...

Prezidentin İcra Aparatının başçısı: Azərbaycanın təhsil sistemində bir sıra ciddi problemlər mövcuddur və onları aradan qaldırmaq lazımdır

Siyasət Materials 5 Sentyabr 2006 12:32 (UTC +04:00)

Azərbaycanın təhsil sistemində bir sıra ciddi problemlər mövcuddur və onları aradan qaldırmaq lazımdır. Trend xəbər verir ki, bu barədə bu gün prezidentin İcra Aparatının başçısı Ramiz Mehdiyev yeni tədris ilinin başlanmasına həsr olunmuş illik müşavirədə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi Azərbaycanın təhsil sisteminə diqqət ayırır, dövlət büdcəsi vəsaitlərinin 25%-i hər il məhz bu sahə üçün ayrılır. Lakin bu sahədə mövcud vəziyyət müasir tələblərə cavab vermir. Prezidentin İcra Aparatının başçısı bəyan edib ki, bu sistemin özündə, həm də idarəetmə sistemində hələ də ciddi problemlər mövcuddur.

R.Mehdiyev təhsilin məktəbəqədər təhsil, ibtidai təhsil, texniki -peşə təhsili və ali təhsil kimi sahələrinin işini ciddi tənqid atəşinə tutub.

"Təhsil Nazirliyinin indiyədək məqsədəuyğun konsepsiyası yoxdur, ibtidai təhsil mühafizəkar mərhələdədir. Pedaqoji kadrların səviyyəsi pedaqoji tələblərə cavab vermir, ölkədə texniki-peşə məktəblərinin vəziyyəti isə çox da yaxşı deyil. Nəticədə ölkənin ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin səviyyəsi çox aşağıdır. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 100 -dən çox bal yığmayan abituriyentlərin sayının ildən-ilə artması bizi xüsusilə kədərləndirir", - deyə R.Mehdiyev qeyd edib.

O, ölkənin ali təhsil müəssisələrinin vəziyyəti haqqında məsələnin üzərində xüsusilə dayanıb. Onun sözlərinə görə, bu təhsil müəssisələrində hələ də korrupsiya kimi neqativ faktlar mövcuddur, Təhsil Nazirliyi isə bunun aradan qaldırılması üçün ciddi tədbirlər görmür. Bununla əlaqədar, R.Mehdiyevin başçılıq etdiyi Korrupsiya ilə mübarizə üzrə Dövlət komissiyası təhsil sistemində mövcud olan bu kimi vəziyyətlərlə mübarizə aparmaq üçün ciddi tədbirlər görür.

Xəbər lenti

Xəbər lenti