Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Sloveniyanın Beynəlxalq Etimad fondu Əməkdaşlıq haqqında memorandum imzalayıb. Bu barədə Trend xəbər verir.
Sənəd Fond nümayəndələrinin Azərbaycana səfəri zamanı imzalanıb. Sənəddə ərazilərin minalardan təmizlənməsi sahəsində təcrübə və məlumat mübadiləsi nəzərdə tutulub. Sənədin imzalanması Azərbaycan prezidentinin Sloveniyaya səfəri zamanı Azərbaycan və Sloveniya hökümətləri arasında əldə edilmiş razılıq sayəsində mümkün olub.
Sənədin imzalanma mərasimində Agentliyin direktoru Nazim İsmayılov, Sloveniya Fondunun, eləcə də ABŞ Dövlət departamentinin, ABŞ Marşalının irsi institutunun və Beynəlxalq Rotari klubunun nümayəndələri iştirak edib. Azərbaycana səfər zamanı qonaqlar Mərdəkandakı pansionatda olub. Burada minalardan zərər çəkmiş vətəndaşlar müalicə alır və reabilitasiya kursu keçirlər. Nümayəndə heyəti Azərbaycanda olarkən həmçinin Agentliyin Goradiz və Xanlardakı bölgə bazalarına gedəcək və burada ANAMA-nın yerli əməkdaşlarının işi ilə tanış olacaq.
Sloveniya höküməti, Etimad Fondu, Beynəlxalq Rotari klubu ilə əməkdaşlıq çərçivəsində ANAMA 8 minaaxtaran it əldə edib. İtlər Agentliyin Goradiz və Xanlardakı bölgə bazalarında işləyəcəklər.