...

Ədalət Partiyası qurultayının gələn ilin əvvəlində keçirilməsinə qərar verib

Siyasət Materials 29 Avqust 2006 12:42 (UTC +04:00)

Ədalət Partiyasının növbəti qurultayı gələn ilin əvvəlində keçiriləcək. Bu barədə Trend ə Ədalət Partiyasından məlumat verilib.

Qeyd edək ki, partiyanın qurultayının bu ilin noyabr ayında keçirilməsi nəzərdə tutulmuşdu. Partiyanın Siyasi Şurasının iclasında qurultayla bağlı müzakirələr aparılıb və qərara alınıb ki, qurultay gələn ilə qədər təxirə salınsın. Vaxtın uzadılması partiyanın Məramnaməsinə, Nizamnaməsinə dəyişilklər edilməsi təklifi ilə bağlıdır.

Partiyanın mətbuat xidmətinin rəhbəri Elxan Şükürlünün sözlərinə görə, qurultayda irəli sürüləcək dəyişikliklərlə bağlı rəhbərlik tərəfindən işlər görülür. Partiyada struktur dəyişikliyi də nəzərdə tutulub. Partiya sədrinin birinci müavini postunun yaradılması, dini məsələlər üzrə müavinlik təsis olunması, Siyasi Şura və Məclisin səlahiyyətlərində konkretləşmə aparılması, Məramnaməyə dəyişiklik edib Ədalət Partiyasının sol mərkəzçi partiyaya çevrilməsi təklifləri irəli sürülüb. Partiya fəallarından artıq alternativ Məramnamə layihəsi hazırlayanlar da var. Eyni zamanda qərara gəlinib ki, partiya rəhbərliyinə cəmiyyətdə tanınan, hörmət qazanan gənclər gətirilsin.

Partiyanın Siyasi Şurası ən uğurlu tarix kimi qurultayın 2007-ci ilin əvvəlində keçirilməsinə qərar verib. Qeyd edək ki, bu, sayca Ədalət Partiyasının 4-cü, bərpa olunandan sonra isə 2-ci qurultayıdır. Partiyanın ilk təsis qurultayı 1994-cü ildə olub. 1996-cı ildə Ədalət Partiyası ADP-yə birləşib. 2000-ci ilin 6 noyabrında ADP-dən ayrılıb, 2 iyun 2001-ci ildə bərpa qurultayını keçirib. Nizamnaməyə görə qurultay 4 ildən bir keçirilir.

Xəbər lenti

Xəbər lenti