...

Hindistan zərgərlik məmulatlarının Azərbaycana birbaşa tədarükünü təşkil etmək fikrindədir

Siyasət Materials 28 Avqust 2006 14:21 (UTC +04:00)
Hindistan zərgərlik məmulatlarının Azərbaycana birbaşa tədarükünü təşkil etmək fikrindədir

Azərbaycan zərgərlik məmulatlarının istehsalı üçün xammal mənbəyi kimi Hindistan üçün böyük maraq kəsb edir. Trend xəbər verir ki, bu barədə Qiymətli Daşlar və Zərgərlik Məmulatlarının İxracat Təşviqatı Şurasının nümayəndə heyətinin başçısı Sancay Kutari bu gün mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi Azərbaycanın sahibkar və alıcılarını Hindistanın zərgərlik məmulatları ilə tanış etməkdən ibarətdir. "Biz qeyd etmək istəyirik ki, Azərbaycanın Türkiyə və ya digər ölkələrdə aldığı zərgərlik məmulatları əslində Hindistan məhsuludur. Və biz onların Azərbaycana birbaşa tədarükünü təşkil etmək istəyirik", - deyə S.Kutari bildirib.

O qeyd edib ki, Hindistanın zərgərlik məmulatlarının əsas idxalçıları ABŞ və ərəb ölkələridir. Hindistan sahibkarları MDB ölkələri ilə də əməkdaşlıq etmək istərdilər. Lakin onun sözlərinə görə, Hindistanın MDB ölkələri ilə ümumi əmtəə dövriyyəsi təxminən 217 mln. ABŞ dolları təşkil edir və bunun çox az həcmi zərgərlik məmulatlarının payına düşür.

Hindistanın nümayəndə heyəti Azərbaycana gəlməzdən əvvəl Qazaxıstan və Ukraynada olub, sonra isə Gürcüstan və Ermənistana gedəcək.

Hindistanın nümayəndə heyətinin başçısı həmçinin Azərbaycan sahibkarlarını 2007-ci il 30 avqust- 3 sentyabrlf Hindistanda keçiriləcək zərgərlik məmulatları üzrə sərgidə iştirak etməyə dəvət edib.

Mətbuat konfransında çıxış edərkən, Ticarət və Sənaye palatasının vitse-prezidenti Mehman Əhmədov qeyd edib ki, son illər ərzində Azərbaycanın iqtisadi inkişafı nəzərə çarpacaq dərəcədə yaxşılaşıb və bu inkişaf ölkə əhalisinin alıcılıq qabiliyyətini artırır, bu isə, öz növbəsində, xarici sahibkarları ölkəmizə cəlb edir.

Xəbər lenti

Xəbər lenti