. Bəzi soydaşlarımızın isə heç məhkəməsi də olmayıb və onlara qarşı heç bir ittiham tapa bilmədikləri üçün 2 aydan artıq boş-boşuna həbsdə saxlayıblar. 2 ay bitdikdən sonra qanunsuz olaraq guya kütləvi iğtişaşda iştirak etməkdə günahlandırılıblar".
DAK nümayəndəsi qeyd edib ki, Güney azərbaycanlılarla bağlı faktlar toplandıqca beynəlxalq təşkilatlara təqdim olunur.